İnsanlara hürriyət, millətlərə istiqlal!

Dənizə giriş niyə pulludur? – Turizm ekspertindən açıqlama

Azərbaycanda dəniz mövsümü təxminən 3 ay davam edir. Bu müddətdə turistlərin tək istəyi isti dənizin suyuna girmək, günəşlənmək, yayın dadını çıxarmaqdır. Təbii səbəblərə görə deyə bilərik ki, bütün 3 ay boyunca günəşli günlər olmur. Bəzən qeyri-sabit hava şəraiti həm turistlərin, həm yerli əhalinin kefinə soğan doğrayır. Dənizkənarı obyektlərin sahibləri də müəyyən dərəcədə narahat olur.

Musavat.com-un məlumatına görə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu yaxınlarda jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda bir neçə müddətdir ki, hava şəraitinin dəyişkən keçməsi turizm imkanlarına çətinlik yaradır. Onun sözlərinə görə, yay mövsümü başlayandan hava şəraitinin qeyri-sabit keçməsi turizm obyektlərinin sahiblərinə ciddi ziyan vurur: "Nəzərə almaq lazımdır ki, çimərlik mövsümi iyunun 15-dən sentyabra kimi davam edir. Bu il də yağışlı, küləkli günlərin sayının çox olması səbəbindən vətəndaşlar istirahətlərini planlaya bilmirlər”.

cimerlik.jpg (299 KB)

Turistlər hər nə qədər istirahət həvəsində olsalar da, qiymətlərin baha olması büdcəyə kifayət qədər ciddi təsir edir. Odur ki, istirahət planlayanda bir yox, iki dəfə fikirləşirlər. Qiymətlər 10-50 manat arasında dəyişir. İctimai çimərliklərin sayı çox azdır. Bəzilərində isə su çirkli olduğu üçün və ya qeyri-səbəblərdən “çimmək qadağandır” lövhələri quraşdırılıb.

Dünya təcrübəsində bir çox hallarda dənizə giriş pulsuzdur. Əgər çimərlik hər hansı hotelin ərazisində yerləşirsə, müəyyən xidmətlərdən istifadə etmək üçün pul ödəmək lazımdır. Uzağa getməyək, elə qonşu Türkiyənin ən məşhur kurort bölgələrində belədir. Heç kim dənizə girişi qadağan etmir. Azərbaycanda isə dənizkənarı obyektlərin yerləşdiyi əraziyə pulsuz girmək mümkün deyil. Hətta heç bir obyekt olmasa belə, kiçik sahibkar ərazini satın alıb, “şlaqbaum” qoyub vətəndaşları narazı salır. Çimərliyə yemək-içmək, hətta su gətirməyə icazə verilmir. Yox, əgər yeməyinizi özünüzlə gətirmək istəyirsinizsə, ictimai çimərliklərə üz tutmaq olar, hərçənd, qeyd etdiyimiz kimi, onların sayı çox azdır.


Turizm eksperti Ceyhun Aşurov Musavat.com-a bildirib ki, Azərbaycanın dəniz kənarında yerləşməsi turizm potensialını artırır. Ekspertin sözlərinə görə, yay mövsümündə çimərliklər turizm baxımından geniş imkanlar açır:

1584358674.jpg (61 KB)

“Türkiyə ilə müqayisə etsək, mövsüm az davam edir - təxminən 3 ay. Türkiyədə Anadolu yarımadasında yerləşdiyi üçün 3 tərəfi dənizlə əhatə olunub, günəşli günlərin sayı Azərbaycandan dəfələrlə çoxdur. Təxminən may ayından oktyabr ayına qədər, bəzən oktyabr ayında da dənizə girmək mümkündür. Bu ölkə turizminə əlavə üstünlük qazandırır. Belə ki, turistlərin nisbətən az olduğu aprel-may, sentyabr-oktyabr aylarında Türkiyəyə dəniz üçün səfərlər edənlər çoxdur. Azərbaycanın çimərlik olan əraziləri Abşeron yarımadasında, Nabranda və cənub zonasındadır. Nabranda infrastruktur müəyyən dərəcədə düzəlib, çimərlik var. Abşeronda bəzi çimərliklər təmizdir. Özəl məkanlar bahalı olsa da, hovuzu da var və nisbətən keyfiyyətli xidmət təklif edilir. Lənkəran, Astara sahillərində dəniz sahili təmizdir, qumludur. Təəssüf ki, bu bölgənin potensialından tam istifadə edə bilmirik. Halbuki bu bölgədə həm yerli, həm də əcnəbi turistləri qane edəcək çox gözəl turistik imkanlar var”.

O ki qaldı qiymətlərə, ekspert hesab edir ki, Azərbaycanda qiymətlər müqayisəlidir:

atv-110.jpg (66 KB)

“Biz ən çox Türkiyə və Gürcüstanla müqayisə aparırıq. Nəticədə qiymət paketinin baha olduğu qənaətinə gəlirik. Vətəndaşları da narahat edən budur - niyə qiymət baha, xidmət aşağıdır? Xidmət verənlərin sayı məhdud olduğu üçün vətəndaşların seçim imkanı məhdudlaşır. Qonşu ölkələrlə müqayisədə Azərbaycanda istirahət məkanlarının sayı dəfələrlə aşağıdır. Nisbətən normal xidmət təklif edən otellər 5 ulduzludur, dünyanın hər yerində 5 ulduzlu otellər bahalıdır. Orta və aşağı seqmentdə seçim imkanı isə çox az olduğu üçün əlverişli qiymətə istirahət etmək şansı azalır. Eyni zamanda tələbatın yüksək olduğu yay mövsümündə yer tapmaq müşkülə çevrilir. Nəticədə tələb-təklif prinsipinə görə qiymətlər yüksək olur. Çıxış yolu dənizkənarı ərazilərdə nümunəvi çimərliklərin sayının artırılması, alternativlərin çoxaldılması, qalma yerlərinin daha da təşviq olunması, yeni yerlərin açılması, rəqabət mühitinin əlverişli formatda genişlənməsidir. Yalnız bu halda qiymət və xidmət faktorlarının kəsişmə nöqtəsini tapa bilərik. Dənizkənarı ərazilərdə mövsümün az davam etməsi sahibkarlar üçün mənfəət baxımından cəlbediciliyi azaldır. Turistləri cəlb etmək üçün xidmət çeşidliliyini artırmaq, mövsümü daha da uzatmaq, yaxud daha əlverişli hala gətirmək lazımdır. Belə olan halda bütün mövsümlərdə turistlər istirahət, sağlamlıq və ya başqa turistik məqsədlərlə istirahət mərkəzlərinə üz tutacaqlar”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR