Onlayn ictimai-siyasi qəzet
"Dövlət və özəl provayderlər razılığa gəliblər ki, 15 avqustdan minimal tarifləri qaldıracaqlar. Ehtiyac olub-olmamasından asılı olmayaraq istifadəçilərə aşağı sürətlər üçün tarif seçimi imkanı verilməyəcək. Hazırda mövcud olan tarif, 15-18 manat (40 Mbit/s), avqustun 15-dən başlayaraq 25 manat (100 Mbit/s ) müəyyən olunacaq.
Lakin Antiinhisar və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hələlik istifadəçilərin seçim imkanlarının məhdudlaşdırılmasına və minimal tariflərin 40% qaldırılmasına münasibət bildirməyiblər".
Musavat.com bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Mütəxəssis qeyd edib ki, İKTA tənzimləyici qurum olaraq internet sektorunda dövlətin xüsusi çəkisinin yuksəlməsini də nəzarətdə saxlamalıdır.
"Düşünürəm ki, Aztelekom-un, Azercell dövlət sirkətinin özəlləşdirilməyə çıxarılması məqamı yetişib", deyə Osman Gündüz vurğulayıb.
Mütəxəssis həmçinin qeyd edib ki, ölkədə əksər internet provayderlərinin saytı yoxdur:
"İKTA 160-dan çox provayderi uçota alıb. Siyahısını da saytında yerləşdirib. Maraqlıdır ki, internet xidmətləri təqdim edən bu qurumların 40-dan çoxunun saytı yoxdur.
Baxmayaraq ki, son illərdə provayderlər üçün biznes mühiti nisbətən liberallaşıb, provayderlərin sayı kəskin artıb, amma pərakəndə internet satışı bazarında dövlətin xüsusi çəkisi yüksəkdir.
Son üç ildə bütün ölkə boyu keyfiyyətli internetə əlçatanlıq xeyli yaxşılaşsa da, dövlətin payı da hədsiz yüksəlib.
Aztelekom, Baktelekom, AzEuroTel, Azercell, hətta yetərincə müştəri sayı olan Azeronline provayderinin də Azercell dövlət şirkətinə aid olduğunu nəzərə alsaq pərakəndə bazarda dövlətin xüsusi çəkisinin xeyli artdığını görmək olar".
Xalidə Gəray
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ