İnsanlara hürriyət, millətlərə istiqlal!

Eçmiədzindən Azərbaycana həyasız iddia – Hadrutdakı erməni kilsəsi dağıdılıb?

Ermənistanın və erməni lobbisinin 44 günlük Vətən savaşından sonra Azərbaycana qarşı təbliğat kampaniyası son vaxtlar daha iyrənc xarakter almaqdadır. Beynəlxalq rəyi çaşdırmağa yönəlik bu kampaniyanın mühüm tərkib elementlərindən biri də guya “qədim erməni məskəni artsax”da erməni “dini-mədəni irsi”nin dağıdılması ilə bağlıdır. Bu da növbəti cəfəng iddia.

“Azərbaycanlılar Dağlıq Qarabağın Hadrut rayonunun “Moxrenes” kəndində XVIII-XIX əsrlərdə tikilmiş erməni kilsəsini dağıdıblar. ABŞ-ın Kornell Universitetinin Qafqaz İrsi İzləmə Araşdırmaları Mərkəzi tərəfindən yayımlanan peyk görüntüləri dağıntılara şahidlik edir”.

Belə bir uydurma ilə Eçmiədzindəki dini qurum çıxış edib. Bəyanatda “kilsənin dağıdılması mədəni soyqırım” adlandırılır.

Erməni katolik kilsəsi hesab edir ki, məqsəd guya “Dağlıq Qarabağı tarixi kimliyindən, erməni irsindən və erməni mənsubiyyətinə dair sübutlardan məhrum etməkdir”. Qurum beynəlxalq ictimaiyyəti və səlahiyyətli strukturları bu “cinayət”ə qiymət verməyə və “Azərbaycanın nəzarətində olan Dağlıq Qarabağda erməni mədəni, tarixi və dini irsinin qorunması üçün” təsirli tədbirlər görməyə çağırıb. Qeyd edək ki, bənzər iddia az öncə Şuşadakı kilsə ilə bağlı də qaldırılmışdı.

Millət vəkili, tarix elmləri doktoru Musa Qasımlı mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi:

“Ermənilərin, xaricdəki erməni təşkilatlarının və erməni lobbisinin zaman-zaman belə məsələləri qaldırması təsadüfi deyil, bəlli səbəbləri var. Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərindən ordumuz tərəfindən qovulub çıxarılıb, əzilib, məğlub edilib. Hərbi, iqtisadi və siyasi baxımından Ermənistan Azərbaycanla tən gələ bilmir. Belə olduqda həm Ermənistan, həm də erməni təşkilatları, həm də erməni lobbisi hansısa üsullardan istifadə etməlidirlər. İki üsul qalır. Onun biri terror, ikincisi dünya xristianlarının dini hisslərindən istifadə edərək, guya erməni kilsələrinin tarix və mədəni abidələrinin dağıdıldığını gündəliyə daşımaqdır.

Bu yaxınlarda Vaşinqtonda səfirimizin maşınının gülləboran edilməsi erməni terrorunun yaxın illərdə genişlənəcəyindən xəbər verir. Yəni erməni ünsürü yenidən terroru həyata keçirməyə başlayır. Əslində bu terror heç bir zaman dayanmayıb. Bunun genişlənəcəyini də gözləmək olar.

İkincisi, Ermənistan özünə yazıq obrazı yaratmaqdan ötrü kilsələrin guya dağıdıldığını söyləyir. Amma əslində belə deyil. Ermənistan işğal etdiyi ərazilərdə olan bütün kilsələrə iddia edə bilməz. Çünki ermənilər o ərazilərə gəlmədirlər, aborigen deyillər. Onların Azərbaycan torpaqlarına yerləşdirilməsinin 150 illiyi ilə bağlı 1978-ci ildə abidə qoyulmuşdu. Özləri etiraf etmişdilər ki, 1828-ci ildə Azərbaycan ərazilərinə köçürülüblər. Sonradan münaqişə başlayanda həmin abidəni sökdülər. Axtarış verib həmin abidənin əvvəl yaradılmış variantının şəkillərini də görə bilərik”.

Professor qeyd etdi ki, işğal dövründə ermənilər özlərinə aid olmayan kilsələrin hamısını dağıdıblar:

"Bu ərazilər qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının tərkibindı olub və bu ərazilərdə tikilən kilsələr işğaldan əvvəlki Qafqaz Albaniyası xalqlarına aiddir. Ona görə bu ermənilər Hadrutda və digər yerlərdə kilsələri dağıdıblar. O ki qaldı Azərbaycanın ermənilərə aid tarix və mədəniyyət abidələrini dağıtmasına, dünya bundan absurd bir iddia eşitməyib. Ona görə ki, bu gün Bakının mərkəzində erməni kilsəsi var və 5 min kitab da kitabxanasında saxlanılır. Ermənistanda - azərbaycanlıların tarixi torpaqlarında bircə dənə də olsun tarix, mədəniyyət abidəsi, məscid, qəbiristanlıq saxlanmayıb. Bu, erməni barbarlığının bariz nümunəsidir.

Azərbaycanda bütün dinlərə bərabər münasibət bəslənilir. Cənab prezidentimiz İlham Əliyev Şuşaya gedərkən ilk səfərində Qazançı kilsəsinə getdi, şam yandırdı. Bu, o anlama gəlirdi ki, Azərbaycanda bütün dini konfensiyalara, inanclara hörmət bəslənilir. Bu o deməkdir ki, ermənilərin bütün iddiaları tamamilə əsassızdır. Ona görə ermənilər xristianların dini inanclarını istismar etmək istəyirlər. Amma bu da hüquqsuzdur”.

Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı:

“Vətən müharibəsində qələbəmizdən sonrakı dövrdə Ermənistan Azərbaycana qarşı apardığı təbliğatı bu gün də aparır. Bu gün daha kəskin formada. Qərbdə ermənilər bu tezisi davamlı təbliğ edirlər, “işğal altında olan “arstax” ərazilərində erməni mədəniyyətinə qarşı Azərbaycan vəhşiliyi”. Söhbət bizim azad etdiyimiz ərazilərdən gedir. Bununla da qərb dairələrini inandırmağa çalışırlar ki, guya biz oradakı abidələri dağıtmışıq.

Əslində mənzərə belədir: bu ərazilərdə heç vaxt erməni kilsələri olmayıb. Buradakı kilsələr hamısı alban kilsələridir. Sonradan o kilsələri erməniləşdiriblər, saxtalaşdırıblar. Saxtalaşdıra bilmədiklərini isə dağıdıblar, uçurublar. Misal üçün, mən Cəbrayılı təmsil edirəm. Cəbrayılda heç vaxt erməni kilsəsi olmayıb. Amma ermənilər Cəbrayılı işğal etdikdən sonra orada yarımtikili bir kilsə tikiblər. Bunu da o məqsədlə etmişdilər ki, iddia etsinlər ki, bura qədim Ermənistan ərazisi olub. Hadrutdakı kilsələrin də mütləq əksəriyyəti qədim alban kilsələridir. Bu gün ermənilərin iddia etdikləri kilsələrin hamısı alban kilsələridir. Bu gün Azərbaycan tərəfindən heç bir erməni kilsəsi işğaldan azad olunmuş ərazilərdə dağıdılmayıb. Hətta Şuşadakı erməni kilsəsi bu gün Azərbaycan dövləti tərəfindən təmir və bərpa olunur.

Təəssüflə qeyd etmək lazımdır ki, 67 məscidin dağıdılmasının, yüzlərlə alban kilsəsinin saxtalaşdırılmasına reaksiya verməyən bəzi Qərb dairələri bu gün iddia edirlər ki, guya bu ərazilərdə erməni abidələri dağıdılıb. Bu təbliğatın kökü Ermənistandan, erməni kilsəsindən qaynaqlanır. Əfsus ki, bəzi Qərb dairələri onların o fikirlərinin yaranmasında onlara dəstək göstəriblər. Yenə də Azərbaycana qarşı düşmənçilik təbliğində, düşmənçiliyin davam etdirilməsində erməni kilsəsi böyük rol oynayır. Əlbəttə, bu iddiaların heç bir əsası yoxdur. Azərbaycanın dini ibadət yerlərini dağıdan ermənilərdir, erməni terrorçuları, quldur dəstələridir. Bu tarix boyu Ermənistanın siyasətində açıq şəkildə özünü göstərib. Biz kilsələri dağıdan yox, təmir edən ölkəyik. Bakının bir kəndirində erməni kilsəsi uzun illərdir fəaliyyət göstərir. Hətta müharibə dövründə biz bu kilsəyə dəymədik. Belə bir tolerantlığı, dözümlüyü olan bir ölkə erməni kilsəsini necə dağıda bilər?! Əgər belə planımız vardısa, Bakıdakı kilsəni də dağıdardıq. Azərbaycan bunu etməyib, etməz də. Ermənilərin bu iddialarının heç bir əsası yoxdur. Bu erməni propaqandasının tərkib hissəsidir”.

Qeyd etmək yerinə düşər ki, ermənilər tərəfindən Dağlıq Qarabağ və ətraf rayonlarda rəsmi fəaliyyət göstərən 67 məscidin 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınıb. İşğaldan azad olunmuş ərazilərə Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə abidələrin və mədəniyyət müəssisələrinin monitorinqini də aparıb. Məlum olub ki, müəssisələrin hamısı demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir. Burada, Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır. Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilib. Ağdam şəhərində yerləşən Pənahəli xanın (XIX əsr) və Mehdiqulu xanın türbələrinin dağıntılara məruz qoyulduğu, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan vurulduğu müəyyən olunub. İbrahimxəlil xanın türbəsi (XIX əsr) isə tamamilə dağıdılıb. Eyni zamanda, Kəlbəcər rayonunda yerləşən Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla Qafqaz Albaniyasına aid bir çox məbədlər mənimsənilərək vandalizmə məruz qalıb. Xudavəng monastırına aid Arzu xatun kilsəsinin şərq divarındakı, Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülüb. Gəncəsər monastırında aparılmış qanunsuz təmir işləri nəticəsində onun əzəli görkəminə zərər dəyib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR