İnsanlara hürriyət, millətlərə istiqlal!

COVİD 19-un 9-cu dalğası - Pandemiya qayıdır?

Həkim-pulmonoloq: “Sərhədlərin bağlı olması bizim işimizə çox faydalıdır...”

Fransanın Baş naziri Elizabet Born srağagün ölkə vətəndaşlarını qapalı yerlərdə və ictimai nəqliyyatda mütləq maska taxmağa çağırıb. O, bunu koronavirusun 9-cu dalğasının sürətlə yaxınlaşması ilə əlaqələndirib. Payızın əvvəlində qısa bir sakitlikdən sonra Fransada COVID-19 infeksiyalarının 46 faiz, xəstəxanaya yerləşdirmələrin 10 faiz artdığı, son bir həftədə 400 ölüm faktının qeydə alındığı bildirilir.

Almaniya da növbəti korananın yeni dalğasını qarşılamağa hazırlaşır. Ölkənin səhiyyə naziri Karl Lauterbax siyasətçilərin karantin rejimini yumşaltmaq, eləcə də ictimai nəqliyyatda məcburi maska tələbini ləğv etmək çağırışlarını “populizm” adlandırıb.  Nazir oktyabr ayında ölüm hallarının kəskin artmasından sonra bütün karantin tədbirlərini ləğv etməyi “ağılsızlıq” adlandırıb.

Bu arada Çində həm karantin rejiminin sərtləşdirilməsi, həm də buna qarşı etirazların böyüməsi haqda xəbərlər gəlir. Nə baş verir? Doğrudanmı dünyanı indi də COVİD-19-un 9-cu dalğası təhdid edir? Yeni ilə dünya təzədən qapanacaq?

Bu arada, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç deyib ki, yeni növ koronavirus infeksiyası hələ mövsümi xəstəlik sayıla bilməz, o, hələ də pandemiya mərhələsindədir:  “Pandemiyanın sonu haqqında danışmaq hələ tezdir. İnsanlar COVID-19-un yüngül xəstəliyə çevrildiyini düşünə bilərlər, lakin bu, yanlışdır. Bəli, biz pandemiyanın kəskin yüksəliş mərhələsində deyilik, lakin virus hələ də çoxlu sayda xəstəliyə səbəb olur, dünyada çoxlu insanlar xəstələnir, dalğa gəlir”.

O əlavə edib ki, virusun təhlükəsini unutmaq olmaz və ehtiyatlı olmaq lazımdır. Əks halda xəstələrin və ola bilsin ki, ölümlərin sayı artacaq.

Referans Klinik Laboratoriya Mərkəzi - Dr.Əsəd Beydullayev

 Əsəd Beydullayev

Həkim-pulmonoloq Əsəd Beydullayev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, yeni dalğa olsa belə, insanlar buna hazırdır: “Ukrayna-Rusiya müharibəsi yeni başlayanda onu izləyirdim. Mənim kimi digər vətəndaşlar çox maraqla izləyirdilər. Amma hazırda heç kim izləmir. Niyə? Çünki aktuallığını itirib. Məlumatlar çox oldu, artıq hamını yordu. Əslində eyni durum koronavirusla bağlı baş verib. Söhbət burada insanların virusa olan münasibətindən gedir. İnsanlar COVİD-dən artıq yorulublar. O səbəbdən çox izləyən yoxdur. Mən vətəndaşların içindəyəm. Hətta mən də bundan yorulmuşam. Pandemiya müddətində bəlkə 10 mindən artıq koronavirus xəstəsini müalicə etmişəm. Virus yeni yarananda söz demək çox çətin idi. Çünki bu, standartlardan kənar gedən xəstəlik idi. Virusun gedişatının necə olacağı məlum deyildi. Vəziyyət yaxşılaşdı deyirdik, yenidən pandemik vəziyyət yaranırdı. Sonra birdən-birə keçib gedirdi”.

Həkim qeyd edib ki, koronavirusun növbəti dalğası ola bilər: “Yeni ştamların yaranması mümkündür. Yenə yoluxma sayı arta bilər. Amma məsələnin gedişatına təsir edən bir nüans var. Öncədən biz bu işə hazırlıqsız idik. Bu bütün ölkələrə aiddir. Amma hazırda insanlar bu sahədə yetərincə maarifləniblər. Əgər koronavirus yeni dalğanın yaranmasına səbəb olacaqsa,  bunu da əvvəldən söyləmək çətindir. Bu, ajiotaj da ola bilər. Bununla belə, dövlətimiz tərəfindən çox ciddi siyasət aparılır. Bütün dövlətlər sərhədlərini açdı, biz açmadıq. Sərhədlərin açılmamasının səbəbini hərə bir formada şərh etdi, ya iqtisadi, ya da siyasi olduğu deyildi. Amma məntiqlə sərhədlərin açıq olmaması bizim işimizə çox faydalıdır. Yoluxma olarsa belə, bu artıq əvvəlki kimi sürətlə olmayacaq.

İkincisi, insanlar artıq məlumatlıdırlar, koronavirus yenidən artmağa başlayarsa, nə edəcəklərini bilirlər. Maska deyilsə, taxacaqlar. “Qızıl qaydaları” hər kəs bilir. Bütün bunlar, eyni zamanda firmalar da korona ilə bağlı dərmanlar da gətiriblər. Ona görə Azərbaycanda yetərincə baza var. Hesab edirəm ki, koronovirus olarsa belə, onu atlatmaq çox yüngül olacaq.

Bundan əlavə, virusla mübarizədə müəyyən xəstəxanalar ayrıldı. Bu xəstəxanalarda ixtisaslaşmış, öz işini yaxşı bilən həkimlər formalaşdı. O səbəbdən də əvvəlki vəziyyətin yaranacağını düşünmürəm. Amma yenidən xəstə sayının artması mümkündür. Buna şərait yaradan faktorlar var. İlk olaraq havaların soyuması ilə insanlar qapalı məkanlara üstünlük verirlər. Kafelər, restoranlar olsun, yaxud evində olsun. Evlərdə havalandırma olmadığını  görə yoluxma sayının kəskin artmasına səbəb olur. Digər səbəb restoran, kafelərin işləməsi, eləcə də təhsil müəssisələrinin açıq olmasıdır ki, əgər yeni dalğa başlayarsa, sürətlə artmasına səbəb olacaq. İnsanlara isə tövsiyəm odur ki, əgər koronovirusla bağlı gündəlik yoluxma artarsa, özlərində hər hansı əlamət hiss edirlərsə, mütləq həkimə müraciət etsinlər. Ağırlaşmadan, insanlara yayılmadan tez bir zamanda qarşısı alınsın".

Amerikalı həkimlər isə COVID-19 infeksiyasının  fəsadlarını üzə çıxarıblar. Xəstəliyin bəzi hallarda xəstə sağaldıqdan sonra belə ən azı üç ay ərzində qaraciyər toxumalarına zərər verməsinə dair ilkin sübutlar aşkar ediblər. Şimali Amerika Radiologiya Cəmiyyətinin yaydığı xəbərə görə, həkimlər Massaçusets Ümumi Xəstəxanasının 130 daimi xəstəsinin sağlamlığının monitorinqi zamanı əldə edilmiş qaraciyərin ultrasəs görüntülərinin müqayisəsi zamanı fibroz və koronavirus infeksiyasının inkişafı arasında əlaqəni aşkar ediblər.

Bildirilib ki, koronavirus qaraciyər fibrozunun inkişafına səbəb ola bilər. COVID-19 bu orqanın toxumalarına geniş miqyaslı ziyan vura və bu orqanın daxilindəki birləşdirici toxumada çapıqların yaranmasına yol aça bilər. Məhz bu amil qaraciyərin fəaliyyətini poza və zaman keçdikcə qaraciyər çatışmazlığına səbəb ola bilər.

Alimlərin sözlərinə görə, koronavirus təkcə ağciyərlərə və qaraciyərə təsir etmir, eyni zamanda beyin, burunun selikli qişası, qida borusu, qan damarları və ürək də daxil olmaqla digər bədən toxumalarının bəzi hüceyrələrini də zədələyir. Amerikalı həkimlərin son müşahidələri göstərir ki, bu fəsadların çoxu xəstələr sağaldıqdan sonra ən azı bir neçə ay davam edir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR