Onlayn ictimai-siyasi qəzet
"Dünya bazarında dolların yenidən möhkəmlənməsi müşahidə olunur. Avro dollara nisbətən dəyər itirməkdədir. Hazırda bir avro almaq üçün bir dollar yeddi sent ödəmək lazımdır".
Musavat.com xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
O əlavə edib ki, bir müddət öncə bir avro almaq üçün bir dollar 11 sent ödəmək tələb olunurdu. Dolların möhkəmlənməsi, ABŞ iqtisadiyyatının güclənməsi və makroiqtisadi göstəricilərin proqnozlaşdırılandan daha müsbət olması, eləcə də inflyasiyanın tənzimlənməsi ilə bağlıdır:
"Eyni zamanda, Azərbaycanda son hərraclar göstərir ki, dollara tələbin artması müşahidə olunmayıb. Belə ki, sonuncu hərracda dollar satışı 70 milyon dollardan az olub. Bu da təbii ki, tələbin optimallaşdırılmasından xəbər verir.
Amma bütün hallarda növbəti dövrdə manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Təbii ki, manatın məzənnəsinə, ölkəyə daxil olan valyutanın həcmi, xüsusən neftin dünya bazar qiyməti birbaşa təsir göstərir. Növbəti dövrlər üçün neftin bazar qiyməti və ölkəyə daxil olan valyutanın həcmi birbaşa valyuta tələbinə təsir göstərən faktorlardan olacaq.
Təbii ki, idxal da dollar tələbinə təsir göstərir. Biz ötən ilin sonunda, eləcə də 2024-cü ilin əvvəllərində idxalın artması səbəbindən dollara tələbin artmasını müşahidə etmişdik. Amma xüsusən də neftin dünya bazar qiyməti və ölkəyə daxil olan valyutanın həcmi bu kontekstdə aparıcı olaraq qalmaqdadır. Amma təbii ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün Mərkəzi Bankın mövqeyi aparıcıdır və növbəti dövrlərdə də qeyd etdiyimiz kimi, manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq".
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ