İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamentində Qarabağ müzakirəsi - Bakıdan reaksiya

Avropalı deputatlar və Oskanyan ABŞ turnesində dayanmaq bilmir, ermənilərin qayıdışı mövzusu bu dəfə Rubionun masasında; pərdə arxasındakı “dirijor çubuğu” kimlərindir... 

İsveçrəli deputatlar Erix Fontobelli və Lukas Reymann Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatının prezidenti doktor Con Aybner və Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Dağlıq Qarabağ üzrə İsveçrə Sülh Təşəbbüsü”nü təqdim etmək və ABŞ-ın cənubda uzunmüddətli ədalətli əməkdaşlığın daha fəal qurulmasını təşviq etmək üçün bu ölkədə səfərdədirlər.

Konfransın məqsədi “Azərbaycan hakimiyyəti ilə Dağlıq Qarabağın köçkün erməni əhalisinin nümayəndələri arasında beynəlxalq nəzarət altında könüllü, kollektiv və ləyaqətli qayıdış üçün danışıqlara yönəlmiş birbaşa dialoqa başlamaqdır”.

Qeyd edək ki, iyulun 7-də nümayəndə heyəti ABŞ Dövlət Departamentində olub və dövlət katibinin köməkçilərinin müavinləri Ceyk Makqi və Monika Eyyqer Yakobsenlə görüşüb. Müzakirələrdə “Dağlıq Qarabağdan didərgin düşmüş ermənilərin hüquqları, eləcə də Cənubi Qafqazda və daha geniş regionda baş verən proseslər” müzakirə olunub.

Dövlət katibi Mark Rubionun müavinlərinin köməkçiləri ilə görüş bütün hallarda yaxşı hal deyil. ABŞ-ın yeni administrasiyası Qarabağdan köçən ermənilərin məsələsini müzakirə etməməlidir, ona görə ki, belə bir məsələ yoxdur, qapanıb. Yəni onların qayıdışı ilə bağlı Bakının şərtləri məlumdur. Biz də qərbi azərbaycanlıların yurd-yuvasına qayıdışını qarşılıqlı şəkildə tələb edirik.

Bəs Bakı bu oyunları necə poza bilər? 

Züriyə Qarayeva: “Azərbaycan artıq enerji idxalçısı deyil, regional gücə  çevrilib”

 Züriyə Qarayeva

Siyasi ekpert Züriyə Qarayeva “Yeni Müsavat”a bildirib ki, erməni lobbisinin pulları hələ də səmərəsiz layihələrə xərclənməkdədir. Onun sözlərinə görə, ABŞ-da baş tutan bu görüşlərin heç bir nəticəsi ola bilməz. “Sadəcə, hesabat xarakterli tədbirlər təşkil olunur. İsveçrəli deputatlar və onlara qoşulan Vardan kimilər ağalarına nümayiş etdirirlər ki, guya ABŞ-da Qarabağ mövzusunu qaldırıblar. Bu görüşlərin keçirilməsindən erməni lobbi və diasporunun verdiyi pulun qoxusu gəlir. Bununla Qarabağdan köçən ermənilərin məsələsini gündəmdə saxladıqlarını hesab edirlər. Halbuki nə gedən ermənilər, nə rəsmi İrəvan geri qayıdış barədə danışır. Birincisi, əksəriyyəti ya Ermənistan vətəndaşıdır, ya da Rusiyaya, Avropaya köçüblər. İkincisi, qərbi azərbaycanlıların qayıdışı təmin olunmalıdır. Bu proses qarşılıqlı baş tutmalıdır. Üçüncüsü, ermənilər Qarabağa qayıtmaq istəmirlər”.

Z.Qarayevanın fikrincə, bu görüşlər Azərbaycanı narahat etməməlidir, lakin reaksiya da verilməlidir: “Biz ilk növbədə Dövlət Departamentinin nümayəndələrinə etiraz etməliyik ki, belə bir məsələni niyə müzakirəyə çıxarırlar. Qarabağdan gedən ermənilərin bir qismi separatçı, bir hissəsi tərk-silah edilmiş hərbçilər idi. Həmçinin onların arasında separatizmə dəstək vermiş şəxslər var idi. Yəni bu adamları məzlum, guya ev-eşiyindən qovulmuş adamlar kimi qələmə vermək kökündən yanlışdır. Azərbaycan humanist addım atıb, o dövrdə gedənlər üçün avtobuslar belə təşkil etmişdi, su, qida və digər ehtiyacları qarşılanmışdı. Kimisinə təcili tibbi yardım kömək edirdi, kimisi şokolad yeyirdi. İndi Oskanyan kimilər Vaşinqtonda nağıllar uydururlar ki, guya dinc erməni əhalisi etnik təmizləməyə məruz qalıb və bunu amerikalı diplomatlara sırıyırlar, onları inandırmağa çalışırlar. Hərçənd reallıqları ABŞ diplomatları əla bilirlər”.

Sözcü - Xəzər Teyyublu: Şikayətləri araşdırandan sonra müvafiq dövlət  təşkilatlara sorğular göndəririk

Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublunun sözlərinə görə, ermənilərin qayıdışı üçün heç bir maneə yoxdur, amma özləri bunu istəmirlər: “Onlar qalmaq istəsəydilər, elə o vaxt getməzdilər. Deməli, Azərbaycan qanunları ilə yaşamağı seçmədilər. İndi qayıdışı ABŞ məmurları ilə niyə müzakirə etməlidirlər ki? Onlar bizim pasportları, vətəndaşımız olmağı qəbul eləmədilər. O halda, yenidən geri dönmək də niyyətində deyillər. Yəni bu məsələdə böyük yanlışlıq var”.

Onun fikrincə, əgər ermənilərin qayıdışı müzakirə edilirsə, onun yolları, forması da açıqlansın: “Desinlər ki, bunu necə təsəvvür edirlər. Məsələn, vətəndaşlığı qəbul etmədən Xankəndidə yaşamağı nəzərdə tuturlarmı? Bu, nonsesdir. Özləri üçün icma yaradırlarmı, ya başçı seçirlərmi? Bir sözlə, mexanizmi də yoxdur, təklif də səsləndirmirlər. Sadəcə, tutuquşu kimi eyni sözləri hansı ölkəyə getdilər, təkrarlayırlar. Axı qayıdış deməklə iş olmur, ermənilərin bir özlərindən soruşmaq lazımdır ki, sən Ağdərədə, ya Xocavənddə yaşamısan, indi Azərbaycan vətəndaşı kimi ora qayıtmağa hazırsanmı? Əksəriyyət razı olmayacaq. Əgər belə bir istək olsaydı, elə o vaxt qalardılar. Azərbaycan dövləti həmin dövrdə çağırışlar etdi, fermerlər üçün subsidiyalar, güzəştlər, müəyyən sosial paketlər açıqladı. Onlar parlament, bələdiyyə seçkilərində iştirak edəcək, özlərinə erməni deputat seçəcəkdilər. Hətta Azərbaycan tərəfi də buna hazırlaşmışdı. Ancaq imtina etdilər və öz xoşları ilə getdilər. Əslində qalsaydılar, indi Qarabağda fərqli mənzərə olacaqdı. Eyni zamanda onların buradakı varlığından müxtəlif güc mərkəzləri bizə qarşı təzyiq rıçağı kimi istifadə edəcəkdilər. Yaxşı ki, könüllü şəkildə getdilər. Ermənilər birgəyaşayışa hazır deyil və bizə nifrəti davam etdirirlər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR