İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “TOP-1000 siyahısında bir universitetimiz belə yoxdur”

“Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasını qısa zaman içərisində inkişaf etmiş ölkələr sırasına qaldırmağı ali məqsəd kimi qarşıya qoyub. Bu baxımdan elmin və təhsilin sürətli inkişafı çox vacibdir”.

“Yeni Müsavat” xəbər verir ki, deputat Etibar Əliyev bu fikirləri Milli Məclisin dünənki iclasında söyləyib.

O xatırladıb ki, ötən iclasların birində Türkiyənin IMECE peykinin hazırlanmasında Ortadoğu Texniki Universitetinin alimlərinin böyük rol oynadığı barədə danışıb: “Biz isə hələ də plagiatlıq, birinin işinin digəri tərəfindən yazılması söhbətləri ilə məşğuluq. Məlum olduğu kimi, Böyük Britaniyanın "World University Ranking" nəşri (QS Reytinq) 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. QS reytinqində dünyanın ən yaxşı universitetlərinin qiymətləndirilməsi 9 meyar əsasında aparılıb: akademik nüfuz 40%; işəgötürənlər arasında nüfuz 10%; müəllim heyətinin tələbələrin sayına nisbəti 20%; sitat gətirilmə indeksi 20%; xarici müəllimlərin payı 5%; xarici tələbələrin payı 5%-dir. Xarici həmkarları ilə əməkdaşlıqda alimlərin nəşrlərinin payı, məzunların işlə təmin edilmə səviyyəsi və görkəmli məzunların sayı daxildir".

E.Əliyev qeyd edib ki, Türk dövlətlərindən qlobal reytinqdə TOP-1000 siyahısına Qazaxıstanın 7, Türkiyənin 11 universiteti düşüb, siyahıda bir universitetimiz belə yoxdur: “Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2021-ci il tarixli Fərmanı ilə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi yaradılıb. Bu təhlillərdə Neft və Sənaye Universiteti öndə olmalı idi. Lakin QS reytinqdəki bu ali məktəbin tutduğu biabırçı mövqe bu ali məktəbin prosesdə iştirakını qeyri- mümkün edirdi. Neft və Sənaye Universitetində baş verən rüsvayçılıqlar, korrupsiya və antimilli fəaliyyət insanı dəhşətə gətirir. Etiraf edim ki, Elm və Təhsil Nazirliyi bütün bu neqativ hallara gözünü yumub.

Qeyd etdiyim reytinqdə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Tibb Universiteti 1500-lük reytinq cədvəlinə belə düşə bilməyiblər. 21-ci əsrdə müəllim və həkim hazırlayan universitetlərin bu cür axsamaları heç də ürəkaçan deyil. "Təhsil haqqında" Qanunda universitet rektorları 5 il müddətinə təyin olunurlar. Rektorların əksəriyyəti 10 il müddəti ötüb, digər əksəriyyəti isə 10 ilə yaxınlaşırlar. Qanunun tətbiqi indiki situasiyada çox vacibdir. 32 il, 24 il işləyən rektorlar var. Durğunluq yaradılıb".

Deputat bildirib ki, 32 ildir müstəqillik qazanmışıq, ancaq hələ də məşhur reytinqlərdə universitetlərimizin adı yoxdur: “Ali təhsil haqqında qanunun taleyi müəmmalı olaraq qalmaqdadır. Təəssüflər olsun ki, Təhsil Nazirliyi daha çox qərarlar və normativ sənədlərlə işləməyə üstünlük verir. Ali təhsil haqqında qanunun qəbul olunmasına maneçiliklər törədilir. Bu nüfuzlu reytinq təlqin edir ki, milli təhsil sistemi birmənalı olaraq inkişaf etdirilməlidir. Və şübhəsiz ki qanunvericilik bazasının mükəmməl olması ən vacib şərtlərdən biridir. Düşünürəm ki, ali təhsil haqqında qanunun payız sessiyasında qəbulunu yubatmaq olmaz.

Azərbaycan Prezidenti 31 yanvar 2008-ci ildə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. 15 il vaxt keçib. Bu vacib sənədin icrası normal şəkildə həyata keçirilsəydi bu cür mənzərə ilə üzbəüz qalmazdıq. Universitet böhranının səbəbləri təcili araşdırılmalı və geriliyin səbəbləri ali rəhbərliyə çatdırılmalıdır".

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR