Onlayn ictimai-siyasi qəzet
Media nümayəndələrinin COP29-a akkreditasiyası üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) akkreditasiya platformasının fəaliyyətinə start verilib.
Musavat.com xəbər verir ki, bu gündən etibarən portal vasitəsilə dünyanın hər yerindən media nümayəndələri UNFCCC Katibliyinə akkreditasiya üçün müraciət edə bilərlər.
COP29 konfransı media nümayəndələri üçün planetimizin gələcəyini formalaşdıracaq konstruktiv müzakirələr, əlamətdar qərarlar və dayanıqlı gələcək üçün atılan birgə addımları dünya ictimaiyyətinə çatdırmağa unikal imkan yaradacaq.
Belə ki, COP29-a akkreditə olunmuş jurnalistlər konfrans çərçivəsində media üçün nəzərdə tutulmuş peşəkar məzmun və infrastruktura birbaşa çıxış əldə etməklə yüksək səviyyəli danışıqları əyani və ya onlayn şəkildə izləmək, konfransın rəsmi proqramına birbaşa çıxış əldə etmək, iqlim dəyişmələri sahəsində elmi və texnoloji yeniliklərdən xəbərdar olmaq kimi bir sıra imkanlardan, eləcə də konfransın rəqəmsal qlobal auditoriya platformasından yararlana biləcəklər.
COP29-un Yaşıl və Mavi zonalarına giriş imkanı yaradan akkreditasiya ilə jurnalistlər həmçinin tədbir çərçivəsində təşkil ediləcək mətbuat konfransları, brifinqlər və digər media tədbirlərinə qatıla biləcək, eyni zamanda tədbir məkanında yerləşən mətbuat mərkəzlərinə və media zonalara giriş əldə edəcəklər.
Yaşıl Zonaya girişi təmin edən akkreditasiya növü üzrə isə qeydiyyat COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən aparılacaq və yaxın zamanda elan ediləcək.
Bilavasitə UNFCCC tərəfindən müəyyən edilmiş tələb və prosedurlara əsasən təşkil olunan akkreditasiya prosesi Konvensiyanın rəsmi saytında mövcud olan qeydiyyat portalı vasitəsilə aparılmaqdadır. Akkreditasiya çap və onlayn media orqanları, televiziya və radio təmsilçiləri, fotojurnalistlər və digər media nümayəndələrinə təqdim olunacaq. Elektron platformada qeydə alınan ərizələr UNFCCC tərəfindən qiymətləndiriləcək və akkreditasiya məyarlarına cavab verən media nümayəndələri təsdiq bildirişini aldıqdan sonra asanlıqla qeydiyyatı tamamlaya biləcək.
Hər bir COP konfransında olduğu kimi bu il keçiriləcək COP29-a da geniş miqyasda media nümayəndələrinin qatılması gözlənilir. Bu səbəbdən, media iştirakçılığının səmərəli təşkilinin təmin edilməsi və bütün lazımi texniki hazırlıqların icrası üçün müraciətlərin qısa müddət ərzində təqdim edilməsi tövsiyə edilir.
Prosedurla bağlı daha ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına müraciət oluna bilər.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ