İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın parçalandığı bir vaxtda Bakıdan sülh ismarışı

Ekspert: “Dünyanın təkqütblülükdən xilas olması lazımdır, əks təqdirdə...”

Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forumda Prezident İlham Əliyev çıxış edərək bir sıra mühüm açıqlamalar verib.

O qeyd edib ki, sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır: “Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir ki, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda bunun baş verməsinə imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik. Sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər”, - deyə dövlətimizin başçısı bildirib.

Forumda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin də çıxış edib. O deyib ki, “Parçalanmış dünyanın bərpası” adı altında görüşürük. Dünya həqiqətən parçalanıb, hər yerdə ciddi çağırışlar var: “Əslində biz təhlükənin hökm sürdüyü vaxtda görüşürük. Təhdidlər ətrafdadır, yeni dünya düzəni yarandığı bir dövrdə böyük güclər formalaşmış düzənin quruluşunu parçalayır, mövcud sülh və təhlükəsizlik qaydalarının dəyişdirilməsi prosesinə cəlb olunurlar. Yenidən ayağa qalxan Rusiya BMT Baş Assambleyasının çağırışlarına məhəl qoymayaraq Ukraynada dağıdıcı müharibəyə başlayıb. Oktyabrın 7-də HƏMAS-ın törətdiyi dəhşətli hücumdan sonra Qəzzadakı müharibəyə gəldikdə, dünya qəti şəkildə humanitar xarakterli atəşkəs tələb edir. Lakin ondan imtina edən İsrail ABŞ tərəfindən dəstəklənir. Dünyanın çox hissəsində müharibələr gedir. Nəhəng Amerikanın böyük kölgəsi göstərir ki, onun dərindən parçalanmış siyasəti ayırıcı xətlərin daim yenidən çəkilməsi ilə müşayiət olunan tektonik platformalardan ibarət bu dünyada hər hansı ardıcıl iştiraka olan inamı sarsıdır”.

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov 

Siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a ölkələr arasında tolerant yanaşmanın azalmasından, bu dözümsüzlüyün səbəblərindən söz açdı: “Dünyada cərəyan edən hadisələr mahiyyət etibarilə yeni deyildir. Bəşəriyyətin yarandığı zamandan bu günə qədər insanlar arasında münaqişələr olub. Ancaq XIX əsrdən başlayan kapitalizmin dərinləşməsi və sənayenin inkişafından sonra münaqişələrin insani itki miqdarı əsrlərlə davam edən münaqişələri keçməyə başladı. Bir də XIX əsrə qədər müharibə və münaqişələr əsasən ideoloji zəmində baş verirdisə, indi artıq münaqişələrin böyük əksəriyyəti transmilli maliyyə-sənaye oliqarxiyasının biznes maraqları üçün baş verməyə başladı. Sadəcə olaraq, onlar müəyyən ideoloji-siyasi üzlə üzləndilər. İri sənaye və maliyyə nəhəngləri o qədər gücləndi ki, onlar hətta dövlətlərin daxili və xarici siyasətlərinə müdaxilə etməyə başladılar. Yarandığı ilk dövrlərdə bu maliyyə-sənaye oliqarxiyası böyük dövlətlərin xarici siyasət aktorlarından biri idi. Amma daha sonra onlar varlandı, gücləndi, maliyyə imkanları artdı, nəzarətləri altında media-təbliğat vasitələri əmələ gəldi. Böyük dövlətlərdə hakimiyyətə gələn hökumətlərə zaman-zaman müttəfiq, tərəfdaş oldular, özləri ilə razılaşmayanlar olduğu zaman bu ölkələrdə maliyyə-iqtisadi böhranlara səbəb oldular. Xüsusilə silah istehsalının artması və hərbi sənaye kompleksinin güclənməsi münaqişələrin artmasına gətirib çıxardı. Ola bilər bu giriş bir qədər ağır oldu. Ola da bilər bir az elmi-nəzəri oldu. İndi isə keçək detallı izaha. Bu gün dünyanın ən böyük silah istehsalı müəssisələri, hərbi sənaye kompleksi kimdədir? ABŞ, Fransa və başqaları. Bu silahları satmaq lazımdır. Dünyada hazırda dövlətlərarası böyük müharibənin olması dünyanın böyük oyunçularına sərf etmir. Nə üçün? Çünki rifah içərisində yaşayan bir Qərb vardır. Qərb bu rifahı Asiya və Afrikanın, Latın Amerikası, Okeaniyanın sərvətlərini istismar etməklə əldə edib. Kimsə düşünməsin ki, Adam Smit, Rikardo, Samuelsonun yazdıqları iqtisadi kitablar Qərbi yüksəldib. Qərbi XV-XIX əsrlərdə formalaşan, XX əsrdə şəklini dəyişən beynəlxalq miqyaslı imperialist sistem gücləndirib. İndi bunların öz vətəndaşları rifah içindədir. Hələ ki ona görə dünya müharibəsi lazım deyil. Amma silahlar satılmalı, digər bölgələrdə təsir dairələri genişləndirilməli və möhkəmlənməlidir. Bunun üçün nə etmək lazımdır? Ya tarixi münaqişələri tarixin anbarından çıxartmaq lazımdır, ya da ki, yeni münaqişələr lazımdır. Bir də bölgələrdə hər bir böyük gücün "ərköyün" silahı, onun himayəsində olan kiçik müttəfiqləri lazımdır".

Ekspert xatırlatma edib ki, bir zaman Rusiyanın Cənubi Qafqazda müttəfiqi Ermənistan idi:  “Rusiya onunla Cənubi Qafqazı nəzarətdə saxlayır, silahlarını satır, eyni zamanda sınaqdan keçirirdi. İndi artıq Rusiya xarici siyasəti ciddi bir şəkildə dəyişib. Bunun bir çox səbəbləri var. Azərbaycanın rasional, regional və ağıllı xarici siyasəti, Rusiya ilə müttəfiqlik münasibətlərinin qurulması və bunun da Türkiyə ilə qardaşlıq münasibətləri ilə tarazlaşdırılması. Digər tərəfdən, Paşinyanın əvvəlcə latent, gizli, daha sonra isə ifrat qərbpərəst siyasət reallaşdırması. Bu gün artıq Rusiya Cənubi Qafqazda münasibətlərin mərkəzinə aldığı Azərbaycan vardır. Nə üçün? Çünki Cənubi Qafqazın yeganə siyasi sabit və sözü bütöv ölkəsi Azərbaycandır! Rusiya prezidenti Vladimir Putinlə Azərbaycanın dövlət başçısı İlham Əliyevin qurduğu yüksək səviyyəli liderlər dialoqu da bölgədə sülh və əmin-amanlığa müsbət təsir edəcək amillərdir. Qərbin də, Amerikanın da Yaxın Şərqdə, Afrikada öz müttəfiqləri var. Onların hərbi-siyasi fəaliyyətlərinə heç kim müdaxilə edə bilməz. Maraqlıdır ki, demokratiyanın "sütunu" hesab edilən ölkədə, ABŞ-da bu gün Fələstin xalqının iztirablarına, dərdlərinə həmrəy olan tələbə-müəllim mitinqləri polis gücü ilə dağıdılır. Professorlar döyülür. Nə üçün? Çünki onlar Qəzzada bombalar altında dünyasını dəyişən, şikəst olan minlərlə qadın, uşaq və qoca üçün etiraz edirlər. Dünyanın 5-dən ibarət olduğu bu reallıqda ölən müsəlmandırsa, yaxud da afrikalıdırsa, yaxud da birmənalı müsəlmandırsa, onun iztirabına ortaq olmaq olmaz. Böyük güclərin tərəfdaşı transmilli media qurumları da sənə göz yumacaq. Bəs bunun sonu nədir? Bunun sonu Cənab Ərdoğanın ifadə etdiyi düsturda dayanır: “Dünya beşdən böyükdür”. Dünya siyasi sistemi yalnız bir qisim iqtisadi və hərbi nəhəngin inhisarı üzərində qurulmamalıdır. Dünyanın təkqütblülükdən xilas olması lazımdır. Bu gün dünyanın qütbü Qərbdir. Bir də Azərbaycan Prezidenti İlham Əliyevin Qəzzadakı hadisələrlə bağlı xatırlatdığı "Dəmir yumruq" zərurətini xatırladıram. Bəli, dünyanın illərlə, əsrlərlə iqtisadi və siyasi zülmə məruz qalmış ölkələri birgə səylərlə ədalətin təmin edilməsi üçün sülhməramlı, tarazlaşdırıcı Dəmir Yumruqlara sahib olmalıdırlar".

 Yazını hazırladı: Afaq MİRAYİQ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR