İnsanlara hürriyət, millətlərə istiqlal!

Dronların qeydiyyatı və uçuşa icazə proseduraları sadələşdirilməlidir - Osman Gündüz  

 ""Vətəndaş A" serialının Daşkəsən rayonundakı çəkilişləri zamanı istifadə olunan dron Dövlət Sərhəd Xidməti tərəfindən vurulub. Hələ də ölkəmizdə dronlardan müxtəlif məqsədlər üçün  istifadə ilə bağlı məsələ beynəlxalq normalara uyğun formada öz həllini tapmayıb".

Musavat.com bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Ekspert qeyd edib ki, dronların ölkəyə gətirilib, qeydiyyata alınması və uçuşa icazə prosedurları xeyli mürəkkəbdir, buna görə də sadələşdirilməsinə ehtiyac var:

“İndiyədək də dron ölkəmizdə “mülki dövriyyəsi məhdudlaşdırılmış” əşyaların siyahısındadır və ölkəyə gətirilməsi qaydası da silah və partladıcı vasitələrin, kosmik vasitələrin, pul çap edən avadanlıqlardan istifadə prosedurası ilə eynigüclüdür.

5 il öncə Dövlət Mülki Aviasiya Agentliyi dronların qeydiyyatı və uçuşu ilə bağlı Müvəqqəti bir proseduralar müəyyən edib.

Mövcud qaydalara görə dronun qeydiyyatı üçün, yəni ölkəyə gətirilməsi üçün aşağıdakı qurumların rəyi tələb olunur:

Müdafiə Nazirliyi,

Daxili İşlər Nazirliyi,

Dövlət Təhlükəsizliyi Xidməti,

Dövlət Sərhəd Xidməti,

Prezidentin Təhlükəsizlik Xidməti,

Bu rəyləri alanlar dronun qeydiyyatı üçün  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Dövlət Mülki Aviasiya Agentliyinə müraciət etməlidir.

Uçuş icazəsi üçün isə AZAL-ın  “Azəraeronaviqasiya”  Hava  Hərəkəti İdarəsinə müraciət edilməlidir.

İndi təsəvvür edin ki, hansıa bir orta və ya ali məktəb, startap və ya biznes qurumu dronlardan istifadəyə əsaslanan nəsə bir tədqiqat, yaxud xidmət  işi ortaya qoymaq istəyir. Təsəvvür etmək çətin deyil ki, onları hansı çətinliklər gözləyəcək.

Bu Qaydaların pozulmasına görə qanunvericilikdə cinayət məsuliyyəti müəyyən edilib.

Dünyada, hətta qonşu ölkələrdə çoxdan bu problem həll ediblər. Dronlar çəkisinə, uçuş hündürlüyünə, fəaliyyət məqsədlərinə uyğun olaraq tənzimlənib və normal qeydiyyat və uçuş qaydaları var .

Görünən odur ki, hələlik həm biznes məqsədləri üçün, həm elm, təhsil və tədqiqat  yönümlü, həm də əyləncə yönümlü dronlardan istifadə ilə bağlı ölkəmizdə problemlər hələ də öz həllini tapmayıb.

Son zamanlar RİNN -in səlahiyyətləri xeyli genişlənib. Ümid edirəm Nazirlik bu məsələni də nəzarətə götürüb normal bir qeydiyyat və uçuş mexanizmi ortaya qoya biləcək.

Düşünürəm ki qeydiyyat və uçuşa icazə proseduraları xeyli sadələşdirilməlidir.

Bununla əlaqəli rəqəmsal bir platforma hazırlanmalıdır.  Elektron qeydiyyat sistemi yaradılmalıdır. Rəqəmsal həllər yaradıla bilər ki hansı ərazilərdə uçuşa icazə verilir, hansı əraizlərdə verilmir".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR