Onlayn ictimai-siyasi qəzet
Gənc vaxtı Siyəzəndə işləyəndə tay-tuşlar bir olmuş məzəli əhvalat danışır, gülürdülər. Deməli, bütün nəslin, qonum-qonşunun nəşəxor kimi tanıdığı oğlanın (yaş 26-27) məktəbli bacıoğlusu bir gün gəlib onu muştuluqlayır ki, dayı, bu başdakı dükanda 5 manata anaşa satırlar, özüm gördüm.
(O vədələr Siyəzənin Qubaya tərəf olan hissəsinə “o baş”, Bakıya tərəf olan səmtinə “bu baş” deyirdilər)/”.
Nəşəxor cayıl aldığı xəbərə əvvəl inanmır, deyir, alə, elə şey olmaz. Uşaq and içir ki, vitrində özü oxuyub “anaşa – 5 manat” sözünü. Oğlan cəld ayaqqabısını geyib qaçır mərkəzə, girir adı çəkilən dükana, görür ki, piştaxtada belə bir elan var: ANANAS – 5 MANAT.
İndi ta “anaşa” demirlər, “marixuana”, “ganja” deyirlər. Hələ materialın başqa adları da var: “şey”, “ot”, “qara” və s. Bəzən başqaları başa düşməsin deyə bu narkotik tərkibli bitkinin məhsulunu yeni adla kodlaşdırırlar.
“Nəşə” sözü ona görə sıradan çıxıb. Yoxsa ötən əsrin 30-cu illərində “nəşə” deyəndə hamının ağlı ləzzətli şeylərə, həzzə, şənliyə gedirmiş. Süleyman Rüstəmin “Ələmdən nəşəyə” adlı şeiri də var. (Yeri gəlmişkən, bu günlərdə onun da adını çəkib tərifləyən və ya tənqid edən olsaydı, təzə konsertə baxardıq).
İndinin özündə qardaş Türkiyədə “nəşə” sözü yaxşı mənada işlədilir. Bir də görürsən, kimsə deyir, “bu gün arkadaşlarla acayib nəşələndik”, “Allah nəşəmizi pozmasın”, yaxud “nəşəmiz yerindəydi”-filan. Vallahi, bu sözü bizdə hansı polisin yanında desən, türkün sözü, soluğu karakolda alarsan, yəni səsin polis böıməsindən gələr.
Mənə qalsa, marixuana-filan süni kəlmələrdir, öz gül kimi sözlərimizi işlətməliyik: çətənə, anaşa, tiryək və s. .
Budur, xəbər var ki, bir sürücü maşında nəşə çəkib, polis əməkdaşı salondan gələn iydən şübhələnib və adamı polis şöbəsinə dəvət edib. Ah, necə gözəl səslənir: “dəvət edib”. Sanki polis işçisi nəşəxor sürücüyə belə deyib: “Hörmətli vətəndaş, üzr istəyirəm, lütfən, mənimlə birlikdə şöbəmizə təşrif buyura bilərsinizmi, rica edirəm”. O da deyib: “O nə sözdür, rəis, mən sizin bölməyə sevə-sevə gedərəm. Həmşə getdiyim yer deyilmi...”
Əlbəttə, mükalimə belə olmayıb, necə lazımdır, elə olub - nəşə çəkilməsinə icazə verilməyən bütün ölkələrdə necədirsə, elə.
Özü də nəşəxoru sürücünü yol polisi ifşa edib. Sizə deyim ki, yol polisləri ət yeyən quşu dimdiyindən tanıyırlar. Onlar “spesifik qoxu”lara daha həssasdırlar. Mən özüm sükan arxasında içkili oturmuram deyə rastıma çıxmayıb, amma dostlar and içirlər ki, yola yüz maşın çıxsın, birnin sürücüsü içkili olsun, təcrübəli YPX işçisi o yüz avtomobilin içində məhz içkili sürücünü saxlayacaq. Peşə vərdişi.
Ən pisi odur ki, 16-cı polis bölməsinə aparılmış nəşəxor sürücünün üstünə baxış zamanı marixuana (yəni Latın Amerikasında Mariya və Xuana adlı qızların sata-sata məhurlaşdırdığı anaşa) tapılıb. Bax, bu, artıq vəziyyəti dəyişir. Gərək adamın üstündən istehlak miqdarından artıq şey çıxmasın, çıxdısa, içərinin qapıları açılır.
Daha pisi odur ki, adam nəşəni maşın sürəndə çəkirmiş. Bilənlər deyir ki, “bir baş” nəşə çəkmək təxminən yarım litr araq içməyə bərabərdir. Hərçənd bu, orqanizmə baxır. Elə adamlar var ki, arağı mədəsində əhəng söndürürmüş kimi içir, amma sərxoş olmur, adam da var, qonşu masada içilən arağın iyi gələndə sərxoş olur.
Amma yenə də içki içəndən sonra sükan arxasında oturmaq inzibati xətadırsa, nəşəli-nəşəli maşın sürmək birbaşa cinayətdir.
Son vaxtlar xüsusilə rayonlardan gələn yol xəbərlərində araq sərxoşluğu ilə tutulanlardan çox nəşə sərxoşluğu ilə yaxalananlardan söhbət gedir. Bəzi sürücülər elə bilirlər ki, alkotesterə “hoo” eləyəndə cihaz onların sərxoş olduğunu göstərməyəcək, ona görə də araq içmir, nəşə çəkirlər. Amma sən cihazı aldada bilərsən, “spesifik qoxu”ları salondan alan yol polisini - əsla.
Beləcə, B. adlı sürücünün bəxti ona yar olmayıb, ələ keçib və o, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Yəni adam yenə nəşəsini çəkəcək, Bakıdan çıxmadan maşınını sürəcək, yollarda bizimlə yanaşı gedəcək və ya üzbəüz gələcək. Allah salamatçılıq eləsin, təzədən “Nəşədən ələmə” adlı şeir-meir yazası olmayaq.
P.S. Yeri gəlmişkən, şairin o məşhur şeirinin il misrası belədir: ”Gülə-gülə keçirəm, mən ələmdən nəşəyə...”
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ