Onlayn ictimai-siyasi qəzet
“Təəssüf ki, hər zaman olduğu kimi, ABŞ yenə də Azərbaycanla bağlı öz qərəzli münasibətini ortaya qoyub. 30 il ərzində Qarabağda bütün məscidlərimiz barbarcasına dağıdıldı, içərisində donuz, inək saxlanıldı. Bu günə qədər ABŞ buna heç bir reaksiya vermədi. Alban kilsələri, xristian məbədləri dağıdıldı. Buna da reaksiya olmadı”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Millət vəkili Qarabağdakı erməni abidələrindən də danışıb:
“Bu abidələrin hamısı Azərbaycan tərəfindən qorunur. Bir fakt göstərilə bilməz ki, Azərbaycan ordusu hansısa tarixi abidəni dağıdıb.
Burada ən qərəzli məsələlərdən biri odur ki, indiki Ermənistan ərazisində bizim 300 məscidimiz, 500 qəbiristanlıq dağıdılıb. İrəvanın mərkəzindəki Sərdar məscidi, Təpəbaşı məscidi dağıdılıb. Eyni zamanda tarixi Azərbaycan məscidi olan Göy məscid İran məscidi kimi dünyaya təqdim olunur. Bu, qərəzli yanaşmanın, ikili standartların göstəricisidir.
Bu gün Bakının mərkəzində yerləşən erməni kilsəsi içərisində erməni dilində 5000 ədəbiyyatla birgə qorunur. Bütün bunlar onu göstərir ki, Azərbaycanda bununla bağlı heç bir problem yoxdur. ABŞ rəsmilərinin verdiyi açıqlama fakta əsaslanmır”.
Ceyhun Məmmədov bildirib ki, son illər Azərbaycanda bütün dinlərə, məzhəblərə, təriqətlərə daha geniş imkanlar yaradılıb:
“Bu gün Azərbaycanda bütün dinlərə aid ayinlərin icrası üçün şərait yaradılır. Dövlət Bakıda sinaqoq, kilsə tikib. Hər il dövlət büdcəsindən yardım ayrılır. Bu gün erməni kilsəsi dövlətimiz tərəfindən bərpa olunur. O mənada bu narahatlıq üçün əsas yoxdur. Azərbaycan bu abidələri qoruyub və qoruyacaq. Amma bu qərəz, ikili standart əlbəttə, Azərbaycan tərəfindən birmənalı qarşılanmır.
Hesab edirəm ki, yanaşma ədalətli olmalı və faktlara əsaslanmalı idi. Bu sahədə narahatlığa əsas yoxdur. Çox ciddi tapşırıqlar var ki, bu abidələr dövlət tərəfindən qorunmalıdır və onlara toxunulmamalıdır”.
Aytən Novruz
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ