İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan əsilli Sevdaliza qalmaqalı: İrəvanda konsert niyə ləğv edildi?

İrəvanda keçiriləcək beynəlxalq musiqi festivalı gözlənilməz qalmaqalla gündəmə gəlib.

Musavat.com bildirir ki, avqustun 30-da baş tutmalı olan “Coca-Cola Fest” çərçivəsində çıxışı planlaşdırılan, Azərbaycan əsilli, hollandiyalı məşhur müğənni Sevdalizanın (Sevda Əlizadə) konserti Ermənistan cəmiyyətində böyük səs-küy doğurub və nəticədə ləğv edilib.

Qeyd edək ki, “Coca-Cola Fest” hər il olduğu kimi bu il də yerli və xarici ulduzları eyni səhnədə birləşdirməyi planlaşdırırdı. Təşkilatçılar əsas ifaçılar sırasında dünya miqyasında tanınan sənətçilərdən biri olan Sevdalizanı da təqdim etmişdilər. Lakin festivalın afişasında Azərbaycan əsilli Sevdanın adının görünməsi Ermənistan ictimaiyyətində böyük qalmaqal yaradıb.

Sevdaliza dünya musiqi bazarında “Alibi” adlı hiti ilə tanınıb. Bu mahnı “TikTok” platformasında milyonlarla dəfə izlənərək qısa müddətdə məşhurlaşıb.

Ermənilər onun “Messie” mahnısının klipini bəhanə edərək bildiriblər ki, videoda ifaçının xaç üzərində ehtirasla rəqs etməsi “xristian dəyərlərinə təhqir”dir.

WhatsApp Image 2025-08-25 at 18.53.38 (1).jpeg (24 KB)

Sevdalizanın çıxışına qarşı etiraz dalğası qısa zamanda yalnız Ermənistanda deyil, diaspor icmaları arasında da yayılıb. Ən sərt açıqlamalardan birini Fransada fəaliyyət göstərən erməni keşişi Sarkisyan verib. O, sosial şəbəkələrdə paylaşdığı bəyanatında belə deyib:

“Coca-Cola şirkətinin Ermənistan bölməsinin səhifəsindən öyrənirik ki, avqustun 30-da Sevdaliza adlı müğənni onların təşkil etdiyi festivalda çıxış edəcək. İranın Azərbaycan əsilli bu müğənnisi təxminən bir ay əvvəl xaçı alçaldan, Xilaskarımızla istehza edən və İncil parçaları ilə əxlaqsız səhnələri qarışdıran küfr dolu klip yayımlayıb. Belə bir “şeytani şənlik” müəllifi Ermənistana niyə dəvət olunub? Bu, açıq-aşkar xristian dəyərlərinə təhqirdir”.
Bənzər mövqeni bir sıra erməni aktyorlar, müğənnilər və blogerlər də bölüşərək festival təşkilatçılarını sərt tənqid ediblər. Sosial şəbəkələrdə “Sevdalizanın çıxışına yox” kampaniyası genişlənib.

Gərginlik böyüdükcə festival təşkilatçıları ictimai reaksiyaya cavab verməyə məcbur qalıblar. Əvvəlcə “Coca-Cola Fest”in rəsmi “Instagram” səhifəsində yayılan açıqlamada belə deyilirdi:
“Biz Sevdaliza-nın baş ifaçı olması ilə bağlı səslənən fikir və narahatlıqları eşidir və nəzərə alırıq. Komandamız tərəfdaşlarla birgə vəziyyəti araşdırır və tezliklə rəsmi açıqlama yayacaq”.
Daha sonra isə son qərar elan olunub: Sevdaliza İrəvanda çıxış etməyəcək. Təşkilatçılar eyni zamanda konsert üçün alınan biletlərin geri qaytarılacağını bildiriblər.

Əsl adı Sevda Əlizadə olan Sevdaliza 1987-ci ildə Tehranda dünyaya gəlib. O, öz bioqrafiyasında Azərbaycan, fars və rus köklərinə malik olduğunu qeyd edir. Beş yaşında ailəsi ilə birlikdə Niderlanda köçən ifaçı burada musiqi karyerasını qurub.
Sevdaliza hazırda Avropa və dünya musiqi səhnəsində özünəməxsus üslubu ilə tanınır. Onun yaradıcılığında trip-hop, alternativ R&B və elektron musiqi janrları birləşir. Müğənni fars, holland, ingilis, fransız və portuqal dillərində sərbəst danışır.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR