Onlayn ictimai-siyasi qəzet
Dərisinin rənginə görə insanı küçədə döydürüb öldürən dövlətin növbəti saxtakarlığı
ABŞ Dövlət Departamentinin hazırladığı illik hesabatlar daim səs-küyə səbəb olur. Burada insan haqları, demokratiya ilə bağlı haqsız, qərəzli yanaşmaların şahidi oluruq.
65 milyard dolar həcmində büdcəsi, 69 min işçisi olan departamentin əldə etdiyi informasiyalar kəşfiyyat məlumatları kimi xarakterizə olunur və faktiki də belədir. Hesabatın subyektiv və qərəzli məqamları əsasən şəxslərdən qaynaqlanır. Bu isə çox dəhşətli və ABŞ üçün utanclı hadisədir.
Konkret olaraq 2023-cü illə bağlı yayılan hesabatda insan hüquqları, dini tolerantlıqla bağlı Azərbaycana qarşı tam ədalətsizlik və saxtakarlıqlar var. Bu hesabatın ölkəmizə aid olan hissəsini erməni əsilli Daniela Aşbaxyan hazırlayıb! Bu o deməkdir ki, Dövlət Departamenti erməni lobbisinin, bu halda bir erməninin əlində alətə çevrilib, ABŞ Aşbaxyanın tələsinə düşüb.
ABŞ-ın özü demokratiya və insan haqları, eləcə də dini azadlıqlar sahəsində özü daim tənqid olunur. Təkcə qaradərililərə qarşı münasibətin dözülməz olması faktını kimsə dana bilmir.
İndiki halda isə baş verən hadisəni, Azərbaycana qarşı erməninin müəllifliyi ilə saxta hesabat hazırlamağı ABŞ necə izah edə biləcək? Bu onun onsuz da zədəli imicini yerlə bir edəcək. Bu həm də o deməkdir ki, ABŞ kimi bir dövlət erməni fitnəsinin toruna düşüb...
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan bu cür qərəzli, zərrə qədər əsası olmayan hesabatlara ümumiyyətlə əhəmiyyət verməli deyil. ABŞ Dövlət Departamenti tərəfindən illərdir bu cür hesavatlar hazırlanır. Hətta mən xatırlayıram, bu hesabatların birinin müzakirəsi zamanı - o zamanlar ABŞ səfirliyi Bakıda hüquq müdafişəçilərini dəvət edirdi bu müzakirələrə - mən səfir Rino Harnişə dedim ki, bu hesabatda Ermənistandan qovulmuş azərbaycanlıların sayı az göstərilir və biz ötən il də buna etirazımızı bildirimişik. Səfir ciddi bir cavab verə bilmədi. Sadəcə dedi ki, ola bilsin texniki yanlışlıq olub. Yəni əslində hələ illər öncədən Dövlət Departamentində hesabatların hazırlanmasında ermənilər iştirak edirdi. Təhriflər, qərəzli münasibət və böhtanlar həm də bundan qaynaqlanır. İnsan hüquq və azadlıqlarından, demokratiyadan, dini etiqad azadlıqlarından sənədlər fərziyələr əsasında hazırlanmamalıdır. Eyni zamanda bu sənədlərin hazırlanması milyardlarla dollar büdcəsi olan Dövlət Departamentinin özünün qərəzli olmayan, tərəf tutmayan əməkdaşları tərəfindən faktlara, sübutlara söykənilməklə hazırlanmalıdır. Amma biz görürük ki, Azərbaycanla Ermənistan arasında sülhün hələ tam bərqərar olmadığı bir dövrdə erməni əsilli insanlara-Daniela Aşbaxyana Azərbaycanla bağlı hesabat hazırlamağı həvalə etmək özü əvvəldən qərəzin nümayiş etdirilməsidir. Gün kimi aydındır ki, ermənilər həmin hesabatı Azərbaycana bəslədikləri nifrətin təsiri altında hazırlayacaqlar. İndiyə qədər Dövlət Departamentinin hesabatlarında işğal dövründə Ermənistan tərəfindən dağıdılan Azərbaycanın 67 məscidi haqqında fikirlər əksini tapmayıb. Qarabağda bir dənə də olsun xristian abidəsi dağıdılmayıb. Ancaq 67 məscidin ermənilər tərəfindən dağıdılması, yandırılması faktdır. Dövlət Departamenti bunları görmək istəmir. ABŞ o cür saxta hesabatlarla Azərbaycana təzyiqlər etmək istəyir. Biz, ABŞ-ın Bakıdakı səfirliyinə, Dövlət Departamentinə rəsmi etirazlarımızı bildirməliyik. ABŞ bu cür qərəzli mövqeyi ilə Ermənistan-Azərbaycan münasibətlərində tərəfsizliyinə növbəti dəfə ciddi zərbə vurdu. ABŞ açıq-aşkar tərəf tutduğunu nümayiş etdirir. ABŞ Fransaya çevrilir. Bununla da Cənubi Qafqazda onun nüfuzu da get-gedə Fransanın nüfuzu səviyyəsinə enəcək. Sonda Azərbaycanın haqlı olduğunu qəbul edəcəklər".
Aydın Hüseynov
Deputat Aydın Hüseynov da bildirib ki, ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında Azərbaycan haqqında yazılanlar qərəzli və heç bir fakta söykənməyən cəfəngiyyatdır: “Əvvəla ölkəmizdə müxtəlif dinlərin daşıyıcılarının birgəyaşayışı, tolerantlıq, multikulturalizm barədə fərqli mənbələrin apardığı araşdırmalar bu hesabatın tam əksini deyir. İkincisi, hesabatın kim tərəfindən hazırlanması da əsas məsələdir, görürük ki, burada da erməni izi, erməni barmağı, ermənipərəst yanaşma var. ABŞ Dövlət Departamenti həmin hesabatın hazırlanması üçün Azərbaycanda hansısa araşdırma aparıbmı? Əlbəttə yox. Hansı dinin nümayəndəsi ona qarşı ayrı-seçkiliyin olduğunu deyib? Bütün bunlar qərəzli iddialardır.
Azərbaycanda dini ayrı-seçkiliyin olduğunu iddia edənlər özlərinə baxsalar, öz ölkələrində baş verənləri saf-çürük etsələr, daha ədalətli olar. Amerikada dini, milli və irqi ayrı-seçkiliyi araşdırmağa ehtiyac yoxdur, çünki bu hadisələr demək olar ki, ABŞ-da hər gün baş verir. Fərqli irqlərin nümayəndələrinin bir-birini qəbul etməməsini ictimai nəqliyyatda, iş yerlərində, yaşayış yerlərinin seçilməsində açıq gözlə görmək olar. Qeyri-xristian dinlərə qarşı münasibəti bütün Avropa ölkələrində, o cümlədən Amerika qitəsində baş verən toqquşmalar və qarşıdurmalarla sübuta yetirmək olar. Bu azmış kimi, ABŞ bütün dünyada çoxsaylı müharibələri və qarşıdurmaları alovlandırır, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına səbəb olur. Bəs hesabatda bunlar niyə qeyd olunmayıb? Əlbəttə, hesabat müəllifləri bunu görməzdən gəlirlər, onlar “araşdırmalar”ını yalnız qeyri-xristian ölkələrdə aparırlar ki, özlərini sığortalaya bilsinlər".
Deputatın sözlərinə görə, Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı bölümü hazırlayan erməni əsilli amerikalı Daniela Aşbaxyan Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biridir: “Bu erməni qadın Livanın Los Ancelesdəki konsulluğunda çalışıb. Onun statusu Dövlət Departamentində işləməsinə qadağa qoyur. Nədənsə amerikalılar buna da göz yumublar.
Daha bir diqqətçəkən məqam hesabatda qeyd olunan “faktlar”ın 2023-cü ildə Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərinin nəticələrinə uyğun hazırlanmasıdır. Hesabatı hazırlayanlar antiterror tədbirlərinin separatçılara, Ermənistan ordusunun qalıqlarına qarşı aparıldığını bilərəkdən diqqətdən kənarda saxlayaraq baş verənləri dinlə əlaqələndiriblər, ya da dini ayrı-seçkiliyə yozublar".
Hikmət Babaoğlu
Deputat Hikmət Babaoğlu isə bildirib ki, ABŞ Dövlət Departamentinin qəbul etdiyi hesabatlar artıq dünya tərəfindən ciddi qəbul olunmur. Dövlət Departamenti bu cür qərəzli hesabatları müstəqil iradə nümayiş etdirən dövlətlərə təzyiq üçün istifadə edir: “ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatının Azərbaycana aid hissəsində əsassız, reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialardan ibarət məqamlara toxunub. Burada diqqətçəkən, önəmli və əsas məqamlardan biri hesabatın ermənilər tərəfindən tərtib olunmasıdır. Belə ki, sənədin Azərbaycana aid olan hissəsi dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan olan ictimai xadim tərəfindən hazırlanıb. Bu hesabata heç kim inanmır və obyektiv olması da qeyri-mümkündür
ABŞ Dövlət Departamentində müstəqil iradə nümayiş etdirən dövlətlərə qarşı söz azadlığının, demokratik dəyərlərin, insan hüquqlarının, dini və etnik azadlıqların bir silah kimi işlənməsi artıq ənənə halını alıb. Bu, həmin Departamentdir ki, bir neçə gün əvvəl ABŞ-dan 3 min kilometr uzaqda yerləşən ölkələrlə bağlı dinləmələr keçirir və qərar qəbul edir ki, hansı ölkə necə davranmalıdır. Bu mövqenin özü də şübhəsiz ki, beynəlxalq hüquqa ziddir. Eyni zamanda, bu müzakirələrin məhz islamofob mövqedən aparılması da ən böyük dini, milli və etnik ayrı-seçkilikdir. Belə olan halda ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan hesabata əlbəttə ki, heç kim inanmır və onun obyektiv olması qeyri-mümkündür. Çünki daima ardıcıl olaraq belə qərəzli mövqelərdən çıxış edən müxtəlif sənədlərlə biz üzləşirik. Artıq dünya da buna alışıb. Düşünürəm ki, belə mövqe artıq heç kəsi təəccübləndirmir. Dövlət Departamenti bu cür qərəzli hesabatlarla ABŞ-ın Azərbaycanda və bölgədə nüfuzuna zərbə vurur. Dövlət Departamentinin müxtəlif məsələlərlə bağlı yayımladığı hesabatlar artıq 30 il əvvəl olduğu kimi ciddi sənəd olaraq qəbul edilmir. Çünki bu cür hesabatlarda səsləndirilən dırnaqarası faktların milli dövlətlərə təzyiq üçün nəzərdə tutulduğu çox aydın görünür və bunu hamı dərk edir. Lakin məsələ ondadır ki, bu cür hesabatlar əvvəlki illərdəki kimi müəyyən siyasi etika çərçivəsində də hazırlanmır. Hazırda Azərbaycanla bağlı hesabatın hazırlanması üçün ermənilər cəlb edilib. Ona görə də, müəllifi erməni olan hesabatın Azərbaycana qarşı bu qədər qərəzli olmasında təəccüblü nəsə yoxdur".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ