Onlayn ictimai-siyasi qəzet
Münaqişə təkcə Avropanı deyil, qlobal sabitliyi təhdid edir, nüvə eskalasiyası riski artır; Kreml lideri də xəbərdar etdi - rəy
“Nəyin bahasına olursa-olsun, Ukraynadan keçən və uzunmüddətli qlobal qarşıdurma təhlükəsi yaradan yeni geosiyasi cəbhənin yaranmasının qarşısını almaq lazımdır”. “Yeni Müsavat” bildirir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız təşkilatın Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında çıxışı edərkən bildirib.
Diplomat deyib ki, eskalasiya təkcə Avropanı deyil, həm də qlobal sabitliyi təhdid edir: “Beynəlxalq ictimaiyyətin indiyədək münaqişənin dayandırılması üçün gördüyü tədbirlər hələ ki nəticə verməyib. Mövcud şəraitə baxmayaraq, münaqişənin hər iki tərəfini diplomatik yolu canlandırmaq üçün təşviq etmək vacibdir. Təəssüf ki, münaqişə üç ildir ki, davam edir və heç bir son perspektivi görünmür. Bundan əlavə, nəzarətsiz bir eskalasiya var”. Ukrayna müharibəsi fonunda yeni geosiyasi cəbhə, eskalasiya hansı istiqamətdə gözlənilir? Polşa, Belarus, Moldova üçün hansı təhlükələr var? Diplomatın həyəcanlı açıqlamasının pərdəarxası məqamları nədir? Yaxın Şərqin də qan gölünə çevrildiyini nəzərə alsaq, türk siyasətçinin çıxışında bu coğrafiyanı nəzərdə tutduğunu deyə bilərikmi?
Yeri gəlmişkən, nüvə eskalasiyası riski artır və bu yöndə ritorika güclənir. Təbii ki, nüvə müharibəsi riski də dünyanın qlobal sabitliyini təhdid edir. “Rusiya və Belarusa qarşı təcavüz halında Moskva nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır”. Bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının nüvə silahından çəkindirmə üzrə daimi iclasında deyib. “Rusiyanın suverenliyinə adi silahlar belə kritik təhlükə nüvə cavabına zəmin yaradacaq” - dövlət başçısı vurğulayıb. Ukrayna prezidenti Vladimir Zelenski isı bildirib ki, Rusiya digər ölkələrdən Ukraynanın atom elektrik stansiyalarının peyk şəkillərini alır və onlar haqqında məlumat toplayır. Ukrayna lideri BMT-yə Rusiyanın Ukrayna atom elektrik stansiyalarına hücum edəcəyi təqdirdə, nüvə təhlükəsi barədə xəbərdarlıq edib. Ukrayna prezidenti BMT-də Ukrayna kəşfiyyatının yeni hesabatına istinadən Rusiyanın Ukrayna atom elektrik stansiyalarına zərbələr hazırladığını bildirib. Zelenski bunun Avropada yeni bir nüvə fəlakətinə səbəb ola biləcəyini vurğulayıb.
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, beynəlxalq münasibətlər sistemi böhran içindədir. Onun fikrincə, dünyanın yeni nizamı quruculuğu prosesi getdiyi üçün bəşəriyyət təhdidlərlə üz-üzədir. Professor hesab edir ki, sabit dünyanın olması artıq BMT-nin də iradəsindən kənardadır: “Təhlükəsizlik Şurasının beş daimi üzvü biri-birinə qarşı real müharibə aparırlar. Onların "soyuq" və proksi savaşları həm Ukrayna, həm Yaxın Şərqdə davam edir. Fakt budur ki, hər iki coğrafiyada güc mərkəzləri eynidir. Əgər beynəlxalq nizamın, qlobal sabitliyin saxlanmasına cavabdeh olan BMT TŞ-nin 5 daimi üzvü bu müharibənin iştirakçısıdırlarsa, o halda hansı intizamdan danışmaq olar? Artıq beynəlxalq hüquq işləmir, BMT qətnamələri yaramır, hazırda Nyu-Yorka toplaşan liderlərin bəyanatları qulaqardı edilir, tərəflər müharibələri, silahlanmanı davam etdirir, mülki əhalinin münaqişələrin qurbanına çevrilməsi halları hər gün artır. Bu halda hansı beynəlxalq hüquqdan danışmaq olar?"
Q.Hüseynliyə görə, Yaxın Şərqdə baş verən dramatizm Ukraynadakı fəlakətdən heç də geri qalmır: “Qlobal sabitlik əldən gedib. Məsələ təkcə müharibələrə aid deyil. Bu gün iqtisadi təhdidlər, dəhlizlər və logistikalar uğrunda strateji qarşıdurmalar var. Bu da beynəlxalq münasibətlərin korlanmasına, xaosa gətirib çıxarır. Dünyanın yenidən bölüşdürülməsi, siyasi və iqtisadi xəritələrinin şəkillənməsi prosesində bu hadisələri olması mümkündür. Lakin yeni sərhədlər müəyyən olunacaqsa, geopolitik toqquşmada supergüclər öz nüfuz dairələrini bir daha aydınlaşdıracaqsa, o zaman növbəti eskalasiyalar istisna deyil. Misal üçün, Rusiya Xarkov və Odessanı işğal edə bilsə, hərçənd buna inanmıram, o zaman Dnestryanı ərazilərə quru yolu təmin edə bilər. Nəticədə Moldovanın separatçı bölgəsi də Donbas kimi ilhaq olunacaq. Hətta bu günlərdə rəsmi açıqlama verildi ki, Rusiyanın növbəti hədəfi Moldovadır və Kiyev həm də bu ölkə üçün döyüşür. Həmçinin Şərqi Avropanı da gözləyən təhlükə var”.
Professorun sözlərinə görə, Yaxın Şərqdə baş verənlər isə daha geniş coğrafiyada müharibə riski yaradır: “İsrail Livanda quru əməliyyatlara hazırlaşır. İran xarici işlər naziri bəyan edib ki, bu müharibə başlasa, Tehran kənarda dayanmayacaq. Həmçinin Qəzzada savaş gedir. Suriyanın və Yəmən husilərinin də iştirak ehtimalı var. Bir sözlə, hər iki cəbhədə - Ukrayna və Yaxın Şərqdə gərginlik artır, nüvə bombasından istifadə təhdidləri səslənir, belə olan təqdirdə yeni geosiyasi cəbhələrin yaranması qaçılmazdır. Eyni zamanda Cənubi Qafqazda kövrək proseslər gedir və sözügedən bölgələrdə yaşananlar regionumuza da təsir göstərir, eləcə də təhdid edir. Çünki Cənubi Qafqaz uğrunda da Ukrayna və Yaxın Şərqdə olduğu kimi, Rusiya ilə Qərb qarşıdurmadadır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ