Onlayn ictimai-siyasi qəzet
33 il əvvəl diplomatik münasibətlər quran Azərbaycan və BƏƏ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ümumiyyətlə, Azərbaycanın müsəlman ölkələri ilə münasibətləri yüksək səviyyəli siyasi və diplomatik əməkdaşlığa əsaslanır. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın bu həftə Qarabağa səfəri, ali qonağın Füzuli Beynəlxalq Hava Limanında qarşılanması siyasi və mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu, ilk növbədə, azad olunmuş ərazilərdə qurulan infrastrukturun bütün təhlükəsizlik standartlarına uyğun olduğunu təsdiqləyir. Digər tərəfdən, Qarabağ və Şərqi Zəngəzurda qurulan hava limanlarının təhlükəsizlik, beynəlxalq səfərlərin təşkili baxımından vacibliyini təsdiqləyir.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Nigar Məmmədova bildirib. Millət vəkili qeyd edib ki, Bakı ilə Əbu-Dabi arasında əlaqələr hər zaman yüksək səviyyədə olub:
“BƏƏ və Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, eləcə də digər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumundan 1 il sonra Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması siyasi münasibətlərin ali səviyyəyə qaldırılmasına hesablanıb. Bu tərəfdaşlıq qarşılıqlı maraqlara xidmət etmək, hər iki ölkədə davamlı inkişaf prioritetlərini artırmaq və regional, beynəlxalq sabitliyin gücləndirilməsinə sadiqliyi əks etdirir. İki ölkə rəsmiləri arasında keçirilən görüşlər, müzakirələr və qarşılıqlı səfərlər əlaqələrin unikal xarakterini göstərir. BƏƏ ilə Birgə Bəyannamədə müxtəlif istiqamətlər üzrə əməkdaşlığa dair müddəalar əksini tapıb. Ən vacib məsələlərdən biri sənəddə milli və regional təhlükəsizliyə təhdid yaradan vəziyyət olacağı təqdirdə məsləhətləşmələrin aparılması barədə maddənin yer almasıdır. Təsadüfi deyil ki, prezidentlərin görüşü zamanı diqqət yetirilən məsələlərdən biri regional təhlükəsizliyin təmin olunması idi. BƏƏ Prezidenti bu kontekstdə bəyan etdi ki, ölkəsi Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olmasına çox böyük əhəmiyyət verir, Azərbaycan başda olmaqla, bütün xalqların mənafeyi üçün bölgənin bütün ölkələri ilə əlaqələrini və əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır”.
N.Məmmədova vurğulayıb ki, BƏƏ hökuməti həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə minatəmizləmə fəaliyyətlərinə maliyyə dəstəyi göstərir: “Bu, Azərbaycanın ərazi bütövlüyünə və post-münaqişə dövründə bərpa proseslərinə verilən dəstəkdir. İqtisadi sahədə də qarşılıqlı maraq doğuran istiqamətlər kifayət qədərdir. Xüsusilə, Azərbaycanın bərpaolunan enerji növlərinin işlənilməsi istiqamətində BƏƏ strateji tərəfdaş və əsas investor kimi çıxış edir. Ölkəmizdə istifadəyə verilmiş ilk Günəş Elektrik Stansiyasının BƏƏ investisiyaları hesabına reallaşdırılması strateji tərəfdaşlığın nümunəsidir. Səfər zamanı imzalanan sənədlər və verilən bəyanatlardan aydın oldu ki, ikitərəfli əlaqələri gücləndirmək və genişləndirmək hər iki tərəfin marağındadır. Azərbaycan–BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında sənəd isə yeni dividendlər vəd edir. İki hökumət arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə komitənin yaradılması ilə də əlaqələr möhkəmlənib. Görüşlər, biznes forumlar keçirilir. Hesab edirəm ki, bu səfər ikitərəfli münasibətlərin daha da inkişafına təkan verəcək”.
Nigar HƏSƏNLİ,
Musavat.com
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ