İnsanlara hürriyət, millətlərə istiqlal!

"Elə bil, dilindən bal süzülür" – ana dilində danışmaq səadəti yaşayan xalq

Bu gün - 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Günün əlamətdar olmasının tarixi elə də uzaq deyil. Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü mərhum prezident, Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli fərmanı ilə təsis edilib və o vaxtdan bəri qeyd olunur.

Əlifbamız və dilimiz bu günlərə hamar, rəvan, birbaşa yollarla gəlməyib. Bundan əvvəl milli əlifbamız bir neçə dəfə dəyişilib. Klassik yazarlarımızın qəliz ərəb qrafikasından qurtularaq latın qrafikasına keçidə dair arzuları, tövsiyələri ötən əsrin əvvəllərində doğrulsa da, 30-cu illərdə rusifikasiya siyasətinin tərkib hissəsi olaraq əlifbamız latın yazısından slavyan xalqlarının istifadə etdiyi krili əlifbasına dəyişib. Daha sonra, ötən əsrin 50-ci illərinin ortalarında bu əlifbada müəyyən “islahatlar” aparılıb, bir sıra hərflərin yazılışı dilimizin imkanlarına uyğunlaşdırılıb. Ta müstəqillik qazanana qədər xalqımız kiril qrafikasının bir qədər təhrif olunmuş variantından istifadə etməli oldu.

1612507773_1513041937_heydr_ (1).jpg (20 KB)

Dövlət müstəqilliyini qazanandan sonra ölkə ziyalılarının diqqət yetirdiyi məsələlərdən biri də məhz kiril əlifbasından imtina, latın qrafikasına keçidlə bağlı oldu. Müvafiq qərar qəbul olunsa da, bunu dərhal həyata keçirmək mümhün olmadı, tam keçidə 8-10 il vaxt lazım idi. Çünki yazı qrafikasını birdən-birə dəyişmək kütləvi savadsızlığa gətirib çıxara bilərdi, gənc nəslin bu qrafikanı öyrənməsi, latın yazısında nəşr edilmiş ədəbiyyatı oxuması üçün illərlə vaxt lazım idi. O dövrün bir çox qəzetləri yazılarının başlığını, yaxud müəyyən yazılarını latın qrafikası ilə verir, xalqın gözünü bu yazıya öyrəşdirirdi.

3355.jpg (357 KB)

Bundan başqa, “Odlar yurdu” qəzeti hələ sovet dövründən sırf latın qrafikası ilə nəşr olunmağa başlamışdı. Bu qəzet latın və kiril qrafikasını cədvəl şəklində dərc edir, hansı hərflərin bir-birinin qarşılığı olduğu barədə maarifləndirici iş aparırdı.

Nəhayət, 2001-ci ildə Prezident fərmanı ilə tam keşid baş tutdu. Bu tarixi hadisəydi. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz, sarsılmaz olmasının, xalqın bu yolda əzmkarlıqla irəliləməsinin təcəssümü idi.

Yeni əlifbanın tətbiqi müstəqil Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biri oldu. Bundan sonra sovet Azərbaycanında yaradılmış bədii və elmi ədəbiyyat nümunələrinin ən parlaq və lazımlı olanlarının latın qrafikasında nəşrinə start verildi. Bu da iri həcmli iş idi və külli miqdarda maliyyə vəsaiti tələb edirdi. Ancaq dövlət bu xərclərin altına girdi, çünki yeni əlifba ilə yazılan və oxunması zəruri olan ədəbiyyat nümunələri zəngin olmalıydı.

Çin_dilinin_yazılışı.jpg (58 KB)

İrad bildirilə bilər ki, Azərbaycanda tətbiq olunan latın qrafikalı əlifba heç də milli deyil, yalnız cüzi milli özəlliklər daşıyır, əsl milli əlifba rusların, gürcülərin və ermənilərin, ərəblərin tətbiq etdiyidir, bir də Pakistan, Çin, Hindistan, Yaponiya kimi ölkələr öz əlifbalarından istifadə edirlər. Elə olmağına elədir.
Amma əsas məqsəd mədəni dünyaya inteqrasiyadırsa, əlifbanın yeni nəsillər tərəfindən asan öyrənilməsidirsə, o zaman hərfləri qısa xətlərlə fərqli konfiqurasiyalarla yazıb “tam milli və özəl qrafika” yaratmağa nə ehtiyac var? Bu, velosipedi fərqli dizaynla yenidən icad etmək kimi bir şey olar. Dünyanın əksər, ən inkişaf etmiş ölkələri məhz latın qrafikasına dayanan əlifbadan istifadə edirlər və onlardan heç biri bu məsələdə millətçilik xətti tutub, “öz fərqli əlifbamız olmalıdır” deyə baş sındırmırlar. Düz olan da elə budur.

Dil məsələsində isə durum fərqlidir. Milləti millət edən məhz onun dilidir. Yaxın qohum olan xalqlar da istifadə etdikləri yazı və şifahi dilin fərqliliyi ilə seçilir. Bizim dilimiz Ural-Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin qərb qrupuna daxildir. Türkiyədə işlədilən türk dili ilə bizim dilimiz arasında böyük yaxınlıq var, leksikonumuzdakı sözlərin təxminən yüzdə 90 hissəsi bir qədər fərqli tələffüz olunsa da, eyni sözlərdir. Bundan başqa, ana dilimiz Türmənistanda, Özbəkistanda, Qazaxıstan və Qırğızıstanda, eləcə də Rusiya Federasiyasının Altay respublikasında işlədilən dillərlə də yaxındır. Bu ölkələrlə sıx əlaqələrə malik olan şəxslərin dediyinə görə, təxminən 1 ay zəhmətə qatlaşmaq kifayətdir ki, bir Azərbaycan vətəndaşı həmin dillərdə sərbəst danışmağı, fikrini ifadə etməyi, yazmağı öyrənsin.
Millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvəti olan dilimizin dövlət dili statusuna yüksəlməsi onun əbədiyaşarlığının qarantıdır.

555.jpg (337 KB)

Xatırladaq ki, sovet dövründə ana dilimizin inkişafı üçün nə qədər əlverişli şərait (ana dilimizdə orta və ali məktəblər vardı, kitablar, qəzetlər nəşr olunurdu, filmlər çəkilirdi və s.) yaradılsa da, dilimizin dövlət dili statusuna malik deyildi. Paytaxtda və digər iri şəhərlərdə dövlət əhəmiyyətli yazışmalar rus dilində aparılırdı. Hələ ötən əsrin 60-cı illərində Azərbaycan türkcəsninin respublikada dövlət dili statusu almasını tələb edən vəzifəli şəxslər və ziyalılar Kreml tərəfindən cəzalandırılmışdı, onlara “millətçilik” damğası vurulmuşdi, bəziləri (məsələn, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri Mirzə İbrahimov) tutduqları vəzifədən götürülmüş, bəzilərinin (şair Bəxtiyar Vahabzadə) adı “qara siyahı”ya salınmışdı. Halbuki onların başqa iddiaları yox idi, deyirdilər ki, imkan verin, öz evimizdə öz dilimizdə danışaq.

Без названия.jpg (11 KB)

70-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikalarda dil məsələsi yenidən gündəmə gəldi. Bunun əsas səbəbi o idi ki, SSRİ-nin yeni konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi güclənmişdi. Ancaq bu siyasət bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda müəyyən müqavimətlə üzləşdi. 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini cəsarət və qətiyyətlə bildirmişdi. 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdu.
Ancaq ana dilinin dövlət dili olması uğrunda mübarizə təkcə konstitusiyaya xüsusi maddə salmaqla bitmirdi. Bundan ötrü ardıcıl və inadkar olmaq lazım idi, yoxsa hər hansı müddəa kağız üzərində qala, formal xarakter daşıya bilərdi. O dövrdə Azərbaycanın dilçi alimlərinə ayrılan xüsusi diqqət bu məqsədə xidmət edirdi ki, onlar Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən yararlansınlar. Dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.
Müstəqillik dövründə isə dövlət dilinin tətbiqi sahəsində artıq heç bir siyasi baryer qalmadı. Prezident Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalayandan sonra müstəqil Azərbaycan dövlətinin dil siyasəti tam müəyyənləşmiş oldu. İndi onun formalaşması və möhkəmləndirilməsi məsələsi qalırdı. Bu isə zamanla həll olunacaqdı.

1642842528_1615023131_fe.jpg (61 KB)

Bunun ardınca 2002-ci il 30 sentyabr tarixində ölkə parlamentində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edildi. Həmin qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Yuxarıda qeyd olunduğu kimi, Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.

Bu gün Azərbaycan dilinin qorunmasına dair xüsusi dövlət proqramı var. Dövlət başçısının təşəbbüsü və iradəsi ilə qəbul olunmuş bu proqram Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinin və ölkədə dilçiliyin inkişafının təminatçısıdır. Bununla yanaşı, Azərbaycan dilinin elektron məkanda geniş istifadəsini təmin edən tədbirlər də hazırlanıb. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

777.JPG (33 KB)

Bu gün Azərbaycan türkcəsi İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində geniş istifadə olunur. Bu qədər böyük arealda istifadə olunan dilimiz istər-istəməz yad təsirlərə məruz qalır. Prezident İlham Əliyevin dediyi kimi, biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Bu təsirlərin dağıdıcı olmaması üçün soydaşlarımız öz ana dillərini yaxşı öyrənməli, bu dildə danışmaları ilə fəxr etməlidirlər. Dilimizin müəkəmməl bilicisi ümummilli lider Heydər Əliyev vaxtilə deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

Bəzən sosial şəbəkələrdə belə bir iddia irəli sürülür ki, guya Azərbaycan türkcəsi kasaddır, bu dildə rəvan danışmaq, düşüncələri sərbəst ifadə etmək mümkün deyil. Bunlar yanlış qənaətlərdir, bu fikirdə olanlar öz ana dillərini bilmirlər, öyrənməyiblər və onu yadelli dillərin ayağına veriblər. Həqiqətdə isə Azərbaycan dilinə aid lüğətlərə baxmaq, o kitabların səhifələrini vərəqləmək kifayətdir ki, dilimizdə nə qədər çox və ifadəli kəlmələrin olduğunu görəsən. Biz o sözlərdən xəbərsizik, işlətmirik və çox vaxt elə qələmə veririk ki, guya bunlar dialekt sözləridir. Elə deyil. Ötən əsrin ortalarında nəşr edilmiş bədii ədəbiyyat nümunələrində o cür sözləri gen-bol işlənib və bu, onu göstərir ki, həmin ifadələr ədəbi dilimizdə çoxdan var. Biz sadəcə, öz sözlərimizlə danışmalıyıq. Bu məsələdə yazıçıların və jurnalistlərin də üzərinə böyük yük düşür. Onlar ana dilində yazarkən yazılarının çoxsözlü, ifadəli, koloritli olmasına, ədəbi dilin tərəqqisinə çalışmalıdırlar. Mərhum H.Əliyevin dediyi bu sözləri unutmaq olmaz: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.
Başqa dilləri öyrənməyin vacibliyi haqqında yüz dəfə yazılıb, deyilib. Yenidən təkrar etməyək. Əsas odur ki, gənclərimiz xarici dilləri öyrənərkən öz ana dillərini öyrənməyi gözardı etməsinlər. Çünki bura Azərbaycandır, burada dövlət dili Azərbaycan türkcəsidir və dövlət daima bu dillə idarə olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR