Onlayn ictimai-siyasi qəzet
Çinin süni intellekt (AI) tətbiqi "DeepSeek" ABŞ, Böyük Britaniya və Çində "Apple App Store"da ən yüksək reytinqli pulsuz proqramları, "ChatGPT" daxil olmaqla digər rəqiblərini geridə qoyub. Onun populyarlığının artması ABŞ-da yerləşən süni intellektlə əlaqəli şirkətlərin satışına ciddi təsir edib.
"DeepSeek" meydana çıxandan sonra "Nvidia", "Microsoft" və "Meta" şirkətlərinin səhmləri ucuzlaşıb, Avropa səhmlərinin qiymətləri düşüb.
Musavat.com xəbər verir ki, "DeepSeek"in ildırım sürəti ilə bazara girməsi Amerika Birləşmiş Ştatlarının süni intellekt sahəsində liderliyini alt-üst edib. ABŞ şirkətlərinin süni intellektə qoyduğu sərmayələrin miqyası da durumu dəyişəcək gücdə görünmür.
Tədqiqatçılarının fikrincə, rəqib şirkətlərin xərclədiyi milyardlarla dollarla müqayisədə açıq mənbəli "DeepSeek-V3" modelinin hazırlanması 6 milyon dollardan az qiymətə başa gəlib. "DeepSeek"in qəfil yüksəlişi ABŞ-ın süni intellekt üçün lazım olan yüksək texnologiyalı çiplərin Çinə satışını məhdudlaşdırdığı bir vaxta təsadüf edir. Çinli süni intellekt tərtibatçıları yüksək texnologiyalı idxal çiplərinin daimi tədarükü olmadan işlərini davam etdirmək üçün tədbirlər görür və texnologiyanı təkmilləşdirməyin yeni yollarını sınaqdan keçirirlər.
Nəticədə indi süni intellekt modelləri əvvəllər düşünüldüyündən daha az hesablama gücü tələb edir və gözləniləndən xeyli aşağı qiymətə başa gəlir. Bu, bütün sənayeni alt-üst edə bilər.
Bu ayın əvvəlində "DeepSeek-R1"i işə saldıqdan sonra şirkət onun modelinin "ChatGPT" istehsalçıları "OpenAI"nin ən son modelindən üstün olduğunu elan etdi. Bu, xüsusilə riyaziyyat, kodlaşdırma və linqvistik əsaslandırma kimi tapşırıqlar üçün mükəmməl həll yoludur.
Silikon Vadisinin sərmayəçisi və Donald Trampın müşaviri Mark Andreessen "DeepSeek-R1"i Sovet İttifaqının 1957-ci ildə kosmos yarışında böyük dönüş nöqtəsi olan "Sputnik" peykini buraxması ilə müqayisə edib və ""Sputnik"in süni intellektin anı" adlandırıb. O zaman ABŞ rəqibinin texnoloji nailiyyətləri qarşısında mat qalmışdı.
Hollandiyanın çip avadanlığı şirkəti ASML-nin səhmləri 10 faizdən çox, süni intellektlə əlaqəli avadanlıqlar istehsal edən "Siemens Energy" isə 21 faizdən çox ucuzlaşıb. "City Index"in baş bazar analitiki Fiona Cincotta deyib ki, bu ucuz Çin tətbiqi ideyası bazarı təəccübləndirib, çünki belə bir tətbiqi gözləmirdilər.
O, "Əgər ucuz süni intellekt modelləri qəbul edilərsə, bu, rəqiblərin gəlirliliyi üçün ciddi narahatlıq yaradacaq, artıq bahalı süni intellekt sistemlərinə xərclənən pullar əbəs olacaq" deyib.
ABŞ-da hesab edirlər ki, Çin şirkətlərinin üzləşdiyi problemlər DeepSeek-R1-in və bu qəbildən olan Çin mənşəli tətbiqlərin inkişafına mane ola bilər.
Keçən həftə ABŞ-ın bir qrup texnoloji şirkətləri və xarici investorlar Texasda süni intellekt şirkətinin infrastrukturunun qurulması üçün 500 milyard dollarlıq sərmayə qoyulan "Stargate" layihəsini elan ediblər.
Bəs, dünyaya səs salan "DeepSeek"i kim qurub?
Şirkət 2023-cü ildə Cənub-Şərqi Çinin Hangzhou şəhərində Liang Wenfeng tərəfindən təsis edilib. İnformasiya və elektronika mühəndisliyi məzunu olan 40 yaşlı həm də "DeepSeek"i dəstəkləyən hedcinq fondunu təsis edib. Onun hazırda Çinə ixracı qadağan edilən "Nvidia" A100 çipini ehtiyata yığdığı da bildirilir. Mütəxəssislər çiplərin ümumi sayının 50 min civarında olduğuna əminliklərini ifadə ediblər. Onlar hesab edirlər ki, bu çipləri hələ də idxal oluna bilən daha ucuz çiplərlə birləşdirmək ona "DeepSeek"i işə salmağa kömək edə bilər. Liang bu yaxınlarda sənaye mütəxəssisləri və Çin baş naziri Li Çanqın qatıldığı bir yığıncaqda görünüb.
2024-cü ilin iyulunda Çin Akademiyasına verdiyi müsahibədə Liang süni intellekt modelinin əvvəlki versiyasına verilən cavabdan təəccübləndiyini deyib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ