Onlayn ictimai-siyasi qəzet
Ali Rada bir neçə günə Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini uzadacaq.
Musavat.com xəbər verir ki, bunu Ukrayna parlamentenin deputatı Yaroslav Jeleznyak özünün YouTube kanalında yayımladığı videoda bildirib. "Hərbi vəziyyətin və ümumi səfərbərliyin bu dəfə uzadılıb-uzadılmayacağı ilə bağlı müzakirə aparılmır. Bəli, onlar uzadılacaq və bu, çox yaxında baş verəcək: 15-18 aprel", - Jeleznyak deyib.
O izah edib ki, Rada, bir qayda olaraq, hərbi vəziyyətin uzadılması və səfərbərliyin uzadılması barədə əvvəlcədən qərar qəbul edir, ona görə də gələn həftə bu məsələ ilə bağlı səsvermə üçün optimal vaxtdır.
Jeleznyak əlavə edib ki, hərbi vəziyyət daha 90 gün uzadılacaq və bu, avqustda parlament və ya prezident seçkilərinin keçirilməsini mümkünsüz edəcək. Vəziyyətdə köklü dəyişiklik olarsa, parlament uzatma qərarını tez bir zamanda ləğv edə bilər ki, bu da səfərbərliyin dayandırılması deməkdir.
Bununla belə, Jeleznyak izah etdi ki, hadisələrin bu cür inkişafı mümkün deyil, çünki hərbi vəziyyətin və səfərbərliyin daha üç ay müddətinə uzadılması haqqında fərmanın təqdim edilməsi müəyyən siqnal kimi görünür.
Xüsusilə, o əlavə edib ki, ABŞ-dan gələnlər də daxil olmaqla, münaqişəni tez bir zamanda dayandırmaq vədləri çox real görünmür. Jeleznyak deyib ki, danışıqlarda əhəmiyyətli uğur və ya geniş atəşkəs ssenarisi mümkün görünmür.
Bir gün əvvəl Radanın spikeri Ruslan Stefançuk da müharibənin davam etməsi səbəbindən hərbi vəziyyətin uzadılacağını açıqlamışdı. Jurnalistlərin prezident seçkilərinin keçirilməsi ilə bağlı suallarını cavablandıran Stefançuk bildirib ki, seçkilər “qələbədən sonra” keçirilməlidir. Onun sözlərinə görə, bu, Ukraynanın “demokratik ölkə” olduğunu təsdiq edəcək.
“Regnum” xəbər agentliyinin verdiyi məlumata görə, Ukrayna hərbi vəziyyət 2022-ci ilin fevralında elan edilib. Bu qərar hər 90 gündən bir yenilənirdi.
Ukraynada prezident və parlament seçkiləri hərbi vəziyyətə görə ləğv edilib. Həmçinin, məlum məsələdir ki, hərbi əməliyyatların davam etdiyi, milyonlarla ukraynalının qaçqın düşdüyü bir şəraitdə seçki keçirilməsi fiziki olaraq da mümkün deyil. Rusiya 2024-cü ilin mayında səlahiyyət müddəti başa çatan Vladimir Zelenskini qeyri-legitim dövlət başçısı hesab edir.
Xatırladaq ki, Ukrayna nizamlanması üzrə Moskva-Vaşinqton danışıqlarında iştirak edən ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff jurnalist Taker Karlsona müsahibəsində Zelenskinin prezident seçkisi keçirməyə razılaşdığını demişdi. "Onlar (seçkilər-red.) olacaq. Bəli. Onlar (Ukrayna hakimiyyəti-red.) bununla razılaşdılar. Ukraynada seçkilər olacaq", - deyə Uitkoff bildirib. Lakin Trampın xüsusi nümayəndəsi seçkinin nə vaxt və hansı şərtlər daxilində keçiriləcəyini deməyib.
Musavat.com
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ