İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekofəalların aksiyasından Rusiya necə istifadə edir?

Moskvaya prosesləri daha da qızışdırmaq, yaxud da sülhməramlıların bölgədə qalmaq müddətinin uzadılması lazımdır

Laçın yolunda ekofəalların aksiyası davam etsə də, Azərbaycanın haqlı tələbləri ilə bağlı heç bir reaksiya yoxdur. Xankəndidəki qondarma rejimin nümayəndələrinin və İrəvan rəsmilərinin açıqlamalarından hiss edilir ki, onlar yolun bağlı olması haqda beynəlxalq hay-küydən məmnundurlar və prosesi öz xeyirlərinə dəyişdirdiklərini, Azərbaycana qarşı təzyiqlərin artacağını hesab edirlər.

Rusiyanın da mövqeyi aydın deyil. Sülhməramlılar ekofəallara xüsusi maneə yaratmasalar da, Qarabağdakı komandanlıq “yoxa çıxıb”. Yalnız bilinən odur ki, Rusiya həm İrəvana, həm də Bakıya öz təkliflərini verir və cavab gözləyirlər. ABŞ-da yaşayan siyasi ekspert Ərəstun Oruclunun bu kontekstdə şərhi diqqət çəkir. Siyasi ekspertin fikrincə, Qərb mediasının və ictimai təşkilatların “blokada” ətrafında yaratdığı rəy Moskvaya rəvac verir ki, Şuşa-Xankəndi yolundakı etirazçıların tələblərinə rədd cavabı versin: “Və hətta ola bilsin, aksiyaçılara qarşı müəyyən addımlar da atsın, bir güc tətbiqinə də rəvac versin, şərait yaratsın... Biz onu da dəfələrlə demişik ki, bu gün Qarabağda, eləcə də Ermənistanla sərhəddə güc əməliyyatı, hərbi qarşıdurma yalnız Rusiyanın marağındadır. Kreml bölgəyə əlavə qüvvə, kontingent yerləşdirmək üçün bir rəvac, bəhanə axtarır”.

Ekspert deyib ki, Rusiyadan Qarabağdakı ekotəhlükə ilə bağlı davamlı şəkildə izahat tələb edilməlidir: “Amma gördüyümüz kimi, hələlik Rusiyaya bir nota verilib və bunun davamı yoxdur”.

Daha bir ekspert Azər Qasımov isə “Turan”a deyib ki, Rusiya bu aksiyadan Qarabağda sülhməramlı kontingentə daha çox ehtiyac duyulduğu rəyini möhkəmlətmək üçün istifadə edir. “Ermənistanda millətçilər, Rusiyaya bağlı olan siyasətçilər bəyan edir ki, Rusiya sülhməramlıları olmasa, Azərbaycan hücum edəcək, humanitar böhran yaradacaq”, - A.Qasımlı əlavə edir.   “Rusiyanın ekofəlların aksiyasında maraqları nə”?

Qərbi Azərbaycana Qayıdış Birliyi bəyanat yayıb

Züriyə Qarayeva

Politoloq Züriyə Qarayeva sülhməramlı qüvvələrin ekoloji aksiyadan hər hansı divident qazana biləcəklərini ehtimal etmir: “Əvvəla, bölgədə bu cür etirazların olması ilk növbədə Rusiyanın sülhməramlı missiyasına kölgə salır. Digər tərəfdən, etirazlarda ittiham olunan başlıca tərəf məhz Rusiyadır. Çünki erməni separatçılarının təmizlənməsi də, bölgədə təxribatların səngiməsi də, birgəyaşayışın təmin olunması da, eləcə də üçtərəfli bəyanatın maddələrinə uyğun digər məsələlərin icrasında məsul tərəf məhz Rusiyadır. Əgər məsuliyyət yerinə yetirilmirsə, bu zaman hərbçilərin ölkə ərazisindən çıxarılması prosesi sürətlənmiş olur. Beynəlxalq hüququn prinsipləri də əsas verir ki, Azərbaycan istənilən anda ərazisində olan başqa ölkənin hərbi qüvvələrini çıxarsın. Bu baxımdan müvafiq proseslər sülhməramlılara ehtiyacın olmasını deyil, olmamasını qüvvəyə gətirmiş olur. Məhz bu narahatlıqdan dolayıdır ki, bu gün Rusiya mediasında jirinovskisayağı ekspertlərin sayı durmadan artır. Ölkəmiz əleyhinə təxribat dolu açıqlamalar səslənir”.

Kreml “Biz hələ bütün silahları işlətməmişik” hədəsini təzələdi

Rəhim Əhmədzadə

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Rəhim Əhmədzadə deyilən bəzi fikirlərlə razı deyil: “İlk növbədə onu  qeyd edim ki,  iki fikirlə razı deyiləm.

Laçın yolunda ekofəalların aksiyası davam etsə də, Azərbaycanın haqlı tələblərinə ilə bağlı heç bir reaksiya yoxdur;

Bu aksiyalar yalnız Rusiyanın faydasınadır.

Əslində hər iki qeyd etdiyim məqam, bir-biri ilə bu və ya digər şəkildə bağlıdır. Niyə belə söylədiyimi bir az açıqlayım. Birincisi, ekofəalların haqlı tələblərinə reaksiyalar olmamış olsaydı, erməni diasporları və digər ermənipərəst qüvvələr bu qədər canfəşanlıq göstərib, bütün dünyanı ayağa qaldırmazdı. Demək ki, bu aksiyada iştirak edənlər və təşkilatçılar doğru yoldadırlar. Nəticə bizim tam da istədiyimiz kimi olmaya bilər, ya da bu gün olmaya bilər. Ümumilikdə baxdıqda isə bu aksiyanın gələcəkdəki faydalarını indidən də görmək olur. Bu aksiyalar mesaj xarakterlidir. Erməniləri müdafiə edənlər görür ki, “lazım gələrsə” ifadəsi Azərbaycan üçün hər zaman aktuallığını qorumağa davam edir. Eyni zamanda xatırlayırsınızsa, biz Vətən müharibəsinə başlayanda bunun doğru olmadığını, əksinə, bütün dünya bizi təkləyəcək, bizim  buna gücümüz yoxdu deyənlər var idi. Nəticə isə məlumdur. Və ya Azərbaycan daxilində rusiyameylli adamlara qarşı hər hansı addım atılanda buna yaxın şərhlər görmək olur. Bir sözlə, artıq bu psixologiyadan çıxmağın zamanı çoxdan gəlib. Azərbaycanın Rusiyanın başı Ukrayna müharibəsinə qarışdığı bir zamanda bu şəkildə fəaliyyət göstərməsi tamamilə doğrudur. Dekabrın 21-də “Azərbaycan Ordusu Xankəndinə niyə girmir” deyənlər, bu gün “Azərbaycan niyə yolu bağlayır” deyir. Hər mövzunu da aparıb, Rusiyaya bağlayırlar. Bu, müstəmləkə təfəkkürüdür. Artıq tamamilə bu təfəkkürdən qurtulmaq lazımdır".

AMIP-in YENI SƏDRİ ƏLİ ORUCOV OLACAQ? - Azinforum.az İnformasiya Portalı

Əli Orucov

AMİP liderinin köməkçisi, siyasi ekspert Əli Orucov Laçındakı aksiyanın öz məqsədlərinə çatdığını söylədi: “Azərbaycanın ekofəallarının Laçın dəhlizinin qarşısında dekabrın 12-dən keçirdiyi haqlı etiraz aksiyası, məncə, öz məqsədinə çatmaqdadır. Məsələ ondan ibarətdir ki, Azərbaycan tərəfi dünyanın diqqətini həm ermənilərin bu gün də həyata keçirdiyi ekoloji terrora diqqəti cəlb edə bildi, həm də Qarabağda məskunlaşan ermənilərdən manipulyasiya edən qüvvələrə mesaj verdi ki, hər hansı bir təzyiq rəsmi Bakının iradəsini sındıra bilməz. Eyni zamanda erməniləri və Rusiyanı üçtərəfli razılaşmaların tamamilə yerinə yetirilməsinin hansı fəsadlar doğuracağı xəbərdarlığı edildi. BMT Təhlükəsizlik Şurası - baxmayaraq ki, Ermənistan bunu diplomatik uğuru hesab edir - Laçın dəhlizi ilə bağlı heç bir sənəd qəbul etmədi və Azərbaycana qarşı hansısa ciddi təzyiq doğuracaq addım atmadı. Hər həftə hər hansı sənəd qəbul olunsa da, bu, dekorativ, tövsiyə xarakteri daşıyacaq. Lakin bununla belə, Laçın dəhlizində etirazlardan Rusiya da təbii ki, öz maraqları üçün istifadə edir. Əsasən də ermənilərə göstərir ki, onlar olmasa Azərbaycan erməniləri çıxarar, hansısa faciələr yaşadar və s. Rusiyanın məqsədi müvəqqəti yerləşdiyi ərazidə hərbi kontingentinin sülhməramlı qüvvələr pərdəsi ilə daha uzun müddətli saxlamaqdır, yaxud da heç oradan çıxmamaqdır. Ona görə də dəhlizi ruslar bağlayıb, azərbaycanlı aktivistlər yox. Rəsmi Moskva ermənilərlə bu məsələdə sinxron və əlaqəli fəaliyyət göstərir. Moskvaya prosesləri daha da qızışdırmaq, yaxud da sülhməramlıların qalmaq müddətinin uzadılması lazımdır. Hesab edirəm ki, Azərbaycan çalışmalıdır ki, Qarabağda məskunlaşan ermənilərlə birbaşa dialoqa və təmaslara nail olsun. Rusiyanın Xankəndidəki terrorçu separatist emissarlarının girovluğundan onları xilas etsin. Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının çoxu da indiki durumlarında məmnun deyil. Fikrimcə, erməni dilini bilən azərbaycanlıları bu proseslərə daha yaxından cəlb etməkdə fayda var.

Moskva hər vəchlə rəsmi Bakı ilə İrəvan və Xankəndi arasında oynamaqla və ziddiyyətləri, gərginliyi artırmaqla özünü həm sülh qoruyucusu kimi göstərmək istəyir, həm regionda mövcudluğunu saxlamaq, həm də beynəlxalq aləmə önəmli faktor olduğunu göstərmək istəyir. Məncə, Azərbaycan çətin də olsa mümkün qədər Xankəndinə giriş əldə etməli, oranı öz nəzarətinə götürməlidir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR