İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşqınlarla bağlı erkən xəbərdarlıq sistemlərimiz var, amma...

Ekoloq deyir ki, erkən xəbərdarlıq sistemlərinin daha da təkmilləşməsi zəruridir

Ekoloq deyir ki, erkən xəbərdarlıq sistemlərinin daha da təkmilləşməsi zəruridir

İqlim dəyişmələri fonunda son illərdə dünya ölkələrinin böyük əksəriyyətinin üzləşdiyi problemlərdən biri də sel və daşqınlarla bağlıdır. Bu ilin ötən müddətində ölkədə 45 sel hadisəsi baş verib, halbuki ötən il bütün ilboyu 43 sel qeydə alınmışdı. Son 10 ilin iyun aylarında ortalama 3-9 sel və daşqın baş verirdisə, ötən il 18, bu il isə iyunun ilk 15 günündə 26 belə hadisə olub.

Sel və daşqınlarla yanaşı, ölkədə dolu yağması halları da çoxalıb. İyunun 1-dən 15-dək Azərbaycanda 31 dəfə dolu düşməsi qeydə alınıb. Ötən il 18 belə olay baş vermişdi. Qəbələ və Yardımlıda dolu dənələrinin diametri 25-30 millimetrə çatıb. Baş verən sel, daşqın və dolu hadisələri həmin bölgələrdə yaşayan insanların yaşayışına da təsirsiz ötüşmür. Bu ilin mayında Göygöl rayonunda selə düşən iki nəfər həyatını itirib. Bölgədə yaşayan sakinlərin ev və təsərrüfatlarına ciddi ziyan dəyib. Aqrar Sığorta Fondunun yaydığı açıqlama da regionlarda yaşayan insanların ciddi problemlərlə üzləşdiyini təsdiqləyir.

O da bildirilir ki, fəlakət riskinin azaldılmasına dair məlumatların toplanması və təhlili də daxil, kənd təsərrüfatı siyasətinin araşdırılmasında və hazırlanmasında ciddi boşluqlar var. Hökumət bu boşluqların doldurulmasına çalışmalıdır. Digər bir vacib məqam isə ixtisaslı kadrlarla bağlıdır. Özəlliklə fəlakət riskləri olan bölgələrin xəritələşməsi baxımından ölkənin istər texniki imkanları, istərsə də insan resursları inkişaf etdirilməlidir.

Rafiq Verdiyev: "İntensiv yağan yağışlar Kürün səviyyəsini artırıb"

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO-nun) araşdırmasına görə, son 20 ildə müxtəlif təbii təhlükələrin ölkədəki əkin sahələrinə vurduğu ziyan bitkiçilikdən əldə olunan ümumi qazancın 4-6 faizi qədərdir. Fəlakət risklərinin azaldılması baxımından FAO-nun Azərbaycanda tətbiqini vacib saydığı digər mexanizm də erkən xəbərdarlıq sistemlərinin yaradılmasıdır. baş nazir Əli Əsədovun sədrliyi ilə son günlər ölkəmizdə baş verən sel və daşqın hadisələrinin fəsadlarının aradan qaldırılmasına həsr olunmuş müşavirədə də Milli Hidrometeorologiya Xidməti tərəfindən tətbiq edilən erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.

Ölkədə sel və daşqınlarla bağlı yeni erkən xəbərdarlıq sistemləri niyə yoxdur?

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bugünlərdə jurnalistlərə açıqlamasında hidrometeoroloji hadisələrlə bağlı müasir standartlara cavab verən yeni erkən xəbərdarlıq sistemi yaradılacağını demişdi. Onun sözlərinə görə, bu istiqamətdə hazırlıqlar gedir: “Bu sistem hazırlandıqdan sonra sel və daşqınlarla bağlı məlumatları daha erkən müəyyən etmək mümkün olacaq. Bu da bizə həm əhalinin sağlamlığının qorunması, kənd təsərrüfatı sahələrinin zərər görməməsi üçün daha erkən məlumat verməyə şərait yaradacaq”.

Turkustan.az - Ən son xəbərlər

Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru Rövşən Abbasov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Öncə qeyd edim ki, müasir erkən xəbərdarlıq sistemləri ən azı 48 saat əvvəl sel, daşqın, güclü yağış hadisəsi barədə informasiya yaymağa başlayır. Daha sonra 24 saat da  informasiya yenilənə bilər ki, hadisə olmayacaq. Əgər 24 saatda sonra hadisənin olacağı təsdiq olunarsa, artıq daha sürətli hərəkətə keçmək lazımdır.

Beləliklə, qeyd olunan təbiət hadisələri barədə 48 saat əvvəldən məlumat verilir, insanlar buna psixoloji və fiziki baxımdan hazırlıqlı olmalı, 24 saatdan sonra isə qiymətli əşyalarını, sənədlərini, mal-qaralarını təhlükəsiz zonaya keçirməlidirlər.

Adətən kənd, rayon yerlərində toplama məntəqələri olur. İnsanlar bu məkanlara gedir, orada insanlara bu barədə daha ətraflı məlumat verilir və məsləhətlər verilir ki, təhlükə baş verəcəyi təqdirdə harada, üzərlərində nə olmalıdır. Məsələn, insanlar üzərlərində quru yeməklər, çox kiçik məişət avadanlıqları  götürə bilərlər. Əgər hadisə baş verdikdə, insanlar buna hazırlıqsız olarsa, bu artıq fəlakət, təhlükə deməkdir. Beləliklə, erkən xəbərdarlıq sisteminin fəlsəfəsi budur.

Erkən xəbərdarlıq sistemində vətəndaşlarla birbaşa şəxsi əlaqələr olur. Belə ki, ailə başçılarının telefonlarına ümumi mesajlar gəlir. Məsələn, bildirilir ki, filan tarixdə təbiət hadisəsi baş verəcək və bunun üçün hansı işlər görülməlidir. Mesajları göndərən təşkilat adətən FHN olur və öz adı da qeyd olunur ki, vətəndaşlar bilsin hansı qurum tərəfindən göndərilib, ona etibar etsin".

Ekoloq da vurğulayıb ki, Azərbaycanda erkən xəbərdarlıq sistemləri mövcuddur, amma bu sistemin daha da təkmilləşməsi zəruridir: “Qeyd edim ki, ölkəmizdə bu cür sistemlər qurulub və fəaliyyətdədir. Amma bəzilərinin texniki mütəxəssis hazırlıqları problemi var. Məsələn, Hidrometeorologiya Xidməti proqnoz verir və bu proqnoz müəyyən təşkilatlara,  yerli icra hakimiyyətlərinə gedir, amma vətəndaşlara bu proqnozlar çatmır. Bu məsələ təşkil olunmalıdır. Məsələn, Şəki şəhərində yerləşən Kiş çayı sel baxımından çox təhlükəlidir. Bu çay dünyanın ən təhlükəli çaylar kataloquna düşüb. Amma bələdiyyə orqanları  bu çaya yaxın ərazilərdə vətəndaşlara həyətyanı sahələr verib, hansı ki, birbaşa təhlükə zonasıdır. Burada zonlaşdırma aparılmalıdır: yüksək risk zonası, orta risk zonası, aşağı risk zonası və qeyri-risk zonası. Yüksək risk zonasında, ümumiyyətlə, heç bir tədbir həyata keçirilə bilməz. Aşağı risk zonasında isə yalnız dərinlikdə borular çəkilə, kommunikasiya xətləri ola bilər, mal-qara otlaya bilər, amma yaşayış evləri ola bilməz. Burada vətəndaş hazırlıqları bələdiyyə səviyyəsində çox yüksək olmalıdır. Tutaq ki, Şəki rayon məktəblərində, Kiş, Şin çayları, onların təhlükəsi haqqında dərslər keçirilməli, bunun üçün ayrıca saatlar ayrılmalıdır. Bundan  başqa, sel, daşqın barəsində vətəndaşlara əlavə təlimlər keçirilməlidir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR