İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ədəbiyyat dərsliklərində hərbi vətənpərvərliyin təbliğatı qənaətbəxş deyil”

Məleykə Əlizadə: “Arxiv materiallarının yenidən işlənməsinə ehtiyac var”

“Gənclər arasında vətənpərvərliyi təbliğ etmək üçün xüsusi dövlət proqramları olmalıdır. O cümlədən ailə institutunda da buna diqqət yetirmək lazımdır. Vətənpərvərliyi tərbiyə ilə aşılamaq lazımdır”.

Bu fikirləri tarix elmləri üzrə fəlsəfə doktoru, təhsil eksperti Məleykə Əlizadə “Yeni Müsavat”a gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi mövzusunda danışarkən bildirib. O qeyd edib ki, dil açdığı andan dövlət atributlarını tanımalıdır: “Uşaq dil açmağa başlayandan Dövlət himninin sözlərini öyrətmək, Vətən, torpaq anlayışlarını anlatmaq lazımdır. Eyni zamanda məktəbəqədər təhsil müəssisələrində, o cümlədən orta ümumtəhsil məktəblərində bu, tədris olunmalıdır. Bu gün Azərbaycanda demək olar ki, bütün dərsliklərdə bununla bağlı müəyyən mövzular tədris olunur. İstər ibtidai siniflərdə, istərsə də 5-ci sinifdən başlayaraq bu mövzuya yer verilir. Məktəbdənkənar fəaliyyət göstərən dərnəklər də var. Azərbaycanın 20 faiz ərazisi 30 il müddətində işğal altında olub. Bu fakt gənc nəslin vətənpərvərlik ruhunda böyüdülməsini zəruri etmişdi. Azərbaycan tarixinin daha diqqətlə tədqiq edilməsinə, arxiv materiallarının yenidən işlənməsinə ehtiyac var. 44 günlük müharibədə şəhid olanların əksəriyyəti çox gənc nəslin nümayəndələri idi. Bu, gənc nəslin kifayət qədər vətənpərvər ruhda yetişdiyinin göstəricisi idi. 2016-cı ildə Aprel döyüşləri zamanı müxtəlif yaş təbəqələrindən olanlar könüllü yazıldılar. 2020-ci ilin iyul hadisələrindən sonra da eyni vəziyyət yarandı. Vətənpərvərlik genetikada olur.

meleyke.jpg (66 KB)

O ki qaldı təbliğata, bununla bağlı daim məlumat verilir, proqramlar həyata keçirilir, dərsliklər vasitəsilə tədris edilir. 44 günlük müharibədən sonra həm Azərbaycan, həm də rus bölmələrində ”Zəfər tarixi" dərsliyi tədris edilməyə başladı. Müharibənin davam etdiyi 44 gündə baş verənlər tam təfsilatlı tədris olunur. Araşdırılaraq dərsliyə yazılan məlumatların tarixdə qalması baxımından bu çox önəmlidir. Eyni zamanda hesab edirəm ki, Təhsil Nazirliyi ümumtəhsil məktəblərində tədris olunan istər Azərbaycan tarixi, istərsə də digər fənlərin məzmununa bir daha baxmalıdır. Nəinki oğlanlar, qızlarımız da hərb sənətinə bələd olmalıdırlar. Azərbaycan hərb sənətində tanınmış şəxsiyyətlərin həyatı ilə tanış olsalar, yaxşı olar. Şagirdlərə bununla bağlı araşdırmalar verilsə, təbliğat güclü olsa, məqsədəuyğun olar. Təəssüf edirəm ki, son illərdə hərbi-vətənpərvərlik mövzusunun xüsusilə ədəbiyyat dərsliklərində təbliğatı qənaətbəxş deyil. İstərdim ki, bu mövzuda sifarişlər olsun. Yazıçılarımız, şairlərimiz mənalı, şagirdlərin qavrayacağı məzmunda nəsr və nəzm əsərləri yazsınlar. Eyni zamanda coğrafiya dərsliklərinə işğaldan azad edilmiş ərazilərimizin coğrafiyası, iqtisadiyyatı ilə bağlı yaxşı mövzular salmaq olar. Hətta şagirdləri tədqiqatlara cəlb etmək olar. Biz elə bir zamanda yaşayırıq ki, şagirdləri əzbərçilikdən daha çox müstəqil araşdırmalara cəlb etməliyik".

M.Əlizadə sentyabrın 12-dən 13-ə keçən gecə erməni silahlı qüvvələri tərəfindən törədilən təxribatları da şərh etdi. O, bildirdi ki, düşmənlərin növbəti təxribatı onların əsl niyyətlərini bir daha göstərmiş oldu: “Bugünlərdə eşitdiyim bir fakt məni çox təəccübləndirdi. ABŞ-in məşhur universitetlərindən birində siyasətçilər yetişdirən bir proqram var. O proqramda ermənilər daha çoxdur, cəmi bir nəfər azərbaycanlı var. Təəssüf ki, o proqramı bitirən erməni gənclər belə dərk etmirlər ki, Azərbaycan regionda öz sözünü deyən güclü dövlətə çevrilib. Azərbaycan zəfər qazanmış qalib dövlətdir”.

Nigar HƏSƏNLİ

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR