İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Qənizadə: “Vətən uğrunda canından keçənlər heç vaxt unudulmur”

Ali Baş Komandan İlham Əliyevin düşünülmüş strategiyası, milli həmrəyliyin, hərbi taktikanın və rəşadətli Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. İkinci Qarabağ müharibəsində qəhrəman əsgər və zabitlərimiz sinələrini sipər edərək Ermənistanın işğalçılıq siyasətinə son qoydu, canı, qanı bahasına torpaqlarımızı işğaldan azad etdi və ölkəmizin ərazi bütövlüyü təmin olundu. Özləri haqqında “yenilməz ordu” mifi yaradan Ermənistan silahlı qüvvələri rəşadətli Ordumuz qarşısında cəmi 44 gün davam gətirə bildi. Dünya birliyi Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Beynəlxalq aləmdə ölkəmizə qarşı olan təhdid və təzyiqlərə, həmçinin islamofobiyaya, ikili standartlara baxmayaraq, Azərbaycan haqq işi uğrunda mübarizədə Zəfər çaldı.

Bu fikirləri Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, bu tarixi Qələbənin qazanılmasında canından keçmiş şəhidlərimiz və sağlamlığını itirmiş qazilərimiz hər birimizin qürur mənbəyidir. Dövlət hər zaman şəhidlərimizin ailə üzvlərinə, qazilərimizə arxa-dayaqdır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını qurban vermiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, 27 sentyabr – Vətən müharibəsinin başladığı gün Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilib. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olan bu gün şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Dövlətimizin başçısının bu Sərəncamı bir daha təsdiqlədi ki, Vətən uğrunda canını qurban verənlər heç vaxt unudulmur. Həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibələrində canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsi daim uca tutulur, sağlamlıqlarını qurban verənlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Şəhidlərimizin adları əbədiləşdirilir və gələcək nəsillərə nümunə göstərilir. Bu, yetişən gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Onlar da görürlər ki, Vətən uğrunda canından keçənlər heç vaxt unudulmur.

Ç.Qənizadə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən hərbçilərimiz, onlara mənəvi dayaq olan arxa cəbhədə çalışan, eləcə də xarici ölkələrdə yaşayan hər bir soydaşımız, əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdiyini diqqətə çatdıraraq deyib ki, hərbçilərimiz həm dövlətimizin, həm də xalqımızın maddi və mənəvi dəstəyini hiss etdikcə daha böyük ruh yüksəkliyi ilə vuruşdular. Qürurverici haldır ki, həm müharibədən əvvəl, həm də müharibə başlayanda bir nəfər də olsun fərarimiz olmadı. Ancaq düşmənin döyüşçüləri arasında on minlərlə fərari var idi. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları, uşaqları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilmədi.

Komitə sədri bildirib ki, dövlət daim hər bir qazi və şəhid ailəsinin yanındadır. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən daim lazımi köməklik göstərilir. İndiyədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda, eləcə də digər rayonlarda mənzillər verilib. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili təqdim olunub. Bu proses davam edir. Hazırda Bakıda, eləcə də respublikamızın digər rayonlarında şəhid ailələri və qazilərimiz üçün yeni mənzillər tikilir.

Ç.Qənizadə deyib ki, ölkəmizdə şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsinin daha da gücləndirilməsi və əlavə dəstək verilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, müvafiq qərarlar qəbul edilir, fərman və sərəncamlar imzalanır. Bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi olan “YAŞAT” Fondunun yaradılmasıdır. İndiyədək Fonda milyonlarla manat vəsait toplanıb. Həmin vəsait şəhid ailələrinin qaşılaşdıqları problemlərin aradan qaldırılmasına, eləcə də sağlamlıqlarını itirmiş müharibə iştirakçılarının xarici ölkələrdə müalicəsinə və keyfiyyətli protezlərlə təmin olunmasına xərclənir. Azərbaycan şəhid ailələrinə və qazilərə göstərilən qayğıya görə dünya miqyasında nümunə sayılacaq ölkələrdəndir.

Hüquq müdafiəçisi sonda deyib ki, Prezident İlham Əliyevin xalqa müraciətlərində şəhidlərimizin daim bizim qəlbimizdə yaşayacağını bildirərək deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR