İnsanlara hürriyət, millətlərə istiqlal!

Dayazlaşan Xəzərə dair dayaz ağıllı plan - SSRİ 250 nüvə silahı ilə dənizə əlavə çaylar axıdacaqmış

II dünya müharibəsindən sonra Xəzər dənizinin dayazlaşması SSRİ rəhbərliyini ciddi narahat etməyə başlayıb. 1963-cü ildə 250 nüvə silahından istifadə edərək bu problemi aradan qaldırmaq istəyiblər. Layihə gizli sənədlərdə “Tayqa” adlanıb.

Təcrübəyə hazırlıq

Layihə dayazlaşan Xəzər dənizini qidalandırmaq üçün Peçora və Kolva çayları arasında nüvə partlayışlarından istifadə edərək süni kanal yaratmağı özündə ehtiva edib. Partlayışlar üçün seçilən yer Berezovka çayı yaxınlığında, Perm vilayətinin az məskunlaşan Çerdinski rayonu olub. Öz növbəsində çayın mənbəyi Xəzər dənizi və Şimal Buzlu Okean hövzələri arasındakı kontinental hissədə yerləşib.

cb16f13a-cf84-4e65-ae84-775799443c2b.jpg (274 KB)

Partlayışların baş verəcəyi yerdən bir neçə kilometr aralıda Vasyukovo kəndi olub. Bir-birindən eyni məsafədə düz bir xəttdə yerləşən bir neçə quyu (ən azı yeddi) qazılıb. Quyuların divarları 8 qat 12 mm-lik təbəqə poladdan ibarət olub, dərinliyi təqribən 127 metr, quyular arasındakı məsafə təxminən 162-167 metr təşkil edib.

Nüvə yükü dərinliyə endirildikdən sonra onun üstü çınqıl, sonra qrafit və sement qatı ilə doldurulub. Hər yükün gücü 15 kt, bütün yüklərin ümumi gücü 45 kt olub.

Təcrübə iştirakçıları üçün hətta kənd də salınıb. “Ural-375” yük maşınları nüvə partlayışının parametrlərini qeyd etmək üçün ölçü avadanlığı, həmçinin müvafiq xüsusi sistem ilə təchiz edilib.

a797b5fd-bba5-494f-b930-5f3692414c9b.jpg (200 KB)

Bundan əvvəl Telkem təcrübəsinin bir hissəsi olaraq Semipalatinsk poliqonunda hər biri 0,24 kiloton olan üç kiçik nüvə yükü istifadə edilib. Onların partlaması nəticəsində 140 x 70 m ölçülü xəndək yaranıb, sınaqlar kanal yataqlarının salınması üçün atom partlayışlarının effektivliyini təsdiqləyib.

Belə ki, qazıntı işlərinin aparılması üçün enerji mənbəyi kimi termonüvə partlayışından istifadə etmək daha sərfəli olub. Bu üsul əksər alternativ addımlardan daha az investisiya tələb edib və onların bir çoxundan dəfələrlə güclü olub.

Düzgün hesablanmayan sınaq

23 mart 1971-ci ildə Krasnovişersk şəhərindən təxminən 100 km şimalda, Perm vilayətinin Çerdinski rayonunun Vasyukovo kəndi yaxınlığında 15 kilotonluq üç nüvə yükü eyni vaxtda yerin altında partladılıb.

7aa20ef8-7eae-4ead-bfc6-e139a304b883.jpg (194 KB)

Yeraltı təkanlar on kilometr radiusda yerləşən kəndlərin sakinləri tərəfindən hiss olunub. Külək toz buludunu, planlaşdırıldığı kimi, Komiyə tərəf aparıb.

Partlayış nəticəsində uzunluğu 700, eni 380, dərinliyi 10-15 metr olan dərə yaranıb. Daha sonra dərəyə su dolub. Partlayış mütəxəssislər tərəfindən uğursuz hesab edilib, lakin buna baxmayaraq, Maşınqayırma Nazirliyi bu mərhələni uğurla başa çatmış hesab edib və işin davam etdirilməsi üçün göstərişlər verib.

Yalnız 1975-ci ilin sonunda layihənin icrasını davam etdirmək üçün yeni ekspedisiyanın tərkibi təsdiq edilib. 1976-cı il fevralın 17-də yeni ekspedisiya müvafiq texniki vasitələr, avadanlıqlar və istehlak materialları ilə təyinat yerinə gəlib və işə başlamağa hazır olub. Lakin 20 mart 1976-cı ildə gözlənilmədən bütün ekspedisiya iştirakçılarına layihə ilə bağlı bütün işləri dayandırmaq əmri gəlib.

a45bb3ca-d171-4d12-82f4-77c378e0a873.jpg (45 KB)

Məlum olub ki, partlayış nəticəsində radioaktiv hissəciklər Sovet İttifaqının hüdudlarından kənara yayılıb. Radioaktiv maddələrin geniş əraziyə yayılması isə öz növbəsində 5 avqust 1963-cü ildə imzalanmış üç mühitdə nüvə sınaqlarını qadağan edən Moskva müqaviləsinin pozulması idi.

Hətta illər sonra Radiasiya Gigiyenası Elmi-Tədqiqat İnstitutunun alimləri partlayışın baş verdiyi ərazidə radiasiya ilə bağlı araşdırma aparanda, ərazidə 137Cs və 60Co izotoplarının yaratdığı fon qamma radiasiyanın artdığı sahələri aşkar edib. 2000-ci illərin əvvəllərində bu gölün sahilindəki radiasiya səviyyələri Çernobıl AES qəzasında sonra yaxın ətrafda olan radiasiya səviyyəsi ilə müqayisə olunub.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR