İnsanlara hürriyət, millətlərə istiqlal!

Düyünə düşən yeddinci parlament seçkisi - yaxın 60 gündə...

Növbətimi olacaq, yoxsa növbədənkənarmı?

Azərbaycanda yeddinci parlamentin 2024-cü ilin sentyabr ayında seçilməsi gözlənilir. Bu, altıncı parlamentin buraxılacağı anlamına gəlir. Qeyri-rəsmi məlumata görə, iyunun sonunda parlamenti buraxmaq, sentyabrın əvvəlinə növbədənkənar seçki təyin etmək planı var.

Novator.az bildirir ki, dövlət müstəqilliyi 1991-ci ildə bərpa olunan Azərbaycanda parlamentin - Milli Məclisin səlahiyyət müddəti 5 ildir. Birinci parlament seçkisindən (12 noyabr 1995) sonra qüvvəyə minən konstitusiya seçkilərin noyabr ayının ilk bazar günü keçirilməsini müəyyən edib, 2000, 2005, 2010 və 2015-ci illərdə parlament həmin hökmə uyğun seçilib.

2016-cı ildə yenilənən konstitusiya prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verib. 2019-cu il noyabrın 28-də Prezident İlham Əliyevin sədrlik etdiyi, parlamentdə ən çox deputatla təmsil olunan Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması təşəbbüsünü qaldırıb. Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması, növbədənkənar seçkinin təyin olunması üçün prezidentə müraciət edib. Dekabrın 4-də Konstitusiya Məhkəməsi prezidentin sorğusuna baxaraq növbədənkənar parlament seçkisinə “yaşıl işıq” yandırıb. Dekabrın 5-də prezident Milli Məclisi buraxıb və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edib.

Milli Məclisin səlahiyyət müddətinin hesablanması onun birinci iclasının keçirildiyi gündən başlanır. Altıncı parlamentin ilk iclası 2020-ci il martın 10-da keçirilib. Bu hesabla növbəti parlament seçkisi 2025-ci il fevralın 9-na düşür və 2024-cü il dekabrın 9-dan gec olmayaraq kampaniya başlamalıdır. Ancaq dekabrın 22-də bələdiyyə seçkiləri olasıdır və eyni vaxtda iki seçki kampaniyası mümkünsüz görünür.

Konstitusiyaya əsasən, növbədənkənar seçkidə seçilən parlamentin səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda növbəti parlament seçkisi növbədənkənar seçkidə seçilən parlamentin səlahiyyət müddətinin beşinci ili noyabr ayının birinci bazar gününə düşür. Altıncı parlamentin səlahiyyət müddətinin beşinci ili 2024-cü ilə təsadüf edir və yeddinci parlamenti noyabrın birinci bazar günü - ayın 3-də seçmək olar. Noyabr ayında Azərbaycanda böyük beynəlxalq ekoloji tədbirin keçiriləcəyini nəzərə alanda bu ehtimal azalır.

Milli Məclisin buraxılması halında parlament seçkisi 60 gün ərzində keçirilməlidir. Parlament seçkisi 125 dairəni əhatə edir, qələbə üçün nisbi səs çoxluğu tələb olunur.

Elşad Musayev də prezidentliyə namizədliyini verir

 Elşad Musayev

Son prezident seçkisində namizəd olan, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev öz təxminlərini “Yeni Müsavat”la bölüşdü: “Doğrudan da Azərbaycanın siyasi dairələrində növbəti parlament seçkilərinin keçirilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Növbətimi olacaq, yaxud növbədənkənarmı? Bu suallar ətrafında ciddi müzakirələr gedir. Bizim təcrübəmizdə bir dəfə belə hal olub. Nəzərə alaq ki, özünüzün də qeyd etdiyiniz kimi, qarşıdan Azərbaycanın ev sahibliyi edəcəyi tədbirlər gəlir. Bunlar keçirilməlidir. Eyni zamanda bura parlament və bələdiyyə seçkilərinin keçirilməsi aiddir. Təbii ki, ümumi proseslərdən çox şey asılı olacaq. Proqnoz vermək çətindir. Amma növbədənkənar seçkilər keçiriləcəksə, buna 60 gün vaxt lazımdır. Belə olduğu təqdirdə əgər may ayında qərar veriləcəksə, iyul ayında seçkilər baş tutmalıdır. Çünki bizim qanunvericiliyə görə, noyabr ayının 3-də ölkədə parlament seçkiləri keçirilməlidir. Konstitusiyanın maddələri bunu deyir. Bundan gec seçkilər olmamalıdır. Ona görə ən müxtəlif fikirlər bununla bağlı var. Parlament seçkilərinin bələdiyyə seçkilərindən daha əvvəl keçirilməsi gözlənilir. Bələdiyyə seçkiləri dekabr ayında olmalıdır. Noyabr ayında da ölkəmizdə COP29 tədbiri keçiriləcək. Bir sözlə, siyasi partiyalar hər an seçkilərə hazır olmalıdır. Ən əsas olan ölkədə normal və demokratik seçkilərin keçirilməsidir ki, biz ona nail olmalıyıq. Çünki belə olan təqdirdə xaricdən olan basqılar da azalır. Əksi olanda, ölkədən kənardakı bəzi dairələr bundan Azərbaycana qarşı istifadə etməyə çalışırlar”.

Rusiya müharibəni “ət” hesabına udmaq istəyir

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov yaranan problemlərdən söz açdı: “Vəziyyət elə gətirib ki, növbəti parlament seçkilərinin istər konstitusiyaya uyğun olaraq noyabrın ilk bazar günü, yəni 3 noyabrda keçirilməsində, istərsə də mövcud parlamentin səlahiyyət müddətinin bitmə tarixində, yəni fevralın 9-da keçirilməsində müəyyən problemlər var.

Məsələ burasındadır ki, 22 dekabr ölkədə mövcud olan bələdiyyələrin səlahiyyət müddəti bitir. Bu o deməkdir ki, onların səlahiyyət müddətinin bitməsinə ən azı 2 ay qalmış, yəni 22 oktyabra artıq bələdiyyə seçkiləri elan olunmalıdır. Parlament seçkilərinin noyabrda keçirilməsinə qərar veriləcəyi halda Milli Məclisə seçkilərdə təbliğat kampaniyası başladığı vaxt bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi və qeydiyyat mərhələsi həyata keçiriləcək. Eyni hal parlament seçkilərinin fevralda keçirilməsi ilə bağlı qərar verəcəyi halda da baş verəcək. Bu zaman da bələdiyyə seçkilərində namizədlərin təbliğat kampaniyası dövrü ilə parlament seçkilərində namizədlərin irəli sürülməsi, imzatoplama və qeydiyyat mərhələsi üst-üstə düşəcək.

Təkcə elə bu fakt əslində növbədənkənar parlament seçkilərini labüd edir. Azərbaycan Respublikası Konstitusiyasında növbədənkənar parlament seçkilərinin hansı halda keçirilə biləcəyi ilə bağlı bir sıra müddəalar var. Konstitusiyanın 98-ci maddəsində bu müddəalar sadalanıb. Amma indiki halda mümkün olan ən optimal variant parlamentin Prezident tərəfindən deyil, özü-özünü buraxmasıdır. Yəni başqa sözlə, keçən seçkilərdə olduğu kimi, parlament çoxluğu olan YAP bununla bağlı təşəbbüslə çıxış edə bilər. YAP-ın Milli Məclisdə təmsil olunan üzvlərinin sayı belə qərarın qəbulu üçün kifayət edir. Və bunun üçün hansısa bəhanələrin gətirilməsinə də ehtiyac yoxdur. Yəni hətta noyabrda ölkədə miqyaslı tədbirin, COP29-un  keçirilməsinin nəzərdə tutulduğu ilə bağlı səbəblərin sadalanmasına da ehtiyac yoxdur. Elə yuxarıda qeyd etdiyim səbəb kifayət edir.

Digər bir yol isə referendum keçirməklə konstitusiyaya seçki günləri ilə bağlı müəyyən dəyişikliklər etməkdir. Əslində elə gözləntilər də bu istiqamətdə idi. Biz konstitusiya islahatlarının həyata keçirilməsini və bir sıra məsələlərlə yanaşı çoxmandatlı seçki sisteminin bərpa olunmasını, Milli Məclis üzvlərinin sayının artıırılmasını və bundan sonra seçkilərin keçirilməsini məqbul hesab edirik. Eləcə də bələdiyyələrin statusunun artırılması, icra orqanlarının bir sıra səlahiyyətlərinin bələdiyyələrə verilməsi kimi məsələlərin öz həllini tapmasından sonra bələdiyyə seçkilərinin keçirilməsı daha uyğun olardı".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR