İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Bu qətnamə Fransanın öz milli maraqlarına, Ermənistan və Rusiyaya qarşıdır”  

 

Fransa Senatının və Milli Assambleyasının Azərbaycan əleyhinə qətnaməsi Milli Məclisin bu gün keçirilən plenar iclasında da geniş müzakirə olunub, deputatlar sərt şəkildə etirazlarını bildiriblər.

Musavat.com xəbər verir ki, deputat Kamal Cəfərov isə bu mövzuda fərqli düşünür və hesab edir ki, Fransada qəbul olunmuş qətnamə Azərbaycandan çox, Fransanın özünə, həmçinin Rusiya və Ermənistana qarşı yönəlib. 

“Fransa Parlamentinin aşağı palatasının iclasını, deputatların çıxışını və beynəlxalq hüquqa zidd qəbul etdikləri qətnaməyə diqqətlə baxdım və təhlil etdim”-K.Cəfərov bildirib.

Deputat deyib ki, fransalı deputat Ann Lorens, bu qətnamənin şərəf məsələsi olduğunu qeyd edib:

“Burada hansı şərəfdən söhbət gedə bilər? Xocalı soyqırımı, 4000-ə yaxın Azərbaycanlının taleyinin bu günə qədər məlum olmaması, Edili kütləvi məzarlığı, Ermənistanın basdırdığı minalara görə azərbaycanlılar həlak olanda bu şərəf harada idi? Özləri etiraf edirlər ki, şərəfsizdirlər və ya şərəfləri birtərəflidir.  

Fransalı deputat Frank Alisiyo və digərləri iftira dolu bu qətnamənin Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinə töhfə verəcəyi qənaətindədirlər. Bunu da hansı ağılla düşünürlər başa düşmək olmur. Anlamırlar ki - bəlkə də elə istədikləri budur- beynəlxalq hüquqa zidd bu qətnamə sülh prosesinə zərbə vurur, Fransanın sülh prosesində hüquqi və mənəvi iştirakını bitirir”. 

K.Cəfərov qeyd edib ki, cənab Prezident sonuncu çıxışında, hətta bu qətnamə qəbul olunmamışdan əvvəl Fransanın iştirakı ilə heç bir 3 və ya 4 tərəfli görüşün keçirilməyəcəyini  bildirib: “Hesab edirəm ki, qətnamə qəbul olunmamışdan qabaq bu məsələ siyasi qiymət verildi. Qərəzli və birtərəfli qətnamə nəinki sülh prosesinə həm də Ermənistana qarşıdır. Ermənistanın səfiri Hasmik iclasda ayaq üstə durur, əzilir-büzülür, həm gülür həm də kövrəlirdi. Hasmik bu birtərəfli qətnaməyə görə sevinsə də, görünür kövrələndə özü də başa düşür ki, bu qətnamə ilə Fransa sülh prosesinə tərəf ola bilməyəcək. Bu gün sülh müqaviləsi bizdən çox onlara lazımdır. Hasmik çox yaxşı başa düşür ki, Xankəndi və müvəqqəti olaraq həmin ərazidə olan rus sülhməramlıları da dörd tərəfdən nəzarətimiz altındadır”. 

Deputat ardınca bunları qeyd edib: “Rus sülhməramlılar demişkən, bu qətnamə həm də Rusiyaya qarşıdır. Rusiyanın Xarici İşlər Nazirliyinə tövsiyə edirəm ki, Fransa Parlamentinin Rusiyanın fəaliyyətinə verdiyi qiymətə bir daha baxsın və nəticə çıxarsınlar. Çünki Fransa Parlamenti Rusiyanın vasitəçiliyini rəsmi olaraq qəbul etmir. Rusiya sülhməramlıları demişkən, onlar da bizim müraciətlərimizə etinasız yanaşmasın, Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd etməsinlər. Hesab edirəm ki, parlament səviyəsində də bu israrımızı Rusiya parlamentinə də çatdırmalıyıq. Yekunda isə diqqətimizi Fransa Parlamentində müzakirələrdə dövlətin mövqeyini ifadə edən Fransanın İnkişaf, Frankofoniya və Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət katibi Zaxarpulunun çıxışına yönəltmək istəyirəm. Onun bu çıxışı ilə “xoruzun quyruğu görün”dü. Mən adətən, bu cür leksikondan istifadə etmirəm, ancaq iftira dolu qətnamə və dövlət katibinin çıxışı ancaq bu leksikonu tələb edir. 

Fransa dövləti bu günə qədər bu cür iftira dolu qətnamənin Fransanın rəsmi dövlət mövqeyi olmadığını iddia edirdi.  Dövlət katibi çıxışının əvvəlində bu qətnamə təşəbbüsünə görə deputatlara təşəkkür edir və yekunda isə Fransa hökumətinin Fransa Parlamentinin Ermənistanla göstərdiyi həmrəylik çağırışını eşitdiyini bildirir.  Ona görə beynəlxalq hüquqa zidd qəbul olunmuş qətnamə ilkin olaraq Azərbaycana qarşı olduğu təəssüratını yaratsa da, bu qətnamə elə birinci Fransanın öz milli maraqlarına, sonra da Ermənistan və Rusiya Federasiyasına qarşıdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR