İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlardan şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı çağırışlar

Milli Məclisin iclasında çıxış edən deputatlar şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı təkliflərini səsləndirdilər. Yerdən qanun layihəsinin səsə qoyulması çağırışının qarşılığında “həssas məsələdir, danışmaq istəyənlər var”, deyərək məsələyə həssas münasibətini ifadə edən spiker Sahibə Qafarova deputatlara fikirlərini səsləndirmək üçün geniş imkan yaratdı.

Deputat Etibar Əliyev isə dedi ki, onun təmsil olunduğu Suraxanı rayonunun onlarla şəhidi var, amma onların adları əbədiləşdirilməyib. E.Əliyev rayonda yerləşən məktəb və uşaq bağçalarına, küçələrə şəhidlərin adlarının verilməsini təklif etdi: “Suraxanı rayonundakı küçələrin bəzilərinin adlarına baxın: “Vağzal”, “Köndələn”, “Zeytun sovxozu”, “9-cu döngə” və s. Bu küçələrə niyə şəhidlərimizin adı verilməsin?”

Deputat Sabir Rüstəmxanlı şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı şəhid ailələrindən müraciətlər aldığını bildirdi, bu, həssas məsələ ilə bağlı addımlar atılmasını vacib hesab etdi.

Komitə sədri Səməd Seyidov dedi ki, şəhidlərin adının əbədiləşdirilməsi daha operativ şəkildə həyata keçirilməlidir və bununla bağlı yüksək səviyyədə göstərişə, qərar ehtiyac olmamalıdır.

Deputat Jalə Əliyeva dedi ki, Milli Qəhrəman adını almış şəhidlərimizin adlarının əbədiləşdirilməsi, digərlərininsə adının əbədiləşdirilməməsi məqsədəuyğun deyil. Deputat həmçinin şəhidlərin adının küçələrə verilməsi zamanı tanıtım lövhələrində sadəcə ad-soyadın qeyd olunmasını da düzgün saymadı, qarşısına “şəhid” sözünün əlavə edilməsini zəruri saydı.

Deputat Məlahət İbrahimqızı bildirdi ki, bəzi ölkələrdə analar müharibələrə etiraz edirlər. Amma bizim analarımız Ali Baş Komandanın “irəli” komandası ətrafında sıx birləşdilər, fədakarlıq etdilər. Odur ki, biz şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində addımlar atılmalıdır.

M.İbrahimqızı da təmsil olunduğu Nəsimi rayonundan olan şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülməli işlərin olduğunu bildirdi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR