Onlayn ictimai-siyasi qəzet
“Xalqımız dözümlü xalqdır”
(məşhur deyim)
İndi hər kəsin düşündüyü bir sual var: biz Qarabağ erməniləriylə nə etməliyik? Yaxud, nə etməli olacağıq? Nəyə məcburuq, nəyə məcbur deyilik?
Dövlətin, hökumətin bəyan etdiyi proqramlar var: dinc reinteqrasiya, bölgədə Azərbaycanın suveren hüquqlarının bərpası, kim istəyir qalsın yaşasın, kim istəmir yaxşı yol və sairə.
Rusiyanın istədiyi odur ki, dava hələ uzun zaman sürsün. Bunu Putin açıq dilə gətirdi: “Biz istəyirdik Qarabağın statusu gələcəyə qalsın, lakin Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdı” – Volodya müəllimin rəyini el dilinə tərcümə eləsək, mənası budur ki, Paşinyan bizim planın içinə o məsələ... Amma Ukraynada imperiya dişləri ciddi şəkildə qırılmış, mırıq Rusiyanın imkanları elə daralıb, hətta Ağdərədəki “sülhməramlı” postuna göndərməyə quru qoşunu zabiti tapılmamışdı, Şimal donanmasından sualtı qayıq üzrə 1-ci dərəcəli kapitanı basmışdılar. Rəhmətliyin sonrakı taleyini bilirsiniz.
Sözgəlişi, bizim 44 günlük davanı 2022-ci ilin 24 fevralından çox öncə başlamağımız və udmağımız bəzi paxılların “Rusiya zəif düşüb, yoxsa Qarabağı geri almağımıza imkan verməzdi” kimi boş arqumentlərinin yaranmağını da önlədi. Yəqin Şuşa indi qaytarılsa o ağzıgöyçəklər belə deyirdilər: “Gedin Ukrayna xalqına minnətdar olun”.
Bizim bəxtimiz belədir, nə edəsən. Həmişə kimsə bizə fındıq verəndə dağ boyda təqdim olunar, biz ürəyimizi çıxarıb bağışlayanda “əşşi, qurdlu ürəkdir, kimə lazımdır” deyərlər.
Qərb Qarabağdan çox uzaqdır, ona görə “sərt bəyanatlar” verib sakitləşəcəklər, lakin real çıxış yolu göstərilməyəcək. Biz bunu əslində 27 il ATƏT-in rəhmətlik Minsk qrupunda ABŞ və Fransanın passivliyindən görmüşük. Hazırda Fransa Afrikanı itirir, ABŞ isə İraq və Əfqanıstan biabırçılıqlarından hələ tər tökür, Qafqaz əlavə, mənasız, perspektivsiz başağrısı olardı.
İran da Qərb kimi – öz dərdi özünə bəsdir. Uzun sözün qısası, Qafqazda, o cümlədən Azərbaycanla Ermənistanın arasında barışıq yaranması, münasibətlər qurulması deyəsən bizim özümüzdən başqa kimsəyə maraqlı deyil. Özümüz yazarkən həm azərbaycanlıları (türklü, ermənili qarışıq), həm ermənistanlıları nəzərdə tuturam.
Əlbəttə, çox çətin olacaq. Hələ nə qədər terrorçu, manyak, illər boyu faşizm tərbiyəsi almış tör-töküntülər dağlarda, meşələrdə gizlənib dinc əhaliyə, qayda-qanun yaratmaq istəyən qurumlara təxribat törədəcək. Bəzi insanlar isə 35 ildə həlak olmuş qohum-əqrəbalarının, valideynlərinin qisasını almaq istəyəcək. Bunun hamısını bir-iki ilə tənzimləmək asan gəlməsin. Ortada on illərin davası var, hələ əvvəli demirəm. Yəqin ki, bəzi kin-küdurətin yumşalması üçün azı bir-iki nəsil dəyişməlidir.
Ancaq ermənilərlə azərbaycanlılar başqa ölkələrdə necə dinc yanaşı yaşaya bilir? Bu modeli Qafqazda tətbiq etmək mümkün deyilmi? Vartanla Əhməd bir-birini öldürməsin deyə mütləq İvanın nəzarəti lazımdır? Bu, axı bizim üçün təhqiramiz olmalıdır.
Qafqaz yazdım, ağlıma gəldi... Baltikyanı ölkələr adlandırılan respublikalar var. Keçmiş SSRİ-də bizimlə birgə əsarətdə olublar. SSRİ dağılanda isə bu 3 respublika dabanına tüpürüb bizlərdən elə uzaqlaşdı ki, indi Litva, Latviya və Estoniyanın inkişafına, dünyada yerinə baxanda bunların da bir zaman sovet respublikası olduğunu təsəvvürə gətirmək həddən artıq çətindir. Avropa Birliyinin, Şengen-in, NATO-nun üzvlükləri, insan inkişafı indeksinə görə dünyanın ilk 50-liyinə daxil olmaq, qısası, ən yüksək yaşam şərtləri... Halbuki, aşağı-yuxarı Qafqaz da eyni əraziyə malikdir. Gürcüstan, Ermənistan və Azərbaycan birlikdə təxminən 185 min kvadrat kilometrdir. Baltikyanı da üçü birgə 175 min kv km. Onlar birlik göstərdilər, hər addımı birgə atdılar, imperiya caynağından qurtuldular. Biz isə 35 ilimizi davaya, nahaq qanlara, axmaq millətçilərin tarixi ekskursları üzərində qan qusmağa sərf elədik. Hər iki tərəfdən minlərlə gəncin həyatı yarımçıq qaldı. Nəyə görə? Nəyin uğrunda? Zori Balayan kimi xəstələrin fantaziyaları təmin olunsun deyəmi? Vardanyan varlansın, Köçəryan soncuqlasın deyəmi? Guya Canyataq kəndində indi yatağa düşən erməni qarı üçün bu ideologiyaların çox böyük əhəmiyyəti varmış...
Əlin yumruğa çevrilməsi bir az uzun çəkdi, amma çəkdi. İndi ümid edək yumruğun açılıb əl olması qısa çəksin. Biz yumruq vurduğumuza əl uzatmağı da bacarırıq. Dost olmaq çətindir, dözümlü ola bilərik. Dözümün çözümlə qafiyələnməsi yəqin təsadüfi deyil.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ