Onlayn ictimai-siyasi qəzet
Çin və Qazaxıstan qarşılıqlı ticarətə maneələrin, xüsusən də termik emal olunmuş ətin tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə razılığa gəliblər. Musavat.com Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu razılıq Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin rəhbəri Arman Şakkaliyev və Çin Baş Gömrük İdarəsinin rəis müavini Sun Yuninq arasında Pekində aparılmış danışıqlarda əldə olunub.
Qazaxıstan qurumunun mətbuat xidmətinin yaydığı məlumata görə, Çinin müvafiq qurumlarının nümayəndələri Qazaxıstanın dabaq və quş qripi ilə mübarizə üzrə baytarlıq xidmətini qiymətləndirmək üçün respublikaya səfər etməyə hazırdırlar.
Nazirliyin bəyanatında qeyd olunur ki, Şakkaliyev Çin bazarına ixrac etmək məqsədilə Qazaxıstanın ət istehsalına böyük məbləğdə sərmayə yatırmağa hazır olan bir neçə Çin şirkəti ilə görüşlər keçirib.
Qeyd edək ki, bir neçə il əvvəl Çin respublikada dabaq xəstəliyinin yayılması ilə əlaqədar Qazaxıstandan ətin tədarükünü məhdudlaşdırmışdı. Məhdudiyyətlər tətbiq olunana qədər Qazaxıstanda 86 müəssisə Çinə heyvandarlıq məhsulları ixrac edirdi. 2022-ci ildə Qazaxıstan 1,06 milyon ton ət istehsal edib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ət ixracında əsas yeri Özbəkistan, BƏƏ və Küveyt tutur.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ