İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Turizm Agentliyi qış turizmi ilə bağlı planları açıqladı  


“Payız mövsümündə Avropa bazarları üçün marketinq və təbliğat işini gücləndirmək istiqamətində işlər görülür. Şahdağ, Tufandağ və Ağbulaq kimi qış turizm destinasiyalarının təbliği əsas marketinq istiqamətləri sırasındadır”.

Bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva Musavat.com-un sorğusuna cavab olaraq bildirib. O qeyd edib ki, sentyabr ayında Polşada Azərbaycanın turizm potensialının təqdimatı və B2B formatlı görüşlərin təşkili üçün xüsusi tədbir keçiriləcək:

“Noyabr ayında Varşavada keçirilən beynəlxalq turizm sərgisində iştirak planlaşdırılır. Eyni zamanda Çexiyada, həmçinin Almaniya, İsveçrə və Avstriyada Azərbaycanın turizm imkanları haqqında məlumatlılığın artırılması və sənaye nümayəndələri arasında əlaqələrin yaradılması üçün təqdimat və görüşlər təşkil olunacaq.

Avropa bazarlarında işgüzar turizm imkanlarının təbliğatı da davam etməkdədir. Azərbaycanın işgüzar turizm destinasiyası kimi tanıdılması məqsədilə noyabr ayında Barselonada keçiriləcək “İBTM” sərgisində iştirak edəcəyik.

Yaxın Şərq və körfəz ölkələri, o cümlədən Pakistan, Hindistan, MDB ölkələri üzrə marketinq tədbirləri payız və qış mövsümündə də davam etdiriləcək.

Qış mövsümündə də Yaxın Şərqdən turist axınının təmin edilməsi üçün müvafiq danışıqlar aparılır, birgə tədbirlər davam etdirilir. Məsələn, ilk dəfə olaraq bu il “Flynas” hava yolu şirkəti həftədə 3 dəfə olmaqla Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindən qış mövsümündə ölkəmizə uçuşlar həyata keçirəcək. Əlbəttə, tələbə əsasən digər hava yollarının da cəlb edilməsi planlaşdırıla bilər”.

G. Mustafayeva həmçinin, qeyd etdi ki, sentyabr ayında İtaliyada Turin şəhərində kulinariya ilə bağlı keçirilən beynəlxalq tədbirdə ölkəmizin qastroturizm imkanlarının təbliğatını həyata keçiriləcək. “Ənənəvi olaraq dünya turizm sənayesini bir araya toplayan Londonda keçirilən “World Tourism Market” sərgisində bu il də iştirak edəcəyik”,- deyə o, əlavə edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR