İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dövlət başçımızın atdığı bu humanist siyasəti alqışlayırıq”

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107 illiyi ərəfəsində Prezident İlham Əliyev tərəfindən “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın imzalanması Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm siyasətinin dövlət başçımız tərəfindən uğurla davam etdirildiyinin növbəti təsdiqidir”.

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, ölkə başçısının Sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib: “25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad olunub. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib”.

Deputat bildirib ki, insanların sosial müdafiəsinin gücləndirilməsi, həyatlarının həssas dönəmlərində, eləcə də əlamətdar tarixi günlərdə və milli bayramlarda onlara sevinc bəxş edilməsi möhtərəm Prezidentimizin siyasətinin ana xəttini təşkil edir: “Ümumiyyətlə ölkəmizdə son illərdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlara diqqət etsək, dövlət başçımızı bu sahədə humanist siyasətinin, xüsusən cəzaların humanistləşməsinin bir daha şahidi olarıq. Ölkə başçısının bu addımı statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına diqqət və qayğının növbəti təzahürüdür. Hesab edirəm ki, bu Sərəncam hüququn aliliyinə, insanların hüquqi davranışının tənzimlənməsinin önə çəkilməsinə verilən bir qiymətdir”.

Səbinə Salmanova Prezident İlham Əliyevə 28 May - Müstəqillik Günü ərəfəsində belə bir Sərncam imzaladığına görə təşəkkür edib: “Cənab Prezident İlham Əliyevə 28 May - Müstəqillik Günü ərəfəsində minlərlə insanı bir daha sevindirdiyinə görə çox təşəkkür edir, Dövlət Başçımızın atdığı bu humanist siyasəti alqışlayırıq. Eyni zamanda dövlət başçımızın əfv sərəncamının təsiri altına düşmüş hər bir şəxsi ayrılıqda təbrik edirəm”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR