İnsanlara hürriyət, millətlərə istiqlal!

Din adı ilə yuvalanan "5-ci kolon"u necə neytrallaşdıraq? - təklif

Ekspert: “İlk növbədə dini radikallığı yarada bilən səbəbləri aradan qaldırmaq lazımdır”

Ölkəmiz elə bir həssas, geosiyası bölgədə yerləşir ki, Cənubi Qafqazla bağlı maraqları, məkrli planları olanlar burada özlərinin həm də dini 5-ci kolon"unu yerləşdirməyə çalışıb və çalışır. Zaman-zaman buna nail olanlar da var. Məsələn, Azərbaycanda fars rejiminin təsiri altında olan xeyli qruplar var. İran rəsmiləri hətta bununla Azərbaycanı açıq bəyanatlarında da təhdid etməyə cəhd göstərirlər. Misal üçün, ötənlərdə İranın dini lideri, İranın dövlət başçısı Ayətulluh Əli Xameneyi "Twitter» hesabında Azərbaycana təhdid dolu belə bir açıqlama yaymışdı.

İran rəhbəri əvvəlcə ingiliscə, ölkənin adını birbaşa çəkmədən  bildirib ki, "Bir ölkənin təhlükəsizliyi tərəqqinin bütün fəaliyyətlər üçün əsas infrastrukturdur. Başqalarına güvənərək təhlükəsizliyini təmin edə biləcəyini düşünənlər bilməlidirlər ki, təhlükəsizliyini xaricilərə əmanət etdikləri üçün tezliklə bir zərbə alacaqlar".

Hətta İran liderləri gizlətmirlər, deyirlər ki, Azərbaycanda xeyli adamlarımız var, onlar vasitəsilə təxribatlar törədə bilərik.

Reallıqda belə qruplar var, amma Azərbaycanın təhlükəsizlik orqanları heç də onları nəzarətsiz buraxmır.

Bununla yanaşı, ekspertlər bildirir ki, dini radikal çevrələri neytrallaşdırmağın bir yolu da milli ruhlu dini savadlı kadrların yetişdirilməsidir. “Radikal dini qruplarla mübarizə, xaricdən yönəlmiş təhdidlər, cəmiyyətin yad ideologiyaların təsirlərindən qorunması istiqamətində dini təhsilli və savadlı kadrlara ehtiyac duyulur”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov oktyabrın 17-də İsmayıllı rayonunda “Din və ideoloji təhlükəsizlik” mövzusunda keçirilən tədbirdə bildirib.

Bu prosesi sürətləndirmək və qısa zamanda nəticələr əldə etmək üçün hansı işlər görülməlidir? Təbii ki, dini savadlı milli kadrların yetişdirilməsi heç də asan məsələ deyil. Bəs bunun optimal yolu nədir?

Yeni ev, yeni bağ, yeni Qubadlı quracağıq” – Rəsul Mirhəşimli doğma  yurdundankı xatirələrindən danışır

Rəsul Mirhəşimli 

İlahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Azərbaycanın geosiyasi həssas bölgədə yerləşməsi bir çox dövlətlərin bu bölgədə maraqlarının toqquşmasına səbəb olur. Bu maraqlar təkcə dini radikallıq meyllərinin qızışdırılması ilə özünü göstərmir, eyni zamanda siyasi qrupları da əhatə edir. Azərbaycan Ordusunun 12-13 sentyabrda keçirdiyi hərbi əməliyyatlardan sonra ölkədə və xaricdəki siyasi qrupların bu əməliyyatların əleyhinə təbliğat apardığını çoxları şahid oldu.

O ki qaldı radikal dini qrupların fəaliyyətlərinin ortadan qaldırılmasına, bunun neytrallaşdırılması üçün bir çox tədbirlərin kompleks şəkildə həyata keçirilməsinə ehtiyac var. Qeyd edim ki, Azərbaycanda milli kimliyi ilə dini kimliyini bərabər tutan, “Vətəni sevmək imandandır” hikməti ilə həyat tərzini quran inanclı insanlarımız yetəri qədərdir. Bu insanların varlığı istənilən radikalizmi neytrallaşdırmağa yardımçı olur. Bundan əlavə, artıq neçə illərdir Azərbaycanda İlahiyyat İnstitutu fəaliyyət göstərir. Bu tədris ocağının fəaliyyəti nəticəsində yaxın zamanlarda milli ruhlu din xadimlərinin sıralarının genişlənməsinin də şahidi olacağıq.

Lakin təkcə tədris dini radikalizmin qarşısını almaqda yetərli olmur. İlk növbədə bu radikallığı yarada bilən səbəbləri də aradan qaldırmaq lazımdır.  Sosial ədalətsizlik dini radikalizmin inkişafı üçün münbit mühit yaradır. İlk növbədə insanların sosial vəziyyətini ağırlaşdıran problemlərin həlli üçün kompleks tədbirlər görülməlidir. “Ac qılınca çarpar” məsəlinin ortaya qoyduğu anlam sosial problemlərin ağuşunda olan insanların daha rahat şəkildə hansısa qrupların təsirinə düşə biləciyinin xəbərdarlığını edir.

Sadalanan bu məsələlərin başında yenə də dövlətinə və millətinə bağlı inanclı insanların potensialından istifadə etmək gəlir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu sahədə mühüm işlər görür.

Bir də ki, bir çox hallarda Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edən dövlətlər öz imkanlarını şişirtməklə hansısa çirkin siyasətinə alət olanların sayını çox göstərmək istəyir. Azərbaycanın gücü və qüdrəti istənilən radikallığı aradan qaldırmağa yetərlidir. Xalqımızın da öz milli ənənə və dini düşüncələrə bağlılığı bir çoxlarının bədnam niyyətlərinin puça çıxarılmasına yardımçı olacaq.

Tural Abbaslı BDU-nun Jurnalistika fakültəsinin məzunu olub

Tural Abbaslı 

Ağ Partiya sədri Tural Abbaslı mediaya açıqlamasında bildirib ki, İran bir çox hallarda din adı altında özünün dövlət siyasətini yürütməyə çalışır: “Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. İran mütəmadi olaraq Azərbaycanın daxili siyasətinə qarışmağa çalışır. İran həm Azərbaycanda, həm də regionda öz imkanlarını saxlamaq istəyir. Ona görə də mütəmadi olaraq Azərbaycanın daxili siyasətdə, Qarabağ məsələsində hər zaman əleyhinə olan mövqedən çıxış edib. Biz qeyd etməliyik ki, bəzən bu siyasətə dəstək verən daxili qüvvələr də var. Burada İran bir çox hallarda din adı altında özünün dövlət siyasətini yürütməyə çalışır. Bu da azdan-çoxdan bəzən baş tutur. Biz hazırlıqlı olmalıyıq. Mən hər zaman demişəm, unutmamalıyıq ki, bizim şimal qonşumuz kimdir, cənub qonşumuz kimdir, qərb qonşumuz kimdir, biz bunu unutmamalıyıq”.

Abbaslı həmçinin qeyd edib ki, biz onların bu cür fəaliyyətinin qarşısını almalıyıq:

“İstənilən fəaliyyət nəticə almaq üçündür. Nəticə olur, istər mənfi, istər müsbət. İran da nəyəsə cəhd edir. Amma nəyəsə nail ola bilməyiblər. Biz də bu məsələyə qeyri-ciddi yanaşmamalıyıq. Laqeyd yanaşsaq, məqsədlərinə çatmağa çalışacaqlar. İranda hakimiyyətdə oturanlar axmaq deyil ki, bu qədər xərc çəkib nəyəsə nail olmasınlar. Bu günə qədər fəaliyyətlərində Azərbaycana azdan-çoxdan təsir etmə imkanı olan iki dövlətdən biridir. Ona görə də biz çalışmalıyıq ki, bu imkanları tam sıfıra endirək. Bunların qarayaxma fəaliyyətinin də qarşısını alaq”.

Afaq MİRAYİQ,

“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR