Onlayn ictimai-siyasi qəzet
Pew Araşdırma Mərkəzi bu artımı “heyrətamiz” adlandırır; Bakıdan reaksiyalar
Dünya üzrə dindarların sayında ciddi dəyişikliklər müşahidə olunur. Ən çox artım islam və ateizm sahəsində qeydə alınıb. Azərbaycanda isə ateistlərin sayı ilə bağlı statistikalar yenidən gündəmə gəlib.
Pew Araşdırma Mərkəzinin son hesabatı qlobal miqyasda dinə münasibətdə ciddi dəyişikliklərin baş verdiyini üzə çıxarıb. Son on ildə müsəlmanlar dünyada ən sürətlə artan dini qrup kimi qeydə alınıb. Hazırda dünya müsəlmanlarının sayı 346 milyon nəfər artaraq ciddi üstünlük əldə edib. Eyni dövrdə xristianların da sayı artsa da, bu artım ümumi əhali artım tempindən geri qalır. Nəticədə onların dünya əhalisindəki payı 1,8 faiz azalaraq 28,8%-ə düşüb.
Buddizm isə həm ardıcıllarının sayı, həm də ümumi say baxımından azalan yeganə dini cərəyan olub. Hinduizm, yəhudilik və digər kiçik dinlərdə isə ciddi dəyişiklik müşahidə olunmayıb.
Ən çox diqqət çəkən fakt isə heç bir dinə inanmayanların - ateistlərin sayının artmasıdır. Hazırda dünyada insanların 24,2%-i özünü qeyri-dindar hesab edir. Bu, hər dörd nəfərdən birinin heç bir dini inancı olmadığını göstərir.
Pew Araşdırma Mərkəzi bu artımı “heyrətamiz” adlandırır və bildirir ki, bu insanlar əsasən uşaq sahibi olmayan, yaşlı və şəhər həyat tərzi sürən fərdlərdir. Bununla belə, onların sayının artmasında xüsusilə xristianların dinlərindən uzaqlaşması mühüm rol oynayır.
Ateistlərin sayına görə Çin dünyada birinci yerdədir - ölkədə 1,3 milyard insanın dinlə əlaqəsi yoxdur. Bu, ümumilikdə dünya üzrə ateistlərin təxminən 67%-i deməkdir. Avropada isə əvvəlki kimi xristianların çoxluğu müşahidə olunmur. İndi liderlik Afrikanın cənub-qərbindəki ölkələrə keçib. Ən çox xristian yaşayan ölkə isə ABŞ-dır - 217 milyon nəfərlə.
Maraq doğuran məqam isə Azərbaycanla bağlıdır. Bir neçə il əvvəl “World Population Review” platformasının dərc etdiyi statistikaya görə, Azərbaycan ateistlərin sayına görə dünyada 6-cı yeri tutub. Bu rəqəm geniş müzakirələrə səbəb olmuşdu. 2023-cü ildə yayımlanan analoji siyahı da ictimai fikirdə rezonans doğurdu. Bəzi ekspertlər bu rəqəmlərin metodologiyasını sual altına alsa da, dini təbəqələşmənin və inancların fərqli təzahür formaları Azərbaycanda da müşahidə olunmaqdadır.
Fazil Mustafa
Millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a bildirib ki, ateizmə də din kimi baxılır. Onun sözlərinə görə, bu, müasir dindarların yaşadığı ideoloji dinin antitezisi kimi diqqət cəlb edir: “Bu da əslində faydalı istiqamət deyil. Rasional insan düşüncəsi dini inanc kimi yaşaya bilər, amma ideologiya, elm kimi qəbul etdikdə din mahiyyətindən uzaq düşür. Azərbaycanda böyük əksəriyyət dinə ideologiya kimi yanaşır, onu inanc sferasında tutmur. Çoxluq dini cəmiyyətin dünyəvi həyatına müdaxilə edən bir sistem kimi görür. Ona görə də onların inanclı insan sayılması da şübhə doğurur. Əsl inanclı insan dini özünün bir yaşam proseduru kimi tənzimləyir. Lakin dünya işlərini müasir elmin reallıqları ilə uzlaşdıraraq yaşamağa üstünlük verir. Bu olmayanda isə Yaxın Şərqin bütün müsəlman ölkələrində baş verənlərin mənzərəsi üzə çıxır. Bu baxımdan məsələyə daha ayıq kontekstə yanaşmalıyıq ki, bu cür yaşanan dinin özü də ateizmdən fərqlənmir. Ateizmdə rasional düşüncə və yaşam istəyi insanda ola bilər və bunu da gerçəkləşdirə bilər. Lakin ateizmdə dinin antitezisi kimi yaşamağa çalışanların özləri də yeni bir din yaratmış olurlar. Bu da bir ideoloji mahiyyət daşıyır. Sağlam düşüncəli insanlar üçün dünya mühiti ilə din arasında ziddiyyət yoxdur. Bunu uzlaşdırmağı bacaranlar gələcəklərini rahat şəkildə qura bilirlər, mübarizə aparmırlar. Avropa "Tanrının haqqı Tanrıya, Sezarın haqqı Sezara" fikrini qəbul etdiyinə görə tərəqqiyə nail oldu. Yəni inancla ideologiyanı bir-birinə qarışdırmadıqca inkişaf olacaq. Bu, sağlam və mənəvi düşkünlükdən qurtarmağa yönələn bir sistemdir".
Saleh Məmmədov
Azərbaycanın sabiq maliyyə naziri, mövzu ilə bağlı tədqiqat aparan professor Saleh Məmmədov “Yeni Müsavat”a deyib ki, dünyada qeyri-dindarların payı 50 faizdən aşağıdır: “Dinlər ilk vaxtlar yarananda qaydalar, qanunlar yox idi. Din bir növ konstitusiyanı əvəz edirdi. Çünki insanları həmin vaxt idarə etmək üçün bir istinadgah lazım idi. Ona görə də dinlərin qaydalarından istifadə olundu. Hansı din mütərəqqi və liberal idisə, həmin ölkələr sürətlə inkişaf etdi.
Təhsil artdıqca dindarlığın səviyyəsi düşür. İnsanlar reallığı başa düşdükcə əfsanələrə, xurafata inanmır. Təhsilsiz, oxuyub yazmağı bacarmayan insanların 98 faizi dindardır. Ali təhsilli insanlar arasında isə dindarlıq 50 faizdən də aşağıdır. Professor və doktorlar - yəni lap yüksək elmi təhsilli insanlar arasında dindarlıq 5-6 faizdir. Təhsil, iqtisadiyyat harada inkişaf edirsə, orada dindarlığın səviyyəsi ciddi şəkildə düşür. Zəngin əhali arasında da inanclı insanlar azdır. Kasıb əhali arasında isə inanclı əhali 70 faizdən çoxdur. Dünyada ən sürətlə inkişaf edən ölkə Çindir. Çində cəmi 7 faiz əhali dindardır. 93 faiz ateistir. Yaponiyada isə dindar əhalinin sayı 12 faizdir, 88 faiz inancsızdır. İnkişaf etmiş ölkələrdə yalnız ABŞ-da dindarların payı 50 faizdən yuxarıdır. Çünki ABŞ-da savadsız insanlar çoxdur. Azərbaycanda isə inanclılıq 34 faizdir, bu, təqribən Belçika, İsveçrə və Norveç səviyyəsindədir".
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda dindarlıq həddən artıq yüksəkdir: “İnsanların mütləq əksəriyyəti - 95 faizi inanclıdır. Buna görə də Azərbaycan ateistlərin sayına görə 6-cı yerdə ola bilməz. İnsanlarımızın hər zaman dinə münasibəti olub, ürəklərində Allaha inam formalaşıb. Ən çətin dövrlərində Allaha üz tutmaları bunu sübut edir. Ölkəmizdə ateistlər də var. Bəzi gənclər özlərinin digərlərindən seçildiyini göstərmək üçün belə bir bəyanat verirlər. Ona görə də hesab edirəm ki, bu kimi yanaşmalarda hər kəs diqqətli olmalıdır. Cəmiyyətləri ayaqda saxlayan dinlərdir, dəyərlərdir. Dini zərərli tendensiya kimi təqdim etmək kökündən yanlışdır. Biz bu məsələdə diqqətli olmalıyıq. Din insanlara yüksək mənəvi dəyərləri təbliğ edir”.
Şəhanə RƏHİMLİ,
Musavat.com
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ