Onlayn ictimai-siyasi qəzet
Avqustun sonlarından abituriyentlər repetitor yanına getməyə, ali məktəbə qəbul imtahanlarına hazırlaşmağa başlayacaqlar.
Onlar öz biliklərini yoxlamaq üçün tez-tez sınaq imtahanlarına gedirlər. Ancaq bu imtahanların qiyməti hər abituriyentə uyğun olmur. Belə ki, DİM-dən verilən məlumata görə, bu il qəbul imtahanının ikinci mərhələsi üzrə keçirilən sınaq imtahanının qiyməti 40 manat olub.
DİM-in sınaq imtahanlarının qiyməti 40, kurslarınkı 15-20 manatdır...
Bundan əlavə, kursların keçirdiyi sınaqlar isə 15-20 manat arasında dəyişir. Bu da bir çox abituriyentin narazılığına səbəb olur.
Təhsil eksperti Vüsal Kərimli “Bizim.media”ya deyib ki, DİM sınaqlarının bu qədər baha olması anlaşılan deyil:
“Nəzərə alaq ki, abituriyentlərin hazırlıq prosesində başqa xərcləri də olur. DİM öz statusundan istifadə edərək qiymətləri baha təşkil edir. Amma bu, hər kəsin öz cibinə uyğun etdiyi bir seçim olduğu üçün heç bir tərəfi günahlandıra bilmərik. Bazarda rəqabət mühiti formalaşıb. Kursların hər mövzuya ayrıca sınaq etməsi tələbə üçün daha çox xərcə səbəb olur. Əgər biz ümumi olaraq baxsaq, DİM-in qiyməti daha uyğun görünür, amma tələbə bəzən ümumi olaraq yox, yalnız müəyyən bir hissə üzrə biliklərini yoxlayır. Yenə də DİM-in sınaq qiymətlərini baha hesab edirəm”.
Qeyd edək ki, DİM-in sınaq imtahanlarının qiymətinin baha olması ilə bağlı artıq uzun müddətdir ki, müzakirələr gedir. DİM bununla bağlı iradlara bu cür cavab verib:
“Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir. Yəni Dövlət İmtahan Mərkəzi dövlət büdcəsindən maliyyələşmir. DİM Nizamnaməsinə uyğun olaraq əsasən imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsait hesabına fəaliyyət göstərir.
İmtahanda iştirak etmək üçün tələb olunan ödəniş məbləğinin müəyyən edilməsi üçün son illər DİM tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlar, onların təşkili, keçirilməsi, görülən digər hazırlıq işləri, təqdim olunan xidmətlər və s. ətraflı şəkildə araşdırılıb və qiymət müəyyən edilərkən nəzərə alınıb”.
DİM özünü maliyyələşdirən publik hüquqi şəxsdir və o da özü qərar verir.
Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı Musavat.com-a danışıb:
“Məlum olduğu kimi, artıq bir neçə ildir DİM-in sınaq imtahanlarının qiyməti 40, kurslarda isə 15-20 manatdır. DİM-in bu qiyməti xüsusən də kənd yerlərində yaşayanlar üçün əlçatan deyil. Ümumiyyətlə, sınaq qiymətinin qoyulmasının mənbəyi yoxdur. Yəni nəyə görə DİM bunu 30 manat deyil, 40 manata qoyur? DİM bunu onunla əsaslandırır ki, publik hüquqi şəxsdir. Lakin onu da əsaslandırmalıdır ki, istədiyi qiyməti niyə qoya bilər. Publik hüquqi şəxs olsa da, bu qurum dövlət mülkiyyətindədir, yəni dövlətin yaratdığı müəssisədir və müəyyən qiymət hədləri olmalıdır. Lakin DİM məsələyə “imtahanları da biz edirik, qiymətləri də biz qoya bilərik” kimi monopolist düşüncə ilə yanaşır.
Beləliklə, hesab edirəm ki, problemin mənbəyi DİM-in monopolist mövqeyidir. Bu baxımdan illərdir təklif edirəm və bu düşüncədəyəm ki, DİM-dən test hazırlamaq səlahiyyəti alınmalıdır. Bu zaman onun monopolist mövqeyi bir qədər zəifləyəcək və reallığa uyğun olan qiymətlər müəyyən ediləcək”.
Xalidə Gəray
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ