İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət büdcəsində bu tədbirlər üçün 500 milyon manatdan çox vəsait nəzərdə tutulur

2024-cü ildə büdcə vəsaitlərinin toplanması və qənaətlə istifadə olunması təmin olunacaq.

Musavat.com bildirir ki, bunu Milli Məclisin plenar iclasında Baş nazir Əli Əsədov bildirib. Hökumət başçısı deyib ki, 2024-cü ildə Azərbaycanda 2,9 % iqtisadi artım proqnozlaşdırılır. O cümlədən qeyri-neft-qaz sektoru üzrə 4,8 % nəzərdə tutulub. Ə.Əsədov Rəqabət Məcəlləsinin qəbul olunmasının ardınca rəqabət mühitinin təmin olunması məsələsində də ciddi addımların atılacağını vurğulayıb.

Baş nazir qeyd edib ki, Azərbaycanda müsbət makroiqtisadi göstəricilərdən biri inflyasiya tempinin azalmasıdır: “Hökumətin antiinflyasiya tədbirləri, dünya ərzaq bazarlarında qiymətlərin enməsi, tədiyə balansının profisitli olmasının məzənnə sabitliyini dəstəkləməsi inflyasiya idxalına və bununla da inflyasiya səviyyəsinə azaldıcı təsir göstərib. 2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə olacağı proqnozlaşdırılır. Dövlət Statistika Komitəsinin ilkin rəqəmlərinə görə, artıq 2023-cü ilin 11 ayında orta illik inflyasiya birrəqəmli 9,4% olub, illik inflyasiya 2,6% təşkil edib. Eyni zamanda Nazirlər Kabinetində “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılmış İşçi qrup inflyasiya proseslərinin, onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görür. Ümumilikdə, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəsinin təmin edilməsi, əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması, habelə fiskal və monetar siyasətin koordinasiyası istiqamətində zəruri tədbirlər davam etdiriləcək”.

Ə.Əsədov qeyd edib ki, 2024-cü ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün 500 milyon manatdan çox vəsait nəzərdə tutulur. Hökumət başçısı deyib ki, ölkədə yerli istehsalın özünütəminetmədə rolunun artırılması ilə bağlı tədbirlər həyata keçirilir: “Bu baxımdan ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılığın azaldılması prioritet istiqamətlərdəndir. Mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2024-cü ilin dövlət büdcəsindən 500 milyon manat vəsait ayrılacaq”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR