İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan XƏBƏRDARLIQ: "Öz qazdığı quyuya düşən Fransa ciddi düşünməlidir"

"Fransa Senatının qəbul etdiyi qətnamə qərəzlidir və reallıqdan sözün əsl mənasında uzaqdır. Qətnaməyə regionda gedən prosesləri alt-üst edərək tamamilə yalan məlumatların daxil edilməsini görmək üçün onun bəndlərinin bəzilərinə baxmaq kifayətdir. Bu, bir növ bizə vacib mesajdır".

Bunu Musavat.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

"Bu mesaj ondan ibarətdir ki, Fransa artıq regionda gedən prosesləri obyektiv, qərəzsiz, tərəfsiz təqdim edə bilmir. O, mövqeyini yalnız ermənilərlə əlaqələndirir. Deməli, vasitəçilik missiyası Fransaya bu regionda heç cür yaraşmır. Böyük ehtimalla görəcəksiniz ki, bir neçə saatdan, yaxud gündən sonra Fransa hökumətinin ən yüksək səviyyədə nümayəndələri tamamilə başqa bir mahnı oxumağa başlayacaqlar ki, bu, parlamentdir, müstəqildir, biz təsir edə bilmirik, erməni lobbisinin çox ciddi təsiri var, başqa cür düşünənlər də var. Bəli, ola bilsin başqa cür düşünənlər də var, ancaq ardıcıllıqla qəbul olunan bu sənədlər ona dəlalət edir ki, bu ikiüzlülük, ikitirəlik, sağa-sola ləngər vurmaq bizim dediyimizi təsdiq edir. Yəni Fransanın obyektiv, möhkəm, ədalətli mövqedən çıxış etmə iqtidarında olmamasını sübut edir. Qəbul olunmuş sənəd zərbəsini daha çox Azərbaycana, Türkiyəyə yox, Fransanın özünə yönəldir. Fransa Avropada öz nüfuzunu, təsir imkanlarını bu cür sənədlərdən sonra yüksəltmir, əksinə, aşağı salır.

Ən vacib məsələ ondan ibarətdir ki, Fransa regionda iştirak edəcək, yaxud iştirak etməyəcək, vasitəçi olmaq niyyətini ortaya qoyacaq, yaxud qoymayacaq. Bu kimi sənədlərdən sonra regionda və sülh prosesində Fransanın rolu getdikcə azalacaq və böyük ehtimalla sıfır dərəcəsinə enəcək. Ona görə ki, Azərbaycanın yaratdığı reallıq elə bir reallıqdır ki, bu reallıqda Avropa, dünya maraqlıdır. Avropa, dünya Fransa demək deyil. Fransa da dünya, Avropa demək deyil. Prezident Şarl Mişelin, Vaşinqtonun və başqa böyük aktorların sülh prosesinin gedişində maraqlı olduqlarını, özlərini Azərbaycanın təqdim etdiyi plan əsasında obyektiv, qərəzsiz göstərmək və bu istiqamətdə davranış təşkil etmək niyyətləri göz qabağındadır. Fransa öz qazdığı quyuya düşməkdədir və əslində düşüb. Biz unutmamalıyıq ki, Fransa erməni lobbisinin təsiri altına düşmüş bir ölkədir. Fransa öz milli maraqlarını erməni diasporunun maraqları ilə əvəz edərək çox çətin bir durumdadır. Ən maraqlısı ondan ibarətdir ki, bu maraqlardan istifadə etmək növbəsi gələndə Fransa maraqları tamamilə iflasa uğrayır. Bir neçə müddət bundan öncə Pekres erməni lobbisinin gücündən istifadə edərək prezident seçkilərində iştirak edərək regiona gəldi və hətta qeyri-qanuni Qarabağa da keçdi. Biabırçı şəkildə seçkiləri uduzdu və indiyə qədər əldə etdiyi pulları qaytara bilmir. Yaxud Nensi Pelosi regiona gələrək erməni dəstəyini alıb, sonra da Konqresdə Demokrat Partiyasının uğurunu qeyd etmək istəyirdi. Ancaq əksinə oldu. Erməni diasporundan bərk yapışan, Fransa milli maraqlarını yaddan çıxaran, erməni maraqları ilə yaşayan, sonra da buna bəraət qazandırmaq niyyəti olan Fransa ciddi düşünməlidir. Pekresin, Pelosinin və onlar kimi yüzlərlə siyasətçilərin taleyini yaşamamalıdır. Ancaq deyəsən bu sözlər onlara gec çatacaq", - S.Seyidov bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR