Onlayn ictimai-siyasi qəzet
“Qız kəsilməmiş qarpıza bənzər”
(Azərbaycan ata sözü)
12 yaşlı qızını ərə vermək istəyən kişinin həbsi, əlbəttə, dəstəklənəsi addımdır. (Bu, polisin hərəkətini bəyəndiyim nadir hallardan biridir). Görünür, hökumət bu azyaşlı nikahları işində xalqın sərhədləri çox aşdığı qənaətinə gəlmişdir, kimlərəsə dərs vermək istəyibdir, hər halda mən azyaşlı övladını ərə verdiyi üçün tutulan başqa adamı xatırlamıram. “Olmayıb” yazmıram, bəlkə mənim yadıma düşmür?
Elə həbs xəbərinin ardıyca ölkə boyunca minlərlə nişanın geri qaytarıldığının söylənməsi tədbirin effektinə işarədir. Başqa azyaşlıları ərə vermək istəyənlər də çəkinibmiş. Yenə də bu sayın dəqiqliyinə, xəbərin etibarlılıq dərəcəsinə əmin deyiləm. Lakin ola bilməzmi? Ola bilər.
Eyni zamanda, ortada qəribə durum var: 12 yaşlı uşağı ərə vermək istəyən tutulub, onunla evlənmək istəyən isə papağı yan qoyub gəzir. Bu əcaib nişanlının – 32 yaşlı bu erkəyin hər hansı günahı yoxdurmu? Axı 12 yaşlı uşağa ər gözüylə baxmaq özü-özlüyündə elə pedofiliyadır, uşaqbazlıqdır, cinayətdir. Yeri gəlmişkən, Nabokovun məşhur qəhrəmanı olan Lolita elə 12 yaşda idi. Sabirabada bir Nabokov çatışmır, bu hadisələri qələmə alsın.
Əlbəttə, minlərlə azyaşlı ərə verilirsə, ortaya başqa suallar da çıxmalıdır. Məsələn, hörmətli eks vitse-spiker Bahar xanımın liderlik etdiyi Arvad-uşaq komiteti hansı işə yarayır? O cümlədən, icra hakimiyyətlərində küllənən saysız-hesabsız yeniyetmələrlə iş üzrə komissiya sədrləri, məsləhətçilər və psixoloqlar nəyə baxır?
Bəzən biz azyaşlı nikahlarını dinlə bağlayırıq, elə hökumətin bu istiqamətdə dərhal əl-ayağa düşməsi yaxın bölgələrdən gələn təhlükə ilə bağlı ola bilər. İran kimi qədim mədəniyyət ölkəsinin şəriət üzündən düşdüyü halı görürük. Lakin ötən ilin yayında Statistika Komitəsinin azyaşlı nikahlarla bağlı açıqladığı rəqəmlər doğruydusa, vəziyyət bir az başqadır.
Həmin statistikaya görə klassik dini bölgələr saydığımız rayonlar heç ilk onluqda da deyildi. Azyaşlı nikahlarına görə 1-ci yerdə Şəmkir gedirdi: 18 nəfər.
Burada oxucular təbii sual verə bilər ki, necə olub hökumət belə nikahları qeydə alıb, hələ statistikasını da açıqlayır? Sadəcə, bizim Ailə Məcəlləsinin 10-cu maddəsinə görə nikah yaşı hər iki cins üçün 18-dir, ancaq üzrlü səbəblər-zad olsa (bunun özü çox yayğın ifadədir və korrupsiya, qanunsuzluq üçün imkanlar açır), yerli icra hakimiyyətinin icazəsiylə bu yaş 1 il azaldıla bilir. Yəni, yuxarıdakı statistikada 17 yaşda evlənən və ərə gedənlərdən söz açılır.
Dönək hesabata. 2-ci yerdə 17 nikahla Ağcabədi idi, Sabirabad yalnız 3-cü yerə çıxmışdı – 15 nəfər. Qalan ardıcıllıq da bu cür idi: Yevlax -14, Ağdaş – 11, Samux – 10, Gəncə - 9, Tovuz – 9, Qobustan – 8, Quba – 7, Abşeron, Ağdam, Şəki, Şabran, Bərdə və Zərdab – hərəsində 6 və sairə. Bütün Bakıda 13, Naxçıvanda isə 5. Lənkəran, Masallı və Yardımlı – hərəsində cəmi 4. İmişli kimi az qala hər kəndə bir seyid düşən rayonda isə 1 nəfər.
Gördüyümüz kimi, azyaşlı nikahlarında dinin rolu bu hesabatdan çıxmır. Bəs nə çıxır? Məsələn, Şəmkir və Ağcabədini gənc kişilərin Rusiyaya kütləvi miqrasiyası birləşdirir. Şimal qonşumuzun ərazisində yalan olmasın, bir xutor, bir kənd də tapa bilməzsən ki, orada qabağına bir ağcabədili və ya şəmkirli çıxmasın. Niyə gedirlər? Çünki öz vətənlərində dolanışıq, pul qazanmaq imkanı yoxdur. Bu gənclər gedib orda beş-on rubl qazanır, “Nataşa” ilə gəzib-dolaşır, sonra “vətən sevgisi”, “ana segahı” baş qaldırır, qayıdıb doğma yurddan da bir sütül, namuslu-qiryətli qız alırlar. Alıb evə qoyub gedirlər, ya aparırlar – bu başqa temadır və əsasən Xoşqədəm xanımı düşündürür.
Azyaşlı nikahlarının, bu pedofiliyanın əsas səbəbi iqtisadiyyatdır. Prinsipcə, dini cəhalətə yuvarlanmağın da bazisində, əsasında yoxsulluq durur, ancaq bu birbaşa səbəb deyil, həm də yenə başqa temadır.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ