İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlardan hökumətə xalqı narahat edən problemlərlə bağlı müraciətlər

Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi davam edir

Noyabrın 17-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqində Milli Dirçəliş  günü və komitə sədri Əhliman Əmiraslanovun 75 illik yubileyi ilə bağlı təbriklərini çatdırdı.

Büdcə sənədi ilə bağlı danışan Ə.Əmiraslanov dedi ki, 2023-cü ilin büdcə zərfində səhiyyəyə 1 milyard 900 milyon manat nəzərdə tutulub, onun böyük hissəsi icbari tibbi sığortaya yönəldilib: “Bütün bunlar səhiyyə xidmətinin yüksəlməsinə xidmət edəcək. Tibbi avadanlıqların köhnəlməsi səbəbindən onların yenilənməsi ilə əlaqədar məsələ qaldırmışdıq, bu məsələ həllini tapmaqdadır, bununla əlaqədar baş nazir Əli müəllimə və hökumət üzvlərinə təşəkkürümü bildirirəm. Ancaq bir qrup xəstəliklər icbari tibbi sığorta ilə əhatə olunmur, xüsusilə də onkoloji xəstəliklər. Onkoloji xəstəliklərin icbari tibbi sığortaya daxil edilməməsi problemlər yaradır, xəstələrdə də haqlı narazılıq yaradır. Həmçinin auditizm xəstələri...” Deputat dərman vasitələri ilə bağlı məsələlərin həllinə də böyük ehtiyac olduğunu söylədi.

Elşad Mirbəşir rayonlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin əməkdaşlarının maaşlarının artırılması təklifi ilə çıxış etdi. Hökumətin iştirakı ilə keçirilən iclasda deputat bildirdi ki, həmin mərkəzlərdə çalışan əməkdaşların maaşı aşağıdır.

Aqiyə Naxçıvanlı isə şəhid ailələrinin övladlarının təhsil haqlarından azad olunduğunu xatırladaraq təklif verdi: “Yaxşı olardı ki, müharibə veteranlarının övladlarına da bir sıra güzəştlər şamil edilsin. Müharibə veteranlarının övladları tam olmasa da, müəyyən qədər təhsil haqlarından azad edilməlidir”.

Fəzail Ağamalı bildirdi ki, bu gün Azərbaycanın cənubunda da azadlıq hərəkatı başlayıb və 40 milyon soydaşımız 200 ildir davam edən müstəmləkə siyasətinə qarşı mücadilə aparır. “Bizim vəfa borcumuz var. Biz onların milli azadlığını müdafiə etməli, hansısa formada töhfəmiz olmalıdır. Ona görə də təklif edirəm ki, Təhsil Nazirliyinə ayrılan vəsaitlərin 15 milyonu cənubi azərbaycanlı tələbələrin Azərbaycanda pulsuz oxuması üçün ayrılsın”.

Qüdrət Həsənquliyev dedi ki, hökumət haraya nə qədər xərclədiyinin hesabatını Milli Məclisdə vermir. “Bu, Milli Məclisə hörmətsizlikdən qaynaqlanır, yoxsa hökumət, sadəcə, parlamentə məlumat vermək istəmir? Mən elə fikirləşmək istəmirəm ki, hörmətsizlikdən irəli gəlir, görünür, hara, nə qədər xərclənəcəyi əvvəlcədən proqnozlaşdırıla bilmir. Mən öyrəndim ki, büdcə qalığı artıq 4 milyarda çatıb” - deputat bildirdi. “Böyük Qayıdış”la bağlı Prezidentin imzaladığı Sərəncamdan bəhs edən Q.Həsənquliyev dedi ki, qayıdışla əlaqədar çəkilən xərclər də açıqlanmalıdır: “Biz büdcənin gəlirlərini artırmaq barədə düşünməliyik. Azərbaycan dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyondur, bunun da 11 milyardı Neft Fondundan transferdir”. Deputat vergi və rüsumlarla bağlı çoxsaylı güzəştlərin edilməsini düzgün saymadı, iri şirkətlərin ödədiyi vergilərin aşağı həddə olduğunu bildirdi: “Əslində bu güzəştlər uşaq paltarlarına, uşaq qidalarına olmalıdır”. Q.Həsənquliyev digər mühüm məsələyə də toxundu və konkret təklif verdi: “Bu yaxınlarda Dövlət Statistika Komitəsinin məlumatını oxudum ki, ölkə üzrə 47 faiz kişilər 65 yaşa çatır. Bu, ciddi rəqəmdir. Biz gərək pensiya yaşını aşağı salaq ki, kişilər heç olmasa 2-3 il pensiya ala bilsinlər”.

Siyavuş Novruzov dedi ki, bu gün Türkmənçay müqaviləsindən sonra sənədin 200 illiyi ərəfəsində Ali Baş Komandan İlham Əliyev yeganə şəxsdir ki, şəkli Azərbaycanın ürəyi olan Təbrizdə, Ərdəbildə, Xoyda və digər yerlərdə divarlara vurulub: “Onun adı Azərbaycan xalqının lideri, Qarabağın fatehi kimi çağırılır. Cənublu qardaşlarımıza demək istəyirəm ki, bu fatehlik təkcə Qarabağla bitməyəcək, onun fatehliyindən çox yeniliklərin şahidi olacağıq. Ona görə də burada büdcəni müzakirə edən vaxt dünyada baş verən hadisələr içərisində kiçik məsələlərə getməyib qlobal məsələləri ortaya qoymalıyıq. Bilirsiniz ki, bu gün havadan barıt qoxusu gəlir. Bu baxımdan təklif edirəm ki, büdcədə təhlükəsizlik, müdafiə məsələləri geniş əhatə olunsun. Bir yandan Fransa, bir yandan İran, bir yandan Rusiya fərman göndərir”.

Vahid Əhmədov  süni qiymət artımı ilə problemdən bəhs etdi. Bildirdi ki, hazırda anti-inflyasiya tədbirlərinin daha da sərtləşdirilməsinə böyük ehtiyac var. Deputat kənd təsərrüfatı nazirinin iclasda iştirakını nəzərə alaraq  vacib məsələlərə toxundu: “Yaxşı olardı ki, Kənd Təsərrüfatı Nazirliyi ilə Mərkəzi Bank arasında saziş imzalansın, kreditlərin əlçatanlığı təmin edilsin, bank faizləri aşağı olsun”. V.Əhmədov qeyd etdi ki, bu il orta aylıq əmək haqqı 800 manatdır, 2023-cü ildə isə 898 manat olacaq. Amma nəzərə almaq lazımdır ki, bütün insanlar bunu ala bilmir, bir çoxları işləməyən, aşağı maaş alan, pensiyalarla dolananlardır: “Onların təminatı ilə əlaqədar da bir sıra məsələləri həll etməliyik”.

Komitə sədri Qənirə Paşayeva Cənubi Azərbaycandakı soydaşlarımızdan bəhs etdi. “Onlar xahiş edirlər ki, Azərbaycanda təhsil almaları üçün onlara güzəştlər edilsin, xarici tələbələr kimi yanaşılmasın”, - deyə Q.Paşayeva gənc cənublulara dəstək verilməsi zərurəti barədə hökumətə çağırış etdi.

Q.Paşayev təklif etdi ki, müharibə iştirakçılarına da güzəştli ipotekadan yararlanmaq imkanı yaradılsın. Həmçinin icbari tibbi sığortanın onkoloji xəstəliklərə, auditizm xəstəliklərinə və süni mayalanmaya tətbiq edilməsi zərurətindən də bəhs etdi. Bildirdi ki, dərman vasitələrinin qiymətinin aşağı salınması istiqamətində addımların atılması zəruridir. Eyni zamanda Aliment Fondunun yaradılması ilə bağlı addımların zəruriliyindən danışdı. Bildirdi ki, uşaq qidalarının və bezlərinin qiymətinin aşağı salınması gənc ailələri düşündürən əsas məsələdir. “Sonda Tovuz və Şəmkir üçün həyati əhəmiyyətə malik olan Zəyəmçay Su Anbarının tikintisi ilə bağlı söz verilmişdi, xahiş edirəm məsələ diqqətdə olsun” - deputat bildirdi.

Əli Məsimli öncə bildirdi ki, insan kapitalının rəqabət qabiliyyətinin artırılması istiqamətində səylərimizi artırmalıyıq: “Bu nöqteyi-nəzərdən Azərbaycanda 2013-cü ildə hazırlanmış ”Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" yenidən işlənməlidir. Belə addım atılsa, təhsil sahəsində çalışanların maaşı orta aylıq əməkhaqqından yuxarı olacaq". Ə.Məsimli dedi ki, inkişaf etmiş ölkələrdə elmə ayrılan vəsait adambaşına 700 dollardan çox, Azərbaycanda isə 20 dollardan aşağıdır: “Hesab edirəm ki, bu istiqamətdə proqram hazırlanmalı, islahatlar çərçivəsində elmə ayrılan vəsait artırılmalıdır”.

Tahir Kərimli bildirdi ki, dərmanların bahalaşması onu ciddi şəkildə narahat edir. O, eyni zamanda sahibkarlığın inkişafına dəstək verilməsi zərurətindən də bəhs etdi: “Sahibkarlara qarşı təzyiqlərə son qoymaq lazımdır”. T.Kərimli uşaqpulu ilə bağlı addımın atılmasını da zəruri saydı, bildirdi ki, ayrı-ayrı sosial dəstək proqramlarının tətbiqindənsə, birdəfəlik uşaqpulu vermək effektli olar. Deputat özəlləşdirmə çekləri ilə bağlı da danışdı: “On minlərlə çek əllərdə qalıb”. T.Kərimli qaz limitinin ləğvini zəruri saydı: “Xüsusilə ucqar kəndlərdə qaz limitinin ləğvi zəruridir”. Deputat seçicilərinin digər problemlərindən də danışdı. Bildirdi ki, hökumətin keçən il söz verdiyi Ağsu dolaylarından yolun çəkilməsi ilə bağlı işlər sürətləndirilməlidir. Seçicilərinin problemlərinin həllində deputat həmkarı Novruz Aslanın gördüyü işləri qiymətləndirərək ona təşəkkür edən T.Kərimli bildirdi ki, dövlət qurumlarının yardımı ilə həlli vacib məsələlər var. Bu mənada Ağsu şəhərində içməli su, xəstəxanaların təmiri ilə bağlı problemlərin olmasını xüsusi vurğuladı.

Musa Qasımlı 72 saylı Yardımlı-Masallı seçki dairəsindən olan seçicilərinin istəklərinin yerinə yetirilməsini  baş nazir Əli Əsədovdan xahiş  etdi: “Seçicilər Yardımlı rayonunun kəndlərinə təbii qaz çəkilişinin sürətləndirilməsini xahiş edirlər. Qazın olmaması ucbatından rayonda meşələr qırılır, nəticədə çaylar, bulaqlar  quruyur. Yay aylarında bəzi ailələr suyu maşınla almağa məcbur olurlar. Bir sıra ailələr isə şəhərlərə üz tutur.  Yardımlı rayonunda yolların tikintisinə, hələ ötən əsrin 60-cı illərindən qalan və insanların həyatı üçün təhlükə törədən elektrik dirəklərinin dəyişdirilməsinə, həm Yardımlıda, həm də Masallıda bir neçə kənd məktəbinin təmirinə ehtiyac var. Həmin  məktəblərin hansılar olduğunu Elm və Təhsil Nazirliyimiz, hər halda, bilməmiş deyil”.

Müzakirələrdən sonra büdcə layihəsi ilk oxunuşda qəbul edildi.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İşsizlikdən Sığorta Fondunun 2023-cü il Büdcə layihəsi”ni təqdim etdi. Bildirdi ki, gələn il işsizliyə görə sığorta ödənişi almaq hüququ olan şəxslərin dairəsinin genişlənməsi, o cümlədən torpaq payı olan vətəndaşlar belə hüququn yaradılması, sığorta stajı barədə tələbin yumşaldılması, yeni xitam əsasının yaradılması və s. yeniliklərin tətbiq edilməsi  işsizliyə görə sığorta ödənişi xərc maddəsinin dairəsinin 30%-ə qədər artmasını nəzərdə tutur: “Növbəti ildə də özünəməşğulluq  layihəsi davam edəcək, bu proqram çərçivəsində daha 10.600 nəfərin Dünya Bankının layihəsi ilə özünüməşğulluq təlimlərinə  cəlb olunması nəzərdə tutulur. Beləliklə, özünüməşğulluq proqramı ilə məşğulluğu təmin olunanların sayı 80.000 nəfərə çatacaq. Son olaraq söyləmək istəyirəm ki, ”İşsizlikdən Sığorta Fondu"nun büdcə layihəsi 2023-cü ildə sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə, özünəməşğulluq, peşə hazırlığı və peşəyönümü tədbirlərinin keçirilməsi, ictimai-sosial işlərin və sair xidmətlərin  maliyyələşməsi üçü optimal əsaslar yarada biləcək".

Milli Məclisdəki büdcə müzakirələrində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış etdi. Bildirdi ki, 2023-cü ildə  əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 246 manat təşkil edəcək. Nazir qeyd etdi ki, əmək qabiliyyətli əhali üçün bu məbləğ 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün isə 220 manat təşkil edəcək.

S.Babayev növbəti ildə də əhalinin aztəminatlı hissəsinin rifahının yaxşılaşdırılması istiqamətində addımların atılacağını dedi.

Müzakirələrdən sonra digər qanun layihələri də ilk oxunuşda qəbul edildi. Müzakirələr bu gün davam etdiriləcək.

Qeyd edək ki, büdcə ilə bağlı 50 deputat çıxışa yazılmışdı və spiker onların hamısına çıxış imkanı yaratdı.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR