Onlayn ictimai-siyasi qəzet
Telegram messencerinin təsisçisi Pavel Durov Fransa xüsusi xidmət orqanlarını bir daha Avropa ölkələrinin daxili siyasətinə müdaxilə etmək cəhdlərində ittiham edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Fransa xarici kəşfiyyatı – DGSE (Direction Générale de la Sécurité Extérieure) onunla görüş keçirərək, formal olaraq “terrorizmlə və uşaq pornoqrafiyası ilə mübarizə” adı altında məlumat tələb edib.
Durov bildirib ki, görüş zamanı uşaq pornoqrafiyası məsələsi ümumiyyətlə müzakirə olunmayıb:
“Onlar məndən Fransada terrorçuluqda şübhəli bilinən şəxslərin IP ünvanlarını istəyirdilər. Amma əsl məqsəd tamamilə fərqli idi – geopolitik maraqlar. Onların əsas hədəfi Ukrayna, Moldova və Rumıniya idi”, – deyə o sosial şəbəkə platforması X-də paylaşım edib.
Qeyd edək ki, bu, Durovun Fransa kəşfiyyatına qarşı ilk ittihamı deyil. O, daha əvvəl də bəyan etmişdi ki, Avropa İttifaqı daxilində bir neçə ölkə – xüsusilə Fransa – Telegram vasitəsilə müxalif, milli-mühafizəkar qüvvələrin səsini kəsməyə çalışır.
Durov qeyd edib ki, Telegram söz və fikir azadlığı prinsiplərinə sadiq qalacaq və siyasi motivli senzura çağırışlarına boyun əyməyəcək. Onun bu açıqlaması Fransa Xarici Kəşfiyyat İdarəsinin sərt təkzibi ilə qarşılanıb. Rəsmi Paris bildirib ki, Durovla aparılan danışıqlar yalnız ekstremizmlə və təhlükəsizlik məsələləri ilə bağlı olub.
Xatırladaq ki, son dövrlər Rumıniyada keçirilən prezident seçkiləri fonunda Telegram platforması Avropa ölkələrində mühafizəkar siyasi qüvvələrin əsas ünsiyyət vasitəsinə çevrilib.
Durovun açıqlamaları Avropada söz azadlığı və dövlətlərin sosial platformalara təsiri məsələlərini yenidən aktuallaşdırıb.
Toğrul İSMAYIL,
Musavat.com
20 May 2025
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ