Onlayn ictimai-siyasi qəzet
Yanvarın 30-31-də ABŞ-də Beynəlxalq Dini Etiqad Azadlığı Sammiti (IRF-2024) keçiriləcək. Tədbir ABŞ-nin Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası (USCIRF) tərəfindən və ABŞ Senatının həmsədrliyi ilə keçirilir. IRF-2024 Sammitində çıxış edən spikerlər arasında Xankəndidən olan “qaçqın jurnalist” kimi təsvir edilən Siranuş Sarkisyan da daxil olmaqla beş erməni var.
Bu onu deməyə əsas verir ki, IRF Sammiti getdikcə islamafob və xristian fanatizmi ideyalarını təbliğ edir. Bu fikri artıq digər müsəlman ölkələri də bölüşür. İcraçı direktor Piter Börnsin “X” sosial şəbəkəsində paylaşımı bu sammitin islamofob və azərbaycanofob xarakterli olmasının bariz nümunəsidir.
O, ABŞ prezidentliyinə keçmiş ermənipərəst namizəd Vivek Ramasvaninin əlində Ermənistan bayrağı tutmuş, səlibçi paltarı geyinmiş və arxa planda dağıdılmış məscidlərin şəklini paylaşıb.
Millət vəkili Azər Badamov Musavat.com-a açıqlamasında bildirdi ki, Qərbdə islamofob meyllər günü gündən dərinləşməkdədir:
"Belə ki, özlərinin dini etiqad haqqında keçirdiyi sammitlərdə də xristiançılığı təbliğ və islam dininə qarşı qərəz nümayiş olunur. Bu baxımdan ABŞ Senatının 30-31 yanvar tarixində keçirilməsi nəzərdə tutulan Beynəlxalq Dini Etiqad Azadlığı Sammiti (IRF-2024) xüsusilə nəzərə çarpır. Sammitdə çıxış edən spikerlərin arasına 5 erməninin, o cümlədən bir nəfərin- Qarabağdan könüllü çıxmış Siranuş Sarkisyanın daxil edilərək onun qaçqın jurnalist kimi qələmə verilməsini, xüsusilə islamofob və azərbaycanofob siyasətin dərinləşməsinin göstəricisi hesab edirəm.Çünki, Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etməsi Qərb, o cümlədən ABŞ tərəfindən həzm edilmir. Əgər dini etiqad azadlığı adında keçirilən sammitdə ermənilərə meydan verilərək Azərbaycana qarşı çıxışlar olunacaqsa, burada hansı dini etiqad azadlığından danışıla bilər? Çox təəssüf ki, din siyasiləşdirilir. ABŞ əgər dini etiqad azadlığına ədalətlə yanaşsaydı Azərbaycandan da spikerlər dəvət olunardı və Ermənistanın islam dini ibadət yerlərinə qarşı törətdikləri vandallıqların da orda səsləndirilməsinə şərait yaradılardı. Təəəssüf ki, bu baş vermir. Qərbdə günü-gündən dərinləşən islamofob və azərbaycanofob siyasət müsəlman dünyasının da birləşməsini tələb edir. Qərb ədaləti və beynəlxalq hüququ ayaqları altına ataraq bir xristian təəssübkeşliyini çəkirsə, islam dünyası da birləşərək onların cavabını verməlidir, artıq bunun çatıb. Qərb müsəlman ölkələrində demokratiya adı altında müharibələr törədir və onların milli sərvətlərini talayaraq varlanır. Sonra da islam dinini bəyənmirlər. Hesab edirəm ki, islam dünyası tərəfindən Qərbin bu islamofob addımları kəskin qınanmalıdır".
"Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev isə vəziyyəti belə şərh edib:
"Yanvarın 30-31-də ABŞ-də Beynəlxalq Dini Etiqad Azadlığı Sammiti (IRF-2024) keçiriləcək. Lakin bu sammit adına uyğun olmayan fərqli islamafob bir sammitin keçirilməsi təəssüratı yaradır. Çünki həmin sammitdə iştirakçılar arasında Xankəndidən olan və “qaçqın jurnalist” adlandırılan 5 nəfər erməni jurnalist də iştirak edəcək. Buradan da açıq şəkildə ciddi xristian fanatizmi olduğu aşkar olur. Həmçinin bu sammit xristian klubunun keçirdiyi islamafob sammitdən başqa bir şey deyil.
Bu nəinki Azərbaycan, bütün İslam dünyası üçün ciddi bir mesajdır, qərəzli mövqeyin açıq-aşkar göstəricisidir. IRF-2024 çərçivəsində dini azadlıq adı ilə İslam dininə və müsəlman dünyasına qarşı mənfi rəy formalaşdırırlar, bu isə qəbulolunmazdır. Həqiqətən dini azadlıqdan söhbət gedirsə, o zaman bütün millətlərin, xalqların dini azadlıqlarına hörmətlə yanaşılmalıdır.
Özünü hər zaman demokratik ölkə kimi tanıdan ABŞ-də müsəlmanların hüquqlarının pozulması isə birmənalı şəkildə oradakı anti-demokratik və islamofobiya mühitindən xəbər verir. İcraçı direktor Piter Börnsinin paylaşımlarında da Azərbaycana və müsəlmançılığa qarşı qərəz öz əksini tapıb".
B. Quliyevin fikrincə, tədbiri eyni zamanda, səlibçi sammiti də adlandırmaq olar:
"Çünki Piter Bornsi paylaşımında ABŞ prezidentliyinə ermənipərəst namizəd Vivek Ramasvaminin əlində Ermənistan bayrağı tutmuş, səlibçi paltarı geyinmiş və arxa planda dağıdılmış məscidlərin şəklini paylaşıb. Bu isə tədbirin əsl mahiyyətini və məzmununu ortaya qoyur. Belə anlaşılır ki, sammit dini azadlıq sammiti deyil, səlibçi sammitidir.
Digər bir tərəfdən dini etiqad azadlığı təkcə xristianlar üçündürmü? Müsəlmanlar niyə nəzərə alınmır? Belə çıxır ki, dini etiqad azadlığından danışarkən yalnız xristian dininin azadlığından söhbət gedir. Əgər azadlıq lazımdırsa, ilk növbədə məhz ABŞ kimi bir çox Qərb ölkələrində təzyiqə məruz qalan islam dini və müsəlmanlar nəzərə alınmalıdır. Bəs hardadı demokratiya?"
Nigar HƏSƏNLİ,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ