İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Gəncənin ən əsas problemi işsizliklə bağlıdır”

Milli Məclisin plenar iclasında çıxış edən komitə sədri Musa Quliyev iclasda hökumət üzvlərinin iştirak etməsi səbəbindən təmsil olunduğu dairənin problemlərindən də bəhs etdi. “Mənə verilən imkandan istifadə edərək seçildiyim Gəncə şəhərinin bir sıra çox vacib sosial-iqtisadi problemlərini də diqqətinizə çatdırmaq istəyirəm. Düşünürəm ki, Gəncədən seçilmiş digər deputat həmkarlarımın da fikrini ifadə etmiş olaram”, - M.Quliyev bildirdi.

Deputat əlavə etdi ki, ölkəmizin ikinci böyük şəhəri olan Gəncənin ən əsas problemi işsizliklə bağlıdır: “Gəncədə hər il 3,5 - 4 min yeni iş yerinin yaradılmasına ehtiyac vardır. Xüsusi ilə gənclərin və qadınların işsizliyinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsini xahiş edirəm”. Komitə rəhbəri konkret təkliflərini də təqdim etdi: “Bu məqsədlə, Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində polad istehsalı kompleksinin yaradılması; “Azəralüminium” MMC-nin illik istehsal gücünün 100 min tona çatdırılmasının təmin olunması;

Kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılması; “AzərXalça” ASC-nin Gəncə filialının tikintisinə başlanılması; Şəhərdə Sənaye parklarının, məhəllələrin, klasterlərin yaradılması faydalı olardı.

Gəncədə Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrində inşa edilən 5400-ə yaxın fərdi yaşayış evinin sənədləşdirilməsi də seçicilərimizi narahat edən həlli vacib problemdir”. M.Quliyev dedi ki, Gəncənin digər problemi Kommunal xidmətlərin və sosial infrastrukturun yaxşılaşdırılması ilə bağlıdır: “Gəncənin Məhsəti, Cavad xan, Şıxzamanlı, Natəvan qəsəbələri, Avtozavod, Gülüstan, Qaraməmmədli yaşayış massivlərində 1100-ə yaxın ailənin yaşadığı ərazilərin qazlaşdırılması;

bu qəsəbələrdə elektrik enerjisi ilə təmin olunmamış yeni inşa edilmiş fərdi yaşayış evlərinin elektrik enerjisi ilə təchizatı; Cavad xan, Məhsəti, Şıxzamanlı, Sadıllı qəsəbələrində yeni salınmış yaşayış massivlərində içməli su təminatı və kanalizasiya şəbəkəsinin qurulması seçicilərimizi narahat edən həlli vacib məsələlərdir.

Gəncədə 12 məktəbin, 33 uşaq bağçasının əsaslı təmirə ehtiyacı var, onlardan 5-i qəzalı vəziyyətdədir.

“Gəncə Şəhər Birləşmiş Xəstəxana” publik hüquqi şəxsin tabeliyində olan 4 xəstəxananın, 8 Ailə Sağlamlıq Mərkəzinin, Səhiyyə Nazirliyinin tabeliyində olan 1 xəstəxana və 2 dispanserin əsaslı təmiri, yenidən qurulması və tibbi avadanlıqlarla təchiz olunması kimi məsələləri diqqət mərkəzində saxlamağı hökumətimizin müvafiq qurumlarından xahiş edirəm”.

 E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR