İnsanlara hürriyət, millətlərə istiqlal!

Çoban, satıcı, çilingər... – “sadə” Xruşovun zəngin həyatı

Rəsmi və qeyri-rəsmi tədbirlərdə Nikita Xruşovun tez-tez təkrarladığı bir ifadə olub: “Mən çobanlıq da etmişəm, zavodda da işləmişəm, indi isə Sovet İttifaqının rəhbəriyəm...”

Xruşov bununla öz keçmişini, sadə bir vətəndaş olduğunu xatırladıb, baş katib olmasına baxmayaraq, yenə də sadə həyat tərzinə üstünlük verdiyini diqqətə çatdırıb.

Maraqlıdır, həqiqətənmi Xruşov hakimiyyətdə olduğu illərdə sıravi vətəndaşlar kimi sadə yaşayıb?

XRUS.jpg (106 KB)

Düzdür, Xruşov İosif Stalindən fərqli olaraq xalq arasına tez-tez çıxıb, onları dinləyib, fikirlərini bölüşüb. Hakimiyyətə gəldikdən sonra özünün və digər dövlət məmurlarının mühafizəçilərinin sayını ixtisara salıb, vəzifə sahiblərinə qərb istehsalı olan avtomobillərdən, geyimlərdən, digər əşyalardan istifadəyə qadağa qoyub. Bəli, Xruşovun belə qadağaları çox olub, amma bu qadağaları o, özünə və ailəsinə tətbiq etməyib.

Yoxsul bir ailədə dünyaya gələn, uşaqlıq illərində başqalarının təsərrüfatında çobanlıq edib valideynlərinə maddi köməklik göstərən Xruşov hələ yeniyetməlik illərindən zəngin həyat tərzini arzulayıb və bu arzusuna gənclik illərində qismən də olsa, çatıb. Valideynləri Yuzovka (Donetsk) şəhərinə köçdükdən sonra o, bir müddət çəkməçi yanında köməkçi, daha sonra isə dükanda satıcı işləyib. Bu işlərdən gələn gəlirdən qane olmayan Xruşov çuqunəritmə zavodunda işə düzəlib.

Zavoddan aldığı əmək haqqından razı qalan gələcək baş katib xatirələrində həmin günlərə xüsusi yer ayırıb:

“Mən yaxşı çilingər idim. Buna görə də yüksək əmək haqqı alırdım. İlk maaşıma özümə velosiped almışdım. Həmin velosipedə kiçik mühərrik qoymuşdum. 1911-ci ildə mənim bu “ixtiram”a möcüzə kimi baxırdılar. Daha sonra özümə fotoaparat və saat da aldım. Yaxşı yaşayırdım. Ev kirələmişdim, yaşadığım evdə qonaq otağı, yataq otağı və mətbəx ayrı idi. Həmin dövrdə hamı belə evdə yaşaya bilmirdi, mənim qazancım isə buna imkan verirdi...”

Xruşovun sonrakı həyatında da maddi vəziyyəti pis olmayıb. Vəzifə pillələrini qalxdıqca daha da zənginləşib. Hakimiyyətə gəldikdən sonra isə tamahı bir az da artıb.

1953-cü ildə birinci kürsüyə sahib olduqdan sonra Nikita Xruşovun ilk qərarlarından biri öz maaşının 1000 rubl artırılması ilə bağlı olub. Daha sonra o, mənzil şəraitini yaxşılaşdırıb. Düzdür, vəzifə ranqına görə onun mənzil və bağla təmin olunmaq haqqı olub. Amma o, bu haqqı özünə bir neçə dəfə artıq haqq edib.

Moskvanın mərkəzi rayonlarından birində, Maroseyka küçəsində 4 otaqlı geniş mənzilə sahib olan Xruşov “Sahildəki ev”, yaxud da “Hökumət evi” kimi məşhur olan binada daha bir dördotaqlı geniş mənzilə sahib olub. Müşavirələrdə kommunistlərin şəxsi bağa sahib olmalarını az qala cinayət hadisəsi adlandıran Xruşovun Moskva ətrafında 3 bağı olub.

Xruşov yay istirahətini daha çox Krımda keçirdiyindən, hakimiyyətə gəldikdən sonra onun üçün Krımın ən səfalı guşələrinin birində iqamətgah tikilib. 1 nömrəli dövlət bağı statusunu alan bu iqamətgahda baş katib üçün bütün şərait yaradılıb. 14 otaqdan, 1 ziyafət və 1 müşavirə zalından, bir neçə hovuzdan, bir neçə idman meydançasından ibarət olan bağda Xruşov əsl padşahlara məxsus şəraitdə istirahət edib.

YEMEK SON.jpg (105 KB)

Dövlət məmurlarına xaricdə istehsal olunan əşyalardan istifadəyə qadağa qoyan Xruşovun qeyri-səmimiliyi və qeyri-sadəliyi onun məişətində daha qabarıq hiss olunub. O, üzünü sıravi sovet kişiləri kimi “Neva” ülgücü ilə deyil, ABŞ istehsalı olan “Gillette” ilə təraş edib. 1960-cı illərin əvvəllərindən isə baş katib Almaniya istehsalı olan “Braun” üzqırxanından istifadə edib.

Xruşov foto sahəsinə böyük maraq göstərib, təbiətə çıxanda, ova gedəndə özü şəkil çəkməyi xoşlayıb. O, əvvəllər sovet istehsalı olan “Zenit” fotoaparatından istifadə etsə də, sonralar onu İsveç istehsalı olan “Hasselblad” kamerası ilə əvəzləyib.

Xruşov həm də audio və video texnikasının həvəskarı olub. Onun həm bağ evlərində, həm də mənzillərində mövcud dövrdə sovet vətəndaşları üçün əlçatmaz sayılan çoxsaylı xüsusi rəng ayarları və akustikası olan xarici televizorlar, maqnitafonlar, radioqəbuledicilər sərgilənib.

Nikita Xruşov da İosif Stalin kimi öz bağında müntəzəm olaraq ziyafətlər təşkil edib. Stalin ziyafətlərə yalnız öz silahdaşlarını dəvət etdiyi halda, Xruşov həmişə tənqid etdiyi mədəniyyət və incəsənət xadimlərini də süfrəsi arxasında əyləşdirib və bu cür ziyafətlərdə o, saatlarla onlara “ağıl” verib, moizə oxuyub. Nikita Xruşov hədiyyə almağı sevdiyi kimi, hədiyyə verməkdə də xəsislik etməyib. Hər dəfə xarici ölkələrə səfər edəndə təkcə baş katibin öz xarici həmkarına və onun xanımına verdiyi hədiyyənin qiyməti həmin dövr üçün olduqca böyük məbləğ sayılan 250-300 min rubl civarında olub.

ELLER.jpg (52 KB)

Sovet liderləri arasında Leonid İliç Brejnevin adı daha çox avtomobil həvəskarı kimi hallansa da, Xruşov ondan heç də geri qalmayıb. Sadəcə Xruşov bir avtomobildən uzun müddət istifadə etməyi xoşlamayıb. Baş katibin şəxsi avtoparkı xaricdə istehsal olunmuş avtomobillərlə zəngin olub. Onun ən çox sevdiyi və ən fərqli avtomobili isə 1959-cu ildə ABŞ-a səfəri zamanı Amerika prezidentinin hədiyyə etdiyi tünd qırmızı rəngli “Cadillac Fleetwood 75” olub ki, dövrün avtomobil həvəskarları bu maşını əsl möcüzə adlandırıblar. Xruşov ona məxsus olan avtomobillərdən bir müddət istifadə etdikdən sonra onları böyük səxavətlə başqalarına hədiyyə edib. O, özünün həmin dövrdə SSRİ-də yeganə olan “Mercedes-Benz 300 SL” maşınını Leninqrad Elmi-Tədqiqat İnstitutuna verib ki, avtomobilin texniki göstəricilərini öyrənib SSRİ-nin avtomobil sənayesinə tətbiq etsinlər.

Baş katib çox qiymətli olan “Rolls-Royce Silver Cloud” maşınını internat evinə bağışlayıb. “Renault Florida”nı qızı Radaya, ikiyerlik “Fiat 2300”ü isə oğlu Sergeyə hədiyyə edib. Təbii ki, maşınlar səxavətlə sağa-sola paylandıqca Xruşovun qarajı yenilənib.

Özünü sadə sovet vətəndaşı kimi təqdim edən Xruşovun yalnız qarderobu sadə olub. Bu da onun zövqsüzlüyündən irəli gəlib. Necə ki, 1953-cü ildə əyninə 2-3 ölçü böyük olan boz rəngli kostyumla hakimiyyətə gəlibsə, 1964-cü ildə saray çevrilişi zamanı da həmin böyük ölçülü boz kostyumla Kremli tərk edib...

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR