İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada siyasi fəalların İrandakı aksiyalarla bağlı fikirləri

 

 

İranda molla rejiminə qarşı etiraz aksiyaları davam edir.

Bu aksiyalar dünyanın müxtəlif təşkilat və dövlətləri tərəfindən yaxından izlənilir, şərhlər verilir.
Musavat.com sosial şəbəkədə İrandakı aksiyalarla bağlı beynəlxalq təşkilat nümayəndələri və ekspertlər, siyasi fəalların yazdıqlarından bir qismini təqdim edir. 

Almaniya Bundestaqının üzvü Ye-One-Ri: “İşə yaramayan sanksiyalarda, etibarsız BMT qətnamələri konsepsiyasından imtina edib zavodların ləğvi, təchizatçıların həbsi kimi daha dağıdıcı tədbirlərin icrasına başlamaq lazımdır”.

Ukraynalı politoloq Mixaylo Podolyak: “Rusiyaya raket və pilotsuz təyyarələrin tədarükünü artırmağı planlaşdıran İran beynəlxalq sanksiyalar institutunu açıq-aşkar təhqir edir. İşləməyən sanksiyalardan, faydasız BMT qətnamələri konsepsiyasından imtina etmək və daha dağıdıcı vasitələrə - zavodların ləğvinə, təchizatçıların həbsinə keçmək vacibdir”.

“Human Rights Watch” təşkilatı: “İran hakimiyyəti sentyabr ayından bəri Sənəndəcdə etirazçılara qarşı həyəcanverici zorakılıqların törədilməsinə başlayıb. Həm etirazlar, həm də hökumətin qəddar reaksiyası hökumətin kürd xalqının mədəni və siyasi azadlıqlarına qarşı uzunmüddətli repressiya etməsini əks etdirir”;

ABŞ-də fəaliyyət göstərən jurnalist Omid Memarian: “Ayıbdır! İranın tanınmış sosioloqu, “İctimai Hərəkatlar və Demokratikləşmə” və “İctimai Hərəkatlar və Ümid” kitablarının müəllifi Səid Madani 9 il müddətinə azadlıqdan məhrum edilib. O, mayın 16-dan həbsdədir. Onun törətdiyi cinayət nədən ibarətdir? Dediyi sözlər, xəbərdarlıqlar və etdiyi ictimai çıxışlar”;

İran əsilli britaniyalı aktrisa Nazənin Boniadi: “İslam Respublikasının 43 illik təlqini anlayışlı qərb ekspertlərinin köməyi ilə İranın mədəniyyətini və tarixini xalqının qəlbindən və zehnindən silə bilmədi. Bu gün İran xalqının özü cəsarətlə İslam Respublikası haqqında əbədiləşdirilmiş mifləri ifşa edir”;

“Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatının əməkdaşı Ceyson Brodski:

“Təkcə sanksiyalar İran rejimini dayandırmağa bəs etməyəcək. Ukrayna prezidentinin müşavirinin dediyi kimi, kinetik fəaliyyət masada olmalıdır. Qərb dövlətləri Kaşan aerodromu kimi pilotsuz təyyarə bazalarına ciddi nəzarət etməlidir”;

“ABŞ və onun Avropalı müttəfiqləri bu vəziyyətlərdən (İranda xarici vətəndaşların saxlanması) qaçmaq üçün öz vətəndaşlarının İrana getməsinin qarşısını almaq məqsədilə mümkün olan hər şeyi etməlidir. Bu, kədərli bir reallıqdır, lakin qərblilər ora gedə bilmirlər”.

Fransa Milli Assambleyasının üzvü Bencamin Haddad: “Bir ildir ki, İbrahim Babayinin ailəsi ondan xəbər ala bilmir. İran-İraq müharibəsi qazisi və keçmiş siyasi məhbus Babayi hazırda itkin düşüb. Onun qızı Şima ilə birlikdə atasının yoxa çıxması məsələsinə aydınlıq gətirməyə çalışırıq”.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR