İnsanlara hürriyət, millətlərə istiqlal!

Dana ətinin inkişafı

Dövlət Statistika Komitəsi məlumatına görə “Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış üzlü südün, günəbaxan və qarğıdalı yağlarının, bananın, gilasın, alçanın, əriyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, baş soğanın, kartofun, bahalaşma isə əsasən unun, makaronun, mal və qoyun ətinin, yumurtanın, zeytun yağının, limonun, almanın, çiyələyin, kivinin, ağ kələmin, göyərtinin qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir”. Sitatın sonu.

Gördüyümüz kimi, xalqın əsasən, daha çox yediyi ərzaqlarda bahalaşma vardır. Un, makaron, ət, yumurta. Lakin şəxsən mən DSK ilə razı deyiləm. Buna bahalaşma adı qoymaq düz deyil. Əslində qiymətlər artmayıb, daha da tənzimlənmişdir.

Başqa yöndən, dana ətinin qiyməti əgər yüksəlibsə, burada Azərbaycanın inkişaf etmiş dünya ölkələri səviyyəsinə çatması sevindiricidir. Örnək üçün, hazırda gözəl Bakımızda dükana girirsən, dana əti 20-22 manatdır. Bunu dollara çevirsək, 13 dollar edir. Dünyada dana əti qiymətlərinə baxaq: Fransa, Sinqapur, Britaniya, Sloveniya, Macarıstan və Polşada da mal ətinin 1 kilosu 13 dollar ətrafındadır (2024, aprel qiymətlərinə görə). Deməli biz hazırda Britaniya və Fransaya çatmışıq və hətta bəlkə onları ötmüşük! Bu misilsiz uğura görə Kənd Təsərrüfatı Nazirliyimizə dərin minnətdarlıq edirəm.

Mal ətinin 3-5 dollar olduğu ölkələr isə Nigeriya, Uqanda, Zambiya, Qana və Pakistandır. Biz Uqandaya çatmaq istəyirikmi? Əlbəttə, yox. Hərçənd, Uqandada mal əti ümumiyyətlə tapılırmı, buna əmin deyiləm. Orda daha çox fil yeyirlər. O da fil əcəli ilə öləndən sonra. Uqandada uzun illər yaşamış dostumuz Elnur bəy deyərdi ki, burada belə ata sözü var: “Əgər uqandalı fil əti yeyirsə ya fil ölüb, ya da uqandalı”.

Eyni zamanda, hələ qarşıda duran vəzifələrimiz var. Cənubi Koreyada mal ətinin kilosu 60 dollardır, Almaniyada 27 dollar. Niyə bizdə də elə olmamalıdır? Əlaqədar təşkilatlardan xahiş edirik, tezliklə bizi Almaniya səviyyəsinə çatdırmalıdırlar. Dövlət qulluqçusu adına layiq olmaq lazımdır. Biz İkinci Dünya Savaşında havayı yerə qalib gəlməmişik.

Hətta qardaş Türkiyəyə çatmamışıq, orda dana əti 21 dolları keçmişdir. Düzdür, belə bahalaşmalar turizm sektoruna mənfi təsir edir, ancaq bunun bizə ziyanı yoxdur, onsuz turizm sektoruna dövlət dotasiyası veririk. Qar yağmasa belə qış kurortu saxlayırıq, dövlət büdcəsi hesabına. Keçən bazar Xızı dağlarına getmişdim, məni heyran etdi Xızı dağları. Çünki yol boyunca bir turist, bir ziyarətçi də rastımıza çıxmadı. O boyda dağlar, meşələr ağzıgünə qalıb. Ucuzluq olsa hamı tökülüşüb gələr. Sonra gəl meşədə ayının ağzından turist çıxar.

Bahalı ət yemək yaxşıdır. Ucuz ətin şorbası olmaz. Ağzını ətə öyrətmə, ...ünü ata. Ac bəydən tox it yaxşıdır.

Belə şeylər bizi sivil dünyaya inteqrasiya edir. Məsələn, mən son illərdə o qədər Stokholm sindromu yaşamışam ki, hazırda özümü zır isveçli kimi hiss edirəm. Futbolda Zlatan İbrahimoviçə balet eləyirəm, Anar müəllimdən sonra ən çox oxuduğum Astrid Lindqrendir, internetdə vikinqlər haqda kino gördümsə, vəssalam, məni ekrandan qoparmaq olmaz.

Hərçənd, İsveçdə dana əti 19 dollardır. Deməli hələ görüləcək işlərimiz çoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR