İnsanlara hürriyət, millətlərə istiqlal!

Dennis Fransis BMT Baş Assambleyası 78-ci sessiyasının prezidenti seçilib

Trinidad və Tobaqonun nümayəndəsi Dennis Fransis Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası 78-ci sessiyasının prezidenti seçilib.

AZƏRTAC xəbər verir ki, BMT Baş Assambleyasının iyunun 1-də keçirilən plenar iclasında bu quruma üzv olan 193 ölkənin nümayəndələrinin əksəriyyəti onun namizədliyini dəstəkləyib. Dennis Fransis iclasdakı çıxışında bildirib ki, onun fəaliyyətinin prioriteti sülh, rifah, tərəqqi və dayanıqlılıq olacaq. Baş Assambleyanın 78-ci sessiyasının prezidenti bu ilin sentyabrında fəaliyyətə başlayacaq.

İclasda çıxış edən BMT Baş Assambleyası 77-ci sessiyasının prezidenti - Macarıstan nümayəndəsi Tsaba Körösi növbəti prezidentə uğurlar diləyib. O vurğulayıb ki, mürəkkəb müasir çağırışlar fonunda Dennis Fransisin prioritet elan etdiyi sülh, rifah, tərəqqi və dayanıqlılıq hədəfləri hər zaman olduğundan daha aktualdır. Körösi əlavə edib ki, vəzifəsini icra edəcəyi qalan 100 gün müddətində bu istiqamətdə səylərini davam etdirəcək.

BMT-nin baş katibi Antonio Quterreş də Baş Assambleyanın 78-ci sessiyasının prezidentini təbrik edib, onun fəaliyyətinin çətin dövrə - münaqişələr, iqlim xaosu, yoxsulluq və aclığın artması kimi mənfi tendensiyaların güclənməsinə təsadüf etdiyini deyib. “Biz bəşəriyyətin bu çətin anında Baş Assambleyanın bir araya gəlməsini və problemlərin həllinə töhfə verməsini səbirsizliklə gözləyirik”, -deyə baş katib əlavə edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR