Onlayn ictimai-siyasi qəzet
Britaniyanın sabiq baş naziri əvvəl sonuncu ukraynalıyadək döyüşməyə çağırırdı, indi də Ukraynanı ABŞ-ın boyunduruğuna, koloniyasına çevrilməyə səsləyir
O fikrimdə yenə qalıram ki, Ukrayna rəhbərliyi son 10 ildə bir çox ciddi səhvlərə yol verib və indi də xalq onun altını çəkir. Rusiyanın “ağzının içində” birbaşa Qərbin maraqlarına xidmət edəcək siyasi kurs götürmək yanlış idi. Ukrayna Pribaltika respublikaları deyildi ki, SSRİ-yə ən sonda qoşulmuşdular və sonadək də bu imperiyada özlərini yad hesab etdilər, yad olaraq da ayrılıb getdilər. Rusiya isə özünə həm mənəvi, həm dini, həm kultroloji bağlılığı olan Ukraynanı gözündən uzağa buraxmaq istəmirdi, amma bu “ayrılıq” bu cür qan-qadalı, Kiyev üçün bunca ağır nəticələr vermədən də mümkün ola bilərdi.
Rusiya Ukraynanın müstəqil siyasi kurs götürməsinə o vaxt da etiraz edirdi, indi də edir, o vaxt da müqavimət də göstərirdi, indi də göstərir. Amma ağıllı siyasətçiləri olsaydı, Kiyev Krımı da, şərq vilayətlərini də itirməyə bilərdi. Qərbin Ukraynanın Rusiyadan qoparmaq əməliyyatı o qədər kobud oldu ki, Moskva nəyə əli yetdisə, onu Kiyevdən qoparıb aldı. İndi də itirilmiş əraziləri nə müharibə ilə geri qaytarmaq mümkün olur, nə sülhlə...
Bu müharibənin fitilini hazırlayanlardan olan Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Dmitri Qordona müsahibəsində Donald Trampın son bəyanatları fonunda ABŞ-ın Ukrayna siyasətini kəskin tənqid edib. “Bu, çirkin və yanlışdır. Ukraynanın bu müharibəni başlatdığını söyləmək dəlilikdir”. Amma Conson nədənsə, ABŞ-ın çapovulçuluğu xatırladan qiymətli meteriallarla bağlı sövdələşməni “mübahisəli məqamlarına baxmayaraq, Ukrayna üçün faydalı” sayır. İzahı da belədir ki, bu sövdələşmə ABŞ-ı Ukraynanın suverenliyinə və təhlükəsizliyinə uzunmüddətli dəstək verməyə məcbur edir. “İnanıram ki, Ukrayna bu sazişi imzalamalıdır. ABŞ azad, suveren, təhlükəsiz Ukraynanı dəstəkləməyi öhdəsinə götürür. Bu çox dəyərlidir”.
Consonu Azərbaycanda tərifləyirlər, ola bilsin, bu türk kökənli siyasətçini mən anlamaqdan çətinlik çəkirəm. Britaniya nəhəng siyasət-diplomatiya adamlarının vətənidir. Onun haqda bu müharibə fonunda yazdıqlarımı bir daha gözdən keçirdim, yanlış görmədim. Adam o vaxt sonuncu ukraynalıyadək döyüşməyə çağırırdı, indi də Ukraynanı ABŞ-ın boyunduruğuna, koloniyasına çevrilməyə səsləyir, bunu da elə “arqumentlərlə” ört-basdır edir ki...Yəni “Rusiya boyunduruğu pisdir, Amerikanın müstəmləkəsi olmaq yaxşı” məntiqi.
Conson hesab edir ki, Putin müharibəni əslində uduzub, çünki məqsədi Ukraynanı kölə dövlətinə çevirmək, yenidən Rusiya imperiyasının tərkibinə qatmaq idi, bunu edə bilməyib. Ukrayna dövlətçiliyi təhlükə altına düşüb, həm də onun kimi siyasət dəllalarının da sayəsində, Conson isə Trampa yenə məsləhət görür ki, Ukraynanın təhlükəsiz sərhədləri olan kimi NATO-ya qoşmaq prosesinə başlamaq olar və sairə. Conson qəsdən Ukraynanın Avropa Birliyinə qoşulmaq niyyətini yada salmır, “yönlü təşkilat idisə, İngiltərə niyə çıxdı” soruşa bilərlər...
Conson da əslində Ukrayna müharibəsinin qurbanı hesab oluna bilər. Mühafizəkarlar Partiyasının sədri kimi üzərində 10 yazılmış qapını məğrur baş nazir kimi açan Conson oranı məğlub, “sıfır”, hətta biabırçı şəkildə tərk etdi. Conson müharibənin cəmi 4 ayını baş nazir kimi işlədi, heç dincəlmədi, ortadan çıxmadı, zamanını və enerjisini öz ölkəsindən daha çox “Rusiyanı məğlub etməyin yollarını axtarmağa” sərf etdi. Emosiya ingilislərdə zatən var, amma Consonda ağlını üstələyən həddə idi. Dəyişməyib. İndi siyasi proqnozçu işləyir. Onu da fərli bacarmır...
Bəlkə də tarixin təkərinin geri- 2022-ci ilə çevirmək olsaydı, bəlkə də Ukrayna daha ağıllaca davranardı, bəlkə həmin ilin fevralının 24-də Rusiya da müharibə qərarından vaz keçərdi. Biz də Baydenin “fevralın 16-da müharibə başlayır” bəyanatını qocalığına bağlamamalı, Qərb ölkələrinin vətəndaşlarını təcili Kiyevdən qaçırmasını ciddiyə almalı, əminliklə “Rusiya heç vaxt Ukrayna ilə müharibə etməz” deməzdik. ABŞ bu qanı Ukraynadan hər bir halda çıxaracaqdı. İndi də müharibəni bitirib, sərvətlərinə əl qoyur...
Nazim SABİROĞLU,
Musavat.com
28 Fevral 2025
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ