Onlayn ictimai-siyasi qəzet
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə növbəti görüş keçirildi. Görüşün həm məkanı, həm də formatı diqqət çəkirdi: təkbətək, müşavirsiz, bağlı qapılar arxasında və düz 5 saat davam edən danışıqlar.
Azərbaycan və Ermənistan liderləri arasında keçirilən bu görüş sülh gündəliyinin ən mühüm istiqamətlərinə həsr olunub: sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması.
Rəsmi açıqlamalara görə, danışıqlar konstruktiv atmosferdə keçib və müxtəlif işçi qruplar səviyyəsində davam etdirilməsinə razılıq verilib. Liderlər əldə olunmuş razılaşmaları möhkəmləndirmək üçün müvafiq dövlət komissiyalarına yeni tapşırıqlar da veriblər.
Azərbaycan XİN-in yaydığı məlumatda vurğulanır ki, normallaşma prosesinin ən səmərəli yolu məhz bu cür ikitərəfli, nəticəyönümlü dialoqlardır və tərəflər belə formatın davam etdirilməsində razılığa gəliblər. Ermənistan tərəfi də görüşdə sərhəd məsələsində irəliləyiş olduğunu təsdiqləyib.
Son ayların hadisələri göstərir ki, Azərbaycan artıq hərbi-siyasi üstünlükdədir və sülh sazişi üçün təzyiq edən tərəfdir. Sərhəddəki son delimitasiya prosesləri də bunu sübut etdi: Ermənistan faktiki olaraq Azərbaycanın diktə etdiyi xətlərlə razılaşmağa məcbur oldu. Eyni zamanda, Bakı Zəngəzur dəhlizinin açılması məsələsində də mövqeyini dəyişmir və bunu təkcə regional deyil, qlobal nəqliyyat layihəsinin tərkib hissəsi kimi də görür.
Əgər görüşün nəticələrinə baxsaq, əsas pozitiv məqam odur ki, tərəflər dialoqu davam etdirmək və etimad quruculuğu tədbirlərini gücləndirmək barədə razılaşıblar. Sərhəd məsələsində əldə edilən irəliləyiş isə tərəflərin kompromisə hazır olduqlarını göstərir. Əgər Paşinyan daxildəki təzyiqlərə tab gətirib bu razılaşmaları reallaşdırsa, sülh sazişinə doğru daha ciddi addımlar atıla bilər.
Əbu-Dabidəki 5 saatlıq təkbətək görüş heç şübhəsiz normallaşma prosesinin mühüm mərhələsidir. Belə görünür ki, sülhün əsl dəyəri bundan sonrakı aylar ərzində veriləcək qərarlarda və atılacaq əməli addımlarda ölçüləcək.
Politoloq Tofiq Abbasov Musavat.com-a açıqlamasında bildirib ki, görüşün üstün cəhəti ondan ibarətdir ki, Paşinyan hökuməti artıq geri çəkilə bilməyəcək:
“Ortaya elə bir xətt çəkildi ki, bundan sonra geri dönüş mümkün olmayacaq. Ermənistanın daxili ab-havasında belə bir mənzərə görünür ki, onlar gecikdiklərini anlayırlar. Görürlər ki, Azərbaycan durmadan irəli gedir, Ermənistan isə nəinki yerində addımlayır, hətta geri gedir. Bu olmasın və Ermənistan inteqrasiya proseslərinə qoşulsun deyə artıq sülhün ən optimal variant olduğunu Paşinyan anlayır.
Burada kənar təsirləri də nəzərə almaq lazımdır. Ermənistan Rusiyadan uzaqlaşıb, ABŞ-i ilə yaxınlaşır. Təsadüfü deyil ki, dövlət katibi nikbin bəyanat verərək deyir ki, Azərbaycan-Ermənistan danışıqlarının müsbət nəticə verəcəyinə inanır.
Əlbəttə, belə bəyanatlardan sonra Ermənistan proseslərə daha ciddi yanaşacaq. Həm də Nikol Paşinyanın daxildəki vəziyyəti kövrək olsaydı, bu görüşə razılıq verməzdi. O, Ermənistanda ictimai-siyasi vəziyyəti kifayət qədər nəzarətdə saxlayır, bir çox rəqiblərini həbs etdirərək zərərsizləşdirib. Kilsəyə isə təzyiqləri davam etdirir. Bir sözlə, Nikol Paşinyanın repressiya aparatı öz işini görür. O, əminliklə Əbu-Dabiyə gəldi və danışıqlar baş tutdu.
İlk təəssürat da odur ki, Paşinyan bundan sonra geri çəkilməyəcək. Bu görüş sülh istiqamətində böyük balans yaradacaq”.
Şahanə Rəhimli
Musavat.com
11 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ