İnsanlara hürriyət, millətlərə istiqlal!

Dörd dövlətin “rəislik etdiyi” unikal həbsxana - Sonuncu məhbus özünü asıb

II dünya müharibəsindən sonra sözdə əməkdaşlıq edib, bağlı qapılar arxasında düşmənçilik edən böyük dövlətlər birlikdə təxminən 40 il Berlindəki həbsxananı idarə ediblər. Altı metr hündürlüyündə daş divarı və iki tikanlı məftillə örtülmüş tutqun dördmərtəbəli, xaç formalı binada nasist cinayətkarlar saxlanılıb.
Təəccüblüdür ki, hətta nüvə münaqişəsi astanasında olan SSRİ, ABŞ, Böyük Britaniya və Fransa Şpandauda tərəfdaşlıq münasibətlərini davam etdiriblər.

Nasist yeddilik

1930-cu illərdə həbsxananın 800 məhbus yerləşdirmək imkanı olsa da, XX əsrin ikinci yarısında orada yalnız yeddi nəfər cəza çəkib. Dünyanın yarısının nifrət etdiyi bu şəxslər 3-cü Reyxin beynəlxalq hərbi tribunal tərəfindən məhkum edilmiş yüksək rütbəli liderləri olub.

b340d87c-b82a-48ce-90ed-98724a338a1f.jpg (79 KB)

Dar ağacının yerinə Vyana qauleyteri Baldur fon Şirax, keçmiş xarici işlər naziri Konstantin fon Neyrat, silah və hərbi istehsal naziri Albert Şpeer, iqtisadiyyat naziri Valter Funk, nasist partiyasında Hitlerin keçmiş müavini Rudolf Hess və həmçinin admirallar Karl Denis və Erix Reder Şpandau həbsxanasına göndərilib.

Onların bəziləri on il, bəziləri isə ömürlərinin qalan hissəsini bu divarlar arasında keçirməli olub. Tribunalın hökmünə görə, bütün bu müddət ərzində onlar dörd qalib dövlətin, yəni SSRİ, ABŞ, Böyük Britaniya və Fransanın nümayəndələrinin ciddi nəzarəti altında qalmağa məcbur olublar.

Müttəfiqlərin həbsxanası

Qanuni olaraq Böyük Britaniyanın nəzarət zonasında yerləşən müttəfiqlərarası statusuna malik həbsxananın rəhbərliyinin tərkibində hər ölkədən bir nümayəndə olub. Onlardan daimi olaraq müəssisədə olmaq və hər ay sədrlik edən direktor vəzifəsində bir-birini əvəz etmələri tələb olunub. Lakin bütün qərarlar yekdilliklə qəbul edilib. Məlumdur ki, tibb işçilərindən başqa məhbuslarla digər şəxslərin təması qadağan edilib.

d286c83a-60bb-4da5-9c65-cee19a8d5a6a.jpg (112 KB)

Fransızlar, ruslar, amerikalılar və ingilislərlə yanaşı, digər ölkələrin vətəndaşları da işə cəlb edilib. Rəsmi ünsiyyət dili alman olsa da, Almaniya vətəndaşlarının Şpandauya girişinə icazə verilməyib.

Təhlükəsizlik məqsədi ilə həbsxana gözətçiləri hər ay dəyişib, müəssisənin bir ölkədən digərinə köçürülməsi əsgərlərin təntənəli gedişləri və qarovul komandirlərinin raportları ilə müşayiət olunan bütöv bir ritual olub. 133-cü motoatıcı batalyonunun hərbi qulluqçusu Nikolay Sısoyevin xatirələrinə görə, qüsursuz yürüş addımı ilə həbsxana darvazalarına daxil olan hərbçilər polad lövhələrlə möhkəmləndirilmiş çəkmələrinin altını daşlara vuraraq dəhşətli gurultu yaradıblar.

 

1c9b2328-21c5-4435-b4f1-37bc7704006f.jpg (95 KB)

Məhkumlar üçün senzura

Şpandauda saxlanılanların rahat həyat şəraiti olduğunu söyləmək olmaz. Məhkumlar təkadamlıq kameralara salınıb və hətta gəzinti, kilsə ziyarətləri və ya iş zamanı onların bir-biri ilə əlaqə saxlamasına icazə verilməyib. Admiral Erix Reder xatirələrində bildirib ki, ayda bir dəfə senzuradan keçən bir qısa məktub yazmağa və qəbul etməyə icazə verilib: “Çox vaxt gələn məktublar bizə ümumiyyətlə ötürülmürdü, ya da senzorlar tərəfindən şikəst edilmiş formada ötürülürdü. Onlardan böyük parçalar kəsilirdi. İki ayda bir dəfə ailə üzvlərimizdən biri ilə görüşə icazə verilirdi, amma bu görüş on beş dəqiqədən çox çəkmirdi”.

Sovet hərbçiləri Şpandau məhbuslarına Qərb tərəfdaşlarından qəddar yanaşıb. Məhbusların xatirələrinə görə, növbəni təhvil alan gözətçilər dəmir qapıları, barmaqlıqları qəsdən çırpıb, gurultu ilə bağlayıblar. İngilislər və amerikalılar intiharın qarşısını almaq üçün gecələr yalnız bir neçə dəfə məhbusun kameralarında işıq yandırdıqları halda, ruslar hər 15 dəqiqədən bir belə yoxlamalar keçiriblər. Bundan əlavə, 1962-ci ildə SSRİ Qərbin Şirax və Şpeeri “yaxşı davranışa” görə azad etmək təşəbbüsünü kəskin tənqid edib.

Sonuncu məhbus

8fa9d8f5-0fdb-4d03-a2a6-0aad95a69239.jpg (108 KB)

Lakin SSRİ-nin səylərinə baxmayaraq, Şpandau məhbusları yenə də bir-birinin ardınca azad edilib. Ya müddət bitdikdən sonra, ya da səhhətinin pisləşməsi ilə əlaqədar. 1966-cı ildə həbsdə yalnız Rudolf Hess qalıb. 133-cü batalyonun əsgəri Pyotr Lipeyko 1985-ci ildə fürer müavini ilə ilk görüşünü belə təsvir edib:
“O, həbsxana parkında dar cığırla mənə tərəf gəlirdi və kimsə yol verməli idi. Burada hətta bir az əsəbiləşdim: mən qalib ölkənin ordusunun zabiti niyə bunu etməliyəm? Biz dayandıq və mən onun tüklü qaşlarının altından çox diqqətli və əmredici bir baxışını gördüm. Hess bir neçə dəqiqə yeni gələni nəzərdən keçirdi, sonra məhbus yavaş-yavaş yoldan çıxdı. Maraqlıdır ki, bu “duel”dən sonra o, mənimlə salamlaşmağa başladı, baxmayaraq ki, qoca nasist ruslarla heç vaxt salamlaşmırdı”.

Hess 1987-ci ildə azad edilməyinə az müddət qalmış intihar edib. Müqaviləyə uyğun hərəkət edən müttəfiqlər sonuncu məhbusun ölümündən sonra Şpandau həbsxanasını tamamilə dağıdıblar. İndi onun yerində böyük ticarət mərkəzi fəaliyyət göstərir.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR