Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, dünyanın ən varlı şəhərlərinin 2025-ci il üzrə yeni siyahısı açıqlanıb.
Dünyanın aparıcı konsaltinq şirkəti Henley & Partners və New World Wealth qurumunun birgə hazırladığı hesabatda dünyanın yüksək gəlirli və milyoner əhalisinə sahib şəhərləri sıralanıb. Siyahıda Türkiyə də diqqətçəkən mövqe tutub.
Rapora görə, Türkiyədə hazırda 40 min 200 dollar milyoneri, 131 sentimilyoner (100 milyon dollar və üzərində sərvətə sahib olanlar) və 16 milyarder yaşayır. Bu milyarderlərin 10-u İstanbulda yerləşir.
İstanbul ilk 50-də – Avropa ilə Yaxın Şərqin sərvət körpüsü
İstanbulun özündə 15 min milyonerin, 58 sentimilyonerin və 10 milyarderin yaşadığı bildirilir. Türkiyə üzrə ümumi likvid sərvət 945 milyard dollar, adam başına düşən likvid sərvət isə 11 min 200 dollar təşkil edir. Bu rəqəmlər İstanbulun və ümumilikdə Türkiyənin qlobal sərvət xəritəsində artan əhəmiyyətini göstərir.
Henley & Partners Türkiyə rəhbəri Burak Demirel bildirib ki, “İstanbul artıq təkcə Türkiyənin maliyyə paytaxtı deyil, həm də Avropa ilə Orta Şərq arasında keçid nöqtəsi və varlılar üçün cəlbedici mərkəzdir. Yaşamaq, sərmayə qoymaq və həyat tərzi baxımından İstanbul və Bodrum kimi şəhərlər qlobal miqyasda daha görünən mövqeyə gəlir”.
Zirvədə yenə ABŞ var – Çin güclənir, London və Moskva geriləyir
Hesabatda ABŞ liderliyi qoruyub saxlayır. İlk 50 şəhər sıralamasında ABŞ-ın 11 şəhəri yer alıb. New York şəhəri 384 min 500 milyoner, 818 sentimilyoner və 66 milyarder ilə siyahının başında qərarlaşıb. Onu San Fransisko və Silikon Vadisini əhatə edən Bay Area izləyir. Bay Area son 10 ildə milyoner sayında 98%-lik artım göstərib.
Çin isə bu il 6 şəhərlə ikinci yeri tutur.
London isə 215 min 700 milyonerlə bir pillə geriləyərək 6-cı sıraya düşüb. Moskva isə 25% geriləmə ilə 40-cı sıraya enib və ilk 50-də mənfi artım göstərən nadir şəhərlərdən biri olub.
İstanbul niyə cəlbedicidir?
Ekspertlərə görə, İstanbulun üstünlükləri arasında tarixi irsi, maliyyə imkanları, daşınmaz əmlak bazarı və həyat tərzi ön plandadır. Burak Demirel əlavə edib ki, “İstanbul və Bodrum yalnız turizm deyil, alternativ yaşam və sərvət mərkəzi kimi də diqqət çəkir. Yatırım yoluyla oturum proqramları isə xarici investorların marağını daha da artırır.”
Musavat.com olaraq xatırladırıq: İstanbul artıq yalnız boğaz mənzərəsi ilə deyil, milyonerlərin paytaxtı olaraq da dünya xəritəsində öz yerini möhkəmləndirir. Ölkənin sərvət paytaxtı isə gündən-günə böyüyür.
Azərbaycanda neçə milyoner və milyarder var
Azərbaycan hesabatda yer almayıb. Musavat.com buna görə də ölkəmizdə və paytaxtamızda neçə milyonerin, neçə milyarderin yaşadığını yazmağa çətinlik çəkir. Azərbaycanda zənginlər təbəqəsi əsasən yüksək və orta vəzifəli məmurlardan təşkil olunub. İş sektorunda da milyonçuların olduğu bəllidir. Lakin onların sayımını aparan yoxdur. Çünki Azərbaycanda əksər zənginlər gizli milyonçulardır.
Musavat.com
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ