İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya dinlərarası savaşa sürüklənir - Samuel Hantinqtonun nəzəriyyəsi... - ŞOK DETALLAR

İsrailin baş naziri Benyamin Netanyahu tez-tez Tövrat və İncildən sitat gətirərək Qəzza zolağında apardığı hərbi əməliyyatlara haqq qazandırmağa çalışır. Bununla da sanki Qəzza qırğınlarına müqəddəslik donu geyindirir.

Məsələyə bu cür yanaşma nə dərəcədə doğrudur?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a müsahibəsində bu və digər suallara aydınlıq gətirib.

- Heydər bəy, İsrailin baş naziri Benyamin Netanyahu son açıqlamasında ondan atəşkəs tələb edənlərə rədd cavabı verdi və öz mövqeyini İncildəki bir ayə ilə əsaslandırdı: “Savaşın da, barışın da öz zamanı var. İndi savaş zamanıdır”. İsrail lideri Fələstinlə apardığı müharibəyə müqəddəs savaş rəngi verməklə nəyə nail olmaq istəyir? Müsəlman ərəb dövlətlərinin əhatəsində yerləşən bir ölkənin liderinin bu çıxışı İsrailin özü üçün ciddi təhdid demək deyilmi?

HEYDER.jpeg (277 KB)

- Əlbəttə ki, Netanyahunun bu çıxışı idarə etdiyi ölkəni od içinə atması kimi ağır nəticələr doğura bilər. Amma bu, onun bu tonda ilk çıxışı da deyil. Bundan əvvəlki çıxışlarında o, Qəzzaya qarşı mübarizə nəticəsində Yeşaya peyğəmbərin yəhudilər barədə söylədiyi kəhanətlərin reallaşacağını bildirmişdi. Yəhudi əsilli peyğəmbər olan Yeşayanın kəhanətində İsrailin düşmənlərinə qalib gələcəyi və dünya liderinə çevriləcəyi vurğulanırdı. Netanyahu daha sonrakı açıqlamalarında bir az da irəli gedərək, yenə Tövratdan sitat gətirərək fələstinliləri Amalik qövmünə bənzədərək onlara qarşı aparılan bir növ soyqırım siyasətinə haqq qazandırmışdı. O, açıqlamasında belə demişdi: “Tövrat bizə deyir: “Amalikin sizə nə etdiyini xatırlayın. Bəli, biz də xatırlayırıq və döyüşürük. Düşməni məğlub etmək və torpaqlarımızda varlığımızı təmin etmək üçün savaşırıq”.

Amalik, bildiyimiz kimi, ən qədim ərəb qövmüdür. 3 min il əvvəl Sina yarımadası, Kənan eli (indiki Fələstin və Livan əraziləri) və Ərəbistan yarımadasının şimalında yaşayan bu qövmlə yəhudilər arasında tarix boyu ağır döyüşlər olub. Tövratda Samuel peyğəmbərin adından zikr olunan bir çox ayələrdə yəhudilərə qarşı tərəfin arvad-uşaqlarına, hətta heyvanlarına belə acımadan bu qövmü yer üzündən silmələri əmr edilir. Netanyahu bu ayələri xatırlatmaqla sanki Qəzzada törədilən qətliamların Tövratın əmri olduğunu vurğulamağa çalışır...

- Maraqlıdır, bir peyğəmbər necə hansısa qövmün arvad-uşağına, hətta heyvanlarına acımadan onların qətlə yetirilməsini əmr edə bilər?

- Mən dini ehkamların səhihliyi və ya ilahi kitabların sonradan təhrif olunması barədə mülahizələrə girmək istəmirəm. Hər halda yəhudi dininin müqəddəs bildiyi mətnlərdə belə yazılır və Netanyahu öz əməllərini bununla əsaslandırmaq, bir növ törətdiklərinə bəraət qazandırmaq istəyir. Demək istədiyim budur. Həmin mətnlərin ilahi mesaj olub-olmadığını araşdırmaq politologiyanın yox, teologiyanın işidir. Mən isə məsələnin teoloji deyil, teopolitik məqamlarına aydınlıq gətirmək istəyirəm.

- Aydındır. Amma 21-ci əsrin insanları bu cür “ilahi mesaj”lara, kəhanətlərə necə inana bilər? Ümumiyyətlə, insanlığın rifahını düşünən dinlərin hansısa qövm barədə belə dəhşətli əmrlər verməsi nə dərəcədə inandırıcıdır?

- Dini mətnlərdə bu gün bizə tərs görünən bir çox ehkamlar yer alır. Biz o ehkamları bu günün düşüncələri ilə şərh edərsək, bir çox yanlışlıqlara düşə bilərik. Hər dövrün mətnləri ilk növbədə öz müasirlərinin dünyagörüşü üçün nəzərdə tutulub. Yəhudi dini digər təkallahlı dinlərdən daha qədimdir. Təbii ki, bu qədimlik onların daha ibtidai təfəkkürün təzahürlərini saxlamasına gətirib çıxarır. Bilirsiniz ki, insan oğlu bilgi dağarcığı baxımından bir neçə mərhələni keçib. Daha qədim insanların inanclarında bütün təbiət və cəmiyyət həyatının inkişafında ilahi iradə aranır. Belə deyək, ildırım çaxmasına qədim insanlar Allahın qəzəblənməsi kimi baxmış və buna uyğun rəvayətlər uydurmuşdular. Mən bunu insan idrakının əsatir dövrü adlandırardım. Əsatirlərin qəhrəmanları Allahlar olurlar. İnsanın idrakı inkişaf etdikcə, məsələn, ildırımın ilahi qəzəb əlaməti yox, adi bir təbiət hadisəsi olduğu anlaşıldıqca, inanclar da dəyişib. Beləcə, idrakın əfsanələr dövrü başlayıb. Əfsanələrin qəhrəmanları isə yarımallahlar olublar. Üçüncü mərhələ isə dastanlar dövrüdür. Dastanların qəhrəmanları real insanlardır. Baxmayaraq ki, dastan qəhrəmanları da bəzi bəşərüstü motivlərlə bəzədilib. Məsələn, Koroğlunun nərəsi, Qıratının qanadlı olmasının ani bir tələskənlik nəticəsində baş verməməsi kimi əfsanəvi motivləri buna misal göstərə bilərik. İdrakın 4-cü mərhələsi roman dövrüdür. Romanlarda dastanlardakı ilahi motivlər də ortadan qalxıb və qəhrəmanlar olduğu kimi təsvir olunublar.

Daha sonra elmi idrak mərhələsi gəlir. Bu gün biz bu mərhələdəyik və tədricən ədəbi əsərlər insanlarımızda həyəcan yaratmır. İnsanlar ətrafda baş verən hadisələri elmi əsasları ilə öyrənməyə maraq göstərirlər. Bütün dinlər də məhz idrakın ilk 3 mərhələsində meydana gəlib. Fikrimcə, çoxallahlı dinlər daha qədimdir. Odur ki, orda bəhs olunan bütün qəhrəmanlar müxtəlif Allahlardır. Təkallahlı dinlər isə idrakın daha təkmilləşmiş dövründə meydana gəldiyindən qəhrəmanlar da getdikcə reallaşıb. Yəhudilik ən qədim təkallahlı din olduğundan ordakı təsvirlər də, qəhrəmanlar da öz müasirlərinin idraklarına uyğun təsvir edilib. Odur ki, bu gün bizə tərs görünən ehkamlarla doludur. Bu mətnlərdəki əmrlər də, hadisələrə münasibətlər də daha ibtidai insan idrakına uyğun şəkildə təqdim olunur. Açığını deyim, təftişçi yanaşsaq, bu günün standartlarına uyğun gəlməyən ehkamlarla İslam dinində də qarşılaşa bilərik. Sadəcə, islam idrakın daha müasir dövrlərində ortaya çıxdığından dinimizdə bu cür ibtidai təfəkkürün təzahürlərinə az rast gəlirik.

- Aydındır, məni bir məsələ daha çox maraqlandırır. Axı bilirik ki, İsrail, ABŞ və ya Avropa ölkələri sizin təbirinizlə desək, idrakın ən son mərhələsini ən çox yaşayan toplumlardır. Hər halda elmi tərəqqi onlarda özünün son nailiyyətlərini yaşayır. Elədirsə, onlar niyə öz siyasətlərini ibtidai idrakın ehkamları üzərində qururlar?

- Açığı, Qərb mədəniyyətinin inkişafının xristianlıqla və ya yəhudiliklə heç bir əlaqəsi yoxdur. Bilirsiniz ki, Avropa xristian dini ehkamlarına bağlı olduğu dövrlərdə özünün qaranlıq çağını yaşayırdı. Nə zaman ki, bu ehkamlardan vaz keçdi, intibah dövrü başladı. İlk əvvəl ədəbiyyat və incəsənətdə özünü büruzə verən bu yanaşma tədricən elmi yanaşmalara da keçdi. Beləcə, bu intibah elmi-texniki tərəqqiyə səbəb oldu və müasir Avropanın təməlləri qoyuldu, Qərb dünyasına dünya hegemonluğu gətirdi. Amma indi istər Avropada, istərsə də ABŞ və İsraildə yenidən dini motivli siyasətlərə qayıdışı hiss olunur. Yeni tendensasiyanın təməlləri SSRİ dağıldıqdan sonra atıldı.

1992-ci ildə ABŞ Dövlət Departamentinin strateqlərindən biri Samuel Hantinqton “Sivilizasiyaların toqquşması” nəzəriyyəsini ortaya atdı. Soyuq müharibədən sonrakı dövr üçün ABŞ-ın siyasi qərarvericilərinə təqdim edilən nəzəriyyə ilk dəfə 1992-ci ilin oktyabrında Amerika Sahibkarlıq İnstitutunda keçirilən Bredli Konfransında müzakirə edildi və daha sonra Olin İnstitutu tərəfindən həyata keçirilən “Təhlükəsizlik Mühitinin Dəyişməsi və Amerika Milli Maraqları” adlı layihədə bir məqalə olaraq təqdim edildi. Daha sonra Hantinqton tərəfindən daha da genişləndirilərək “Foreign Affairs” jurnalında dərc edildi və böyük diqqətlə qarşılandı. “Sivilizasiyaların toqquşması” nəzəriyyəsinə görə, Soyuq müharibədən sonra dünya ilk dəfə çoxqütblü və çoxsivilizasiyalı dövrə qədəm qoyurdu. Hantinqton gələcəkdə çarpışan 7-8 mədəniyyətdən bəhs edirdi, amma əsas vurğunu İslam və Qərb mədəniyyətlərinin üzərinə qoyurdu. O qeyd edirdi ki, Qərb mədəniyyəti nisbətən tənəzzülə uğradığı halda, Asiya sivilizasiyaları hərbi, iqtisadi və siyasi qüdrətlərini artırırlar. İslam isə xüsusilə demoqrafik quruluşu ilə Qərbə qarşı “sabitliyi pozan” fenomen kimi “təhdid” olaraq görünür. 

Samuel Hantinqtonun fikrincə, mədəni ortaqlığı olan cəmiyyətlər sivilizasiya çətiri altında bir araya gələcək, beləliklə sivilizasiyalar arasında qütbləşmə olacaq. Bu qütbləşmələr “Fay xətti savaşları”na səbəb olacaq. Bu vəziyyət xüsusilə müsəlmanlarla qeyri-müsəlmanlar arasında baş verəcək. Sivilizasiyaların toqquşması paradiqmasının əsas arqumenti Qərb Sivilizasiyası ilə İslam Sivilizasiyası arasında baş verəcəyi təxmin edilən mədəni və dini konfliktə əsaslanır. Açığını deyim, bu nəzəriyyənin ortaya atılması və böyük diqqətlə qarşılanmasının əsas səbəbi ABŞ-ın rəqabətsiz yaşaya bilməməsi reallığından irəli gəlirdi. Onun Soyuq müharibə dövründə şeytanlaşdırdığı SSRİ dağılmış və rus qorxusundan Vaşinqtonun qoltuğuna sığınan dövlətlər, xüsusilə də Avropa müstəqilləşmə prosesinə qədəm qoymuşdu. ABŞ bu prosesin qarşısını almaq üçün yeni düşmən yaratmalı idi. Ən yaxşı düşmən isə İslam dünyası ola bilərdi. Məhz bu səbəbdən 2010-cu ildən etibarən ərəb dünyasında inqilabi proseslər başladı. Daha sonra Rusiyanın bu ziddiyyətdən istifadə edərək Suriyaya müdaxilə etməsi ilə düşmən hədəf qismən dəyişdi. Rusiya Ukrayna ilə müharibəyə cəlb olundu. Rusiyanın məğlubiyyəti aydın sezilincə, ABŞ və Qərb ölkələri yenidən İslam-Qərb çarpışmasına qayıtmağa qərar verdi. Fələstin-İsrail savaşına və Netanyahunun dini motivlərdən istifadə etməsinə bu kontekstdə nəzər salsaq, məsələnin əsl mahiyyətini anlaya bilərik.

- Sizin sözlərinizdən belə çıxır ki, mədəniyyətlər çarpışması əsasən Qərblə İslam sivilizasiyaları arasında gedir. Amma biz görürük ki, ABŞ və Avropa dövlətləri xristian olan Rusiyanı əsas hədəf kimi götürüb. Eyni zamanda biz 44 günlük savaşda həm İsrailin, həm də Böyük Britaniyanın Azərbaycanın tərəfini tutduğunu gördük. ABŞ belə, bu savaşda tərəfsizliyini qorudu. Bunu necə sivilizasiyalararası müharibə hesab etmək olar?

- Maraqlı sualdır. Məsələ burasındadır ki, Samuel Hantinqton Qərb sivilizasiyası deyəndə ortodoks xristianları bu kateqoriyaya şamil etmir. Strateqin fikrincə, ortodokslar Qərb və Şərq mədəniyyətlərinin arasında yerləşir. Qərbdən bir az daha uzaq, Şərqə bir az daha yaxın məsafədə. Yəni onlar mədəniyyətlər çarpışmasında islamçılarla bir yerdə olmağa daha yaxındırlar. Ukrayna savaşı ərəfəsində biz Ukrayna kilsəsinin rus kilsəsindən ayrılmaq təşəbbüsləri ilə də qarşılaşdıq. Həqiqətən də Qərb tərəfindən sıxışdırılan Rusiya liderlərinin də İslam dünyası ilə yaxınlaşmaq cəhdlərinin şahidi oluruq. Sözsüz ki, bu, Qərbin rusları sıxışdırması ilə birbaşa əlaqəlidir. Ermənilər də yeri gələndə xristianlığın Hantinqtonun təsvir etdiyi sərhədlərinə daxil deyillər. Onların böyük əksəriyyəti özlərini ortodoks olaraq görürlər. Maraqlıdır ki, nə ortodokslar, nə də katolik və protestanlar onları özlərindən qəbul edirlər. Üstəlik, ermənilər Rusiyanın arxa bağçası sayılır və mədəniyyətlər çarpışmasında rus təsirindən ayrıla bilməzlər. Ermənilərin həm İslam coğrafiyasının içərisində yaşaması, həm də İranla strateji əlaqələri buna imkan vermir. Regional təsirdən ayrılıb Qərb mədəniyyətinə keçəcəkləri təqdirdə ilk növbədə coğrafiyanın digər xalqları tərəfindən məhv edilmə təhlükəsi ilə qarşı-qarşıya qala bilərlər. Söhbət, əlbəttə, mədəniyyət çarpışmalarının qızışacağı halından gedir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR